Tədbirin vaxtı dəyişdirildiyi üçün gecə saat 4-də yola çıxdıq. Beynəlxalq avtovağzalda müştəri haraylayan gənc məni və TUMİB sədri Çingiz Bayramovu ədəb-ərkanla qarşılayıb, hər ikimizə öz yanında yer göstərdi.

Avtobusumuz Sahil qəsəbəsinə yaxınlaşanda sürücü ilə məndən başqa hamı mürgü döyürdü...

Şirvana kimi söhbət etdik. Gecə yarısına qədər kompüterin qarşısında oturmağım öz təsirini göstərməyə başlayırdı. Kipiklərim bir-birinə qovuşmağa can atsa da, birtəhər yuxunu özümdən uzaqlaşdırmağa çalışırdım. Avtobusumuz Kürdəmir rayonunun ərazisinə daxil olanda Çingizin qoluna toxundum: "Daha mən dözə bilmirəm. Sürücünü söhbətə tut, çalış ki, yatmasın".

Yuxusuna haram qatdığım üçün Çingiz Bayramov məndən narazı qalsa da, dərhal sürücü ilə söhbətə gi-rişdi. Tələbə yoldaşımı yaxından tanıdığım üçün onun mənzil başına çatana kimi söhbətə ara verməyə-cəyini düşünüb, gözümün acısını almağa qərar verdim. Amma çox keçmədən sürücünün səsinə oyan-dım: "Yarım saat yemək fasiləsidir. Heç kim gecikməsin".

Əsəblərim tarıma çəkildiyi üçün tanımadığım bu cavan oğlanın üstünə qışqırdım: "Bu vaxt yemək yeyərlər? Camaatı niyə yuxudan oyadırsan?"

Sürücü halını da pozmadı: "Kim istəyir, düşməsin. Mən bu restoranın yanından düz keçsəm, atamı yan-dırarlar".

Jurnalist marağı güc gəldiyi üçün səsimə bir qədər mülayimlik qatdım: "Bu restoranın sahibinin qarşısın-da sənin hansı öhdəliyin var?"

Oğlan pıçıltı ilə cavab verdi: "Müəllim, "Şirvan" restoranı Nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. Burda dayanmayan avtobusları Bakıda avtovağzala buraxmırlar".

Maraqlı informasiyaya görə sürücüyə təşəkkür edib, çay içməyə getdik.

Yarım saat sonra avtobusumuz yoluna davam etdi. Çingiz yerini rahatlayan kimi yuxuya getdiyi üçün sürücünün başını qatmaq yenə mənim öhdəmdə qaldı. Canımın dərdindən onun gic, mənasız suallarını birtəhər cavablandırırdım. Ağdaş rayonunun Ləki qəsəbəsinə çatanda oğlan suallarına ara verdi. Onun məni daha çox yormaq istəmədiyini düşünüb, rahat nəfəs aldım. Cəmi bir neçə saniyə sonra gördüyüm mənzərdən dəhşətə gəldim. Sürücü başını sükana söykəyib, yuxuya getmişdi. Ќecə qışqırdımsa, təkcə sürücümüz deyil, avtobusdakı sərnişinlərin hamısı dik atıldı. Sürücünün üstünə bağırdım: "Niyə yatırsan?"

Oğlan halını da pozmadı: "Siz 3 gün yuxusuz qala bilərsiniz?"

Bu dəfə sərnişinlər sürücünü məzəmmət etdilər: "Əgər gündüz yatmamısansa, niyə gecə yola çıxırsan?"

Sürücünün cavabı belə oldu: "Avtobus üçün ayda 612 manat pul ödəyirəm. Üstəlik, hər gün bir dünya plan verirəm. Atam müharibə əlilidir, 3 aydan bir onun müalicəsi üçün 350 manat pul xərcləyirəm. Evin yükü də mənim çiynimdədir. Əgər mən də sizin kimi gecələr yatsam, bu qədər pulu necə qazanaram?"

Heç kimdən səs çıxmadı. Oğlan sürəti bir qədər də artırdı. Avtobusumuz qarşıdan gələn "Mercedes"in yoluna çıxanda ona növbəti dəfə xəbərdarlıq etdim. Sürücümüz gözünü yoldan çəkib, mənə tərəf çevrildi: "Narahat olmayın, məni heç kim tuta bilməz. Cibimdə "dəlilik kağızı" var".

Bu dəfə Çingiz Bayramov dilləndi: "Bəs, necə oldu ki, sənə avtobus sürməyə icazə verdilər?"
Oğlan əvvəlki səmimiyyətlə söhbətinə davam etdi: "Ziya Məmmədov atamın köhnə tanışıdır. Buna gö-rə də nəqliyyat müfəttişləri mənə ilişmirlər".

Gəncəyə çatanda avtobusu saxlatdırıb, sakitcə aşağı düşdük. Digər sərnişinlər isə yola davam etdilər. Ci-bində "dəlilik kağızı" olan sürücü onları Azərbaycan-Gürcüstan sərhəddində yerləşən "Sınıq körpü" buraxılış məntəqəsinə aparırdı. Bu cavan oğlanın hətta sərhəddi keçib, öz sərnişinlərini birbaşa Tiflisə apa-ra biləcəyinə artıq zərrə qədər də şübhəm yox idi. Axı, onun Ziya Məmmədov kimi "dayı"sı var...