Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması ölkədə böyük rezonans doğurdu. Hətta parlament jurnalistlərinin soyuqqanlı adam kimi xarakterizə etdikləri deputat Mübariz Qurbanlı da Lökbatan qəsə-bəsinə gedərək, mərhumun əzizlərinə başsağlığı verdi. Əgər həmin vaxt vitse-spiker Bahar Muradova əlinə dəsmal götürüb, göz yaşı axıtsaydı, zərrə qədər də təəccüblənməyəcəkdim...

Hakimiyyət Qarabağ qazisinin intiharına adekvat reaksiya verdi. İndi məlum olur ki, Zaur hələ canını tapşırmamış onun bütün borcları son qəpiyinə kimi ödənilib. Zaur Həsənov dünyasını dəyişəndən sonra isə həm dövlət, həm də imkanlı adamlar "kisə"nin ağzını açdılar. Halbuki cəmi bir ay əvvəl həmin pulun 10 faizini Zaura versəydilər, bu gün o, balalarını başına yığıb, müharibə xatirələrini danışırdı. Zaur Həsnov öz faciəli ölümü ilə sovet dövründə çox populyar olan bu misranı yenidən aktuallaşdırdı: "Sağlığında qiymət verin insanlara!"

Zaur Həsənov ölümü ilə digər Qarabağ qazilərinə də öz problemlərini ictimailəşdirmək üçün güc verdi. Zaurun ardınca Yusif Rzayev adlı müharibə əlili ölkə rəhbərliyindən kömək istədi. Sən demə, Zaur kimi Yusifin də mülkiyyət hüquqları pozulub. Yəqin ki, tezliklə Yusif Rzayevin qaldırdığı problem də öz həllini tapacaq. Zaur təkcə özünü deyil, Qarabağ qazilərinin yolunun üstündəki maneələri də yandırdı. İndi hakimiyyət müharibə əlillərinin problemlərini həll etmək üçün yollar axtarır. Sabah Məmməd Məmmədov, yaxud Əhməd Əhmədov adlı Qarabağ qazisinin özünü yandırmayacağına heç bir təminat yoxdur. Siz hakimiyyətin təmkinli davranmağına baxmayın, Zaur Həsənov özü ilə birlikdə bir neçə məmurun kar-yerasına da od vurdu. Tüstüsü sonra çıxacaq...
Azərbaycanda təkcə Qarabağ qazilərinin vəziyyəti ağır deyil. Müəllimlər, həkimlər, o cümlədən digər büdcə təşkilatlarının əməkdaşları da xoşbəxt yaşamırlar. Əgər sabah bir müəllim, yaxud hansısa həkim sosial çətinliklərə dözməyib, özünə od vursa, nəzərlər bu istiqamətə yönələcək və biz bu adamların nə qədər acınacaqlı durumda yaşadıqlarının şahidi olacağıq. Hökumət özündə təpər tapıb, əhalinin aztəminatlı təbəqəsinin gün-güzəranını yaxşılaşdırmaq üçün konkret tədbirlər görməsə, ölkədə özünü yandı-ranların sayı daha da artacaq. Alov həmişə qığılcımdan törəyir.
Uşaq olanda bizə öyrədirdilər ki, Azərbaycan odlar diyarıdır. Amma çalışmaq lazımdır ki, Azərbaycan özünü odlayanların diyarına çevrilməsin. Od müqəddəs olduğu qədər də təhlükəlidir. Çünki atəş təkcə düşdüyü yeri yandırmır, həm də ətrafa ziyan vurur. Bəzən istisinə qızınmayanlar da onun tüstüsündə boğulurlar. Ќə qədər ki, gec deyil, odun üstünə su tökmək lazımdır. Yanğının qarşısını isə ölkədə ədaləti bərpa etməklə almaq olar.