İctimai Televiziya və Radio Yayımları Şirkəti "Avroviziya - 2021" Beynəlxalq Mahnı Müsabiqəsi üçün musiqi qəbulunu başa çatdırıb.
Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov bildirib ki, seçim mərhələsinə yerli və xarici müəlliflərdən 229 kompozisiya təqdim olunub.
"Komandamız hər bir mahnını layiqincə qiymətləndirmək üçün musiqiləri bir neçə dəfə dinlədi. Onların arasında həqiqətən gözəl kompozisiyalar var idi, onlardan altı ən yaxşısı bizim şort-listimizə düşmüşdü. Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışdıq. Lakin bu il də ilk növbədə biz onun ifaçı ilə nə dərəcədə uzlaşacağını nəzərə alırdıq", - deyə bəstəkar və prodüser İsa Məlikov qeyd edib.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, Avropa Yayım Birliyinin (AYB) tələblərinə uyğun olaraq, hər bir mahnının müddəti 3 dəqiqədən çox olmamalıdır. Seçim prosesinə əsasən, mahnı növbəti mərhələdə müxtəlif ölkələrdən olan 50-dən çox "Avroviziya" mütəxəssisindən ibarət beynəlxalq fokus-qrupunun səsverməsi əsasında seçiləcək.
Mahnının rəsmi təqdimatı martın ikinci həftəsində baş tutacaq. Müsabiqədə ölkəmizi müğənni Əfəndi təmsil edəcək.
Bu il "Avroviziya" mahnı müsabiqəsinin yarımfinal mərhələsinin mayın 18-i və 20-də, final mərhələsinin isə mayın 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcəyi planlaşdırılır/Report.