Bu ilin fevral ayından başlayaraq Azərbaycanda valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli dərəcədə azalmaqdadır. Cari ilin II rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı açıqlama yayıb.
Bildirilib ki, yaranmış meyillər dünyada koronavirusa (COVID-19) qarşı uğurla həyata keçirilən vaksinasiya fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasətdən təsirlənir:
"Hazırda hərraclarda Dövlət Neft Fondunun (ARDNF) qrafikə uyğun satıla bilməyən vəsait 364 milyon ABŞ dolları təşkil edir. İlkin qiymətləndirmələrə görə, I rübdə ölkənin cari əməliyyatlar balansında ümumi daxili məhsulun (ÜDM) 5,6%-i qədər qalıq olub. Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir".