Bəzən metroda, avtobusda kitab oxuyarkən üzərimdə baxışlar hiss edirəm. Bu baxış sahiblərinin sifə-tində çox vaxt belə bir sual olur: "Görəsən, insan vərəqlərə gözünü dikməklə hansı ləzzəti ala bilər? Vərəqlərdə necə bir xeyir ola bilər?"
İnanın, hətta bir-iki dəfə belə sual verən
olub: "Kitab oxuyanda nə olur?"
Əslində isə sual belə qoyulmalıdır: "Kitab oxuyanda adama pul verirlər?
Bəs vermirlərsə niyə adam ki-tab oxumalıdır?"
Əlbəttə, "kimi s...k irəli düşək" (nöqtələrin yerini lütfən özünüz doldurun), "soğan olsun, nağd olsun",- kimi iyrənc sözləri həyat fəlsəfəsinə çevirən adamlara oxumağın necə gözəl məşğuliyyət və vərdiş olduğunu başa salmaq çətindir. Hər şeyi alverə çevirən, hər şeydən pul qazanmaq istəyən, hər şeyi pul kimi görən, hər şeydən mənfəət götürməyə cəhd edən tacir təfəkkürlü adamlara oxumağın necə gözəl bir vərdiş olduğunu anlatmaq çətin məsələdir. Onlara heç enerji sərf etməyə dəyməz.
İsa peyğəmbərin təbirincə desəm, mirvariləri donuzların ayaqları altına atmaq lazım deyil. Ona görə ki, donuzlar mirvarinin nə olduğunu bilmirlər və mütləq bu donuzlar öz peyinli ayaqları ilə mirvariləri tapdalayacaqlar.
Vərəqlər
qarışmasın deyə, kitabın arasına həmişə ya vizit kartı, ya da reklam vərəqələri
yerləşdirirəm. Şəhərdə gəzərkən reklam
vərəqələri paylayan adamların əlin çox vaxt geri qaytarmıram. Bu vərəqələr mənə
yalnız kitabların arasına yerləşdirmək üçün lazım olur. Kitabın vərəqlərini
qatlamağı heç sevmi-rəm. Kitabın vərəqlərini qatlayan, kitabı zədələyən
adamlara qarşı tolerant ola bilmirəm.
İndi ağlıma bir fikir gəlib. Kitabın arasına daha reklam vərəqi, vizit kartı yox, yüz manatlıq əskinaz qoymaq istəyirəm. Səbəbi sadədi. Küt baxışların sahibləri ilə sadəcə məzələnmək istəyirəm. Vəssalam. Başqa bir niyyətim yoxdur. Kitabı açırsan, yüz manatlıq əskinazı başqa vərəqin arasına qoyursan. Kitabı örtəndə yenə də yüz manatlıq əskinazı lazım olan yerə qoyursan. Sakitcə. Saymazyana.
Yaxınlarda kulis.az saytında rus yazıçısı Zaxar Prilepinin müsahibəsini oxudum.
Müsahibədə hörmətli yazar mütaliənin faydası ilə bağlı xeyli dəyərli fikirlər
səsləndirib. Mütaliə ilə, oxumaqla bağlı dediyi fikirlər çox mükəmməldir.
Publisistin işi həm də lazımlı mətnlərin yerini nişan vermək, dəyərli fikirləri
tirajlamaqdır. Əgər bir mətn bizim fikirlərimizi ifadə etməyə kömək göstərirsə,
biz niyə həmin mətndən dönə-dönə istifadə etməyək? Bu mənada Zaxar Prilepinin
müsahibəsində söylədiyi bəzi fikirləri təzədən tirajlamağı özümə borc bilirəm.
Z.Prilepin müsahibəsində deyir: "...İnsan
arxayın olur ki, "informasiya əsrində" yaşayır, guya hər gün yeni bir
şey öyrənir, əslində isə sa-vadlı adamların sayı şiddətlə azalır. Az vaxtda Vikipediyada qısa arayış əldə etmək bizi
intellektual etmir. Səbəb odur ki, biz informasiya əsrində deyil, xaos əsrində
yaşayırıq. Və heç kim Facebookda 40 min sa-at vaxt keçirməklə başqa adam
olmayacaq. Amma rus klassiklərinin 20 cildliyini və ya fransız ədəbiyyatı-nın
20 cildliyini oxuyan adam dəyişəcək. Tamam başqa adam olacaq...
...Siz
uşaq olanda nəsə bir şey oxumsunuz, amma sizin uşağınız heç nə oxumur. Sizin uşağınız sizdən ba-şıboş olacaq, nəvəniz isə
uşağınızdan da başıboş olacaq. Beləcə, bütöv xalqlar öz ərazilərini, hətta
dillərini itirirlər...
...Dil
təkcə on minlərlə söz ehtiyatı deyil, milli mifin, poeziyanın, mədəniyyətin
məkanıdır. Çünki oxumağı unudan millət,
öz mifologiyasını, Yeseninin misralarını unudan millət, kütləyə çevrilir...
...Deyə bilərsiz ki, XV əsrdə əhalinin heç 98 faizi oxumurdu. Bəli. Amma onda hər 100 nəfərdən 99-u əz-bərə 100 mahnı, 100 atalar sözü, 100 nağıl bilirdi. Onlar mifoloji məkanda yaşayırdılar, internetdə yox. Ana laylasını, qocaların söhbətlərini eşidərək, bir anda ona bağlanırdılar...
...Kimdən istəyirsən, soruş ki, niyə oxumursan? Deyəcək, vaxtım yoxdur. İndicə Moskvadan Nijniy Novqoroda qayıtmışam. Beşə qalmış minmişik, saat doqquzda çatdıq. Qatarda hamısı şəhərli adamlardı, iki böyük şəhərin sakinləri. Təqribən 40 nəfərə yaxın adam var, hamısı da orta gəlirli adamlar. Qatarda gələ-gələ 5 saat pəncərədən baxıblar. Soruşsan niyə oxumurlar, deyəcəklər o qədər iş, qayğı var ki, oxumağa vaxt yoxdur. Amma 172 seriyalıq seriala və futbol matçına baxmağa vaxtları var. Başa düşün, mən kimisə təhqir etmək fikrində deyiləm, amma kimsə məndən soruşsa ki, niyə modda olan ən son ameri-kan serialına baxmamışam, yalandan deməyəcəm ki, vaxtım yoxdur. İstəsəydim vaxt tapardım. Deyəcəm ki, vaxtıma heyfim gəlir. Başqalarının da mütaliəyə vaxt ayırmağa heyfi gəlir. Qoy onda öz məşğuliyyətləri barədə yalan danışmasınlar ...".
Dəqiq söhbətdi. Bu gün bir çox insanlar
oxumamaq üçün min bəhanə gətirirlər. Necə gülməli bəhanələr söylədiklərindən
deyəsən, heç xəbərləri də yoxdu. Əsas bəhanələrindən biri guya vaxtın az
olması, yaxud vaxtın heç olmamasıdır. Yaxşı, bəs bu insanlar oxumağa vaxt
tapmırlarsa, bəs öz vaxtlarını nəyə sərf edirlər? Vaxt yoxdursa, bəs
səsli-küylü şadlıq evində altı-yeddi saat necə otururlar? Oxumağa vaxt
yox-dursa, iki-üç saat dayanmadan toyda necə atlanıb-düşürlər? Oxumağa vaxt
yoxdu, amma saatlarla oyun oynamağa, seriala baxmağa, sosial şəbəkələrdə
saatlarla avaralanmağa vaxt tapırlar.
"Oxumağa vaxtım yoxdur",- demək, çox gülməli və düşük bəhanədir. Sosial şəbəkələrdə dəyərli vaxtını boş-boşuna xərcləyən, sevgi varmı, həyat nədi, xoşbəxtlik necə olur kimi abstrakt mövzularda saatlarla mənasız müzakirələr aparan sosial avaralar bir az səmimi olsalar, açıqca deyərlər - mən oxumaq istəmirəm.
O boyda Amerikanın prezidenti Barak Obama oxumağa vaxt tapır, amma bizim "superməşğul" adamlarımız oxumağa vaxt tapmırlar. Oxumamaqları cəhənnəm, bu sosial avaralar üstəlik, oxumağın vecsiz bir iş olduğunu başqalarına da sübut etmək istəyirlər. Ən böyük arqumentləri isə öz boz və mənasız həyatlarıdır. Guya oxumadan da həyatda uğur əldə etmək mümkündür. Heç bir ruh dünyası olmayan, mənəvi cəhətdən axsayan bu adamların düşüncəsinə görə, həyatda uğur əldə etmək üçün əsla oxumaq, savadlı olmaq lazım deyil, nəsə başqa şeylər lazımdır. Başqa şeylərin adını isə sadalamaq istəmirəm. Çünki bu haqda çox yazmışam təzədən dastan açmağa halım yoxdur...
Bəzi
gənc dostlar yolu kəsə getmək istəyirlər. Onlar
tənbəllik edərək bütün informasiyaları görüntüdən, kinolardan, videolardan
almaq niyyətindədirlər. Əlbəttə, görüntüdən informasiya almaq vacibdi, günümüz
bunu tələb edir. Lakin müşahidələr göstərir ki, bir insan özünü yetişdirmək, öz
daxilini nurlandırmaq istəyirsə, mütləq kitab oxumalıdır. Təkcə görüntüdən
informasiya almaq yetərli deyil. Burda "xaltura" etmək mümkünsüzdür.
Kim "xaltura" edəcəksə, özü-özünü aldadacaq və öz həqiqətinə gedən
yolu daha da uzadacaq. "Bir qalanın sirri" filmində olduğu kimi, əgər
kəmərin bağlanmağını istəyirsənsə, mütləq oturub oxumalısan. Vəssalam. Başqa
yol yoxdur. Tarix bunu sübut edib. Necə
deyərlər, kitab oxuyanlar daima televizora baxanları idarə edəcəklər. Ola
bilsin ki, bizim ölkədəki vəziyyət indi kitaba qarşı ironiya ilə yanaşanların
əlinə əlavə bəhanələr verib, biz təkcə Azərbaycandan danışmırıq. Biz dünyadan
danışırıq. Yox, əgər əziyyət çəkmədən həm də ağıllı olmaq istəyirsənsə, o zaman
istədiyin qədər biclik edə bilərsən. Yalnız bir məqamı unutmaq lazım deyil.
Belə adamlar hər şeydən əvvəl özlərini aldadırlar. Özləri öz bicliklərinin
qurbanına çevriləcəklər. Nədən ki davamlı və sistemli oxumadan ağıllı görünmək
istəyən adamların fikirlərində onurğa olmur. Onların beynində daima
başqalarının fikri dolaşır. Onlar tutuquşu kimi daima başqalarının fikrin
təkrar edirlər. Baş verənlərə özlərinin münasibəti yox dərəcəsindədir. Çünki
onların başları, məsələlərə öz normal münasibətlərini bildirməyə yararlı deyil.
Onlar çox vaxt başqalarının fikirlərindən lazımi məqamda istifadə etməyi
bacarmırlar. Tam tərsinə, başqaları-nın fikirləri onları daha da dolaşıq
vəziyyətə salır, onların işini çətinləşdirir. Beləcə, öz həqiqətlərinə doğru
gedən yolu qısaltmaq əvəzinə onu daha da uzadırlar və əksər hallarda azırlar..
Oxumaq hər şeydən əvvəl bir vərdişdi.
Həzrəti Əli deyirdi: "Elm və mərifət elə bir sərvətdir ki, onu heç kim insanın əlindən ala bilməz".
Bəli, çox doğru fikirdir. Maddi sərvət bir saatın içində adamın əlindən çıxa bilər. Həyatda belə hadisələr çox olub. Lakin elm və mərifət elə bir sərvətdir ki, bu sərvətə yiyələnən adamlar ömür boyu bu sərvətə sahib olaraq qalırlar. Heç kim bu sərvəti insanın əlindən ala bilməz.
Bir insanın gündə 5, 10, 20, 30, 40, 50 səhifə kitab oxumasına heç nə mane ola bilməz. İnsan günə 5, 10, 20, 30, 40, 50 səhifə kitab oxumaq üçün vaxt tapa bilmirsə, problem onun həyata baxışında, həyat tərzinin düzgün olmamasındadır. Əgər insan israrla vaxtın olmamasını bəhanə gətirirsə, deməli, həmin adam cığallıq etməkdən əlavə həm də böyük ustalıqla yalan danışır. Bəribaşdan mən kitab oxumuram, mən kitab oxumaq istəmirəm desə, daha səmimi görünər.
Rus
yazıçısı Zaxar Prilepinin müsahibəsini oxuyandan sonra qaynar.info saytında
ingilis yazıçısı Nil Geymanın mütaliənin faydası haqqında mühazirəsini oxudum.
Oxumağın faydası haqqında həmin
mühazirədə yazıçı deyir: "2007-ci ildə mən Çində idim, partiya tərə-findən
ilk dəfə bəyənilmiş elmi fantastika və fentezi üzrə məclisdə. Hansısa bir anda
mən hakimiyyətin rəsmi nümayəndəsindən soruşdum: Niyə indi? Axı elmi fantastika
uzun müddət bəyənilmirdi. Nə dəyişdi ki bəyəndiniz? Hər şey çox sadədir, - o, mənə dedi. Çinlilər əgər onlara sxemlər
gətirilirdisə, çox gözəl şeylər yaradırdılar. Amma heç nəyi yaxşılaşdırmır və
özləri ixtira etmirdilər. Və buna görə də onlar ABŞ-a, Apple, Microsoft, Google
şirkətlərinə nümayəndə heyəti göndərdilər və gələcəyi müəyyənləşdirmiş
insanlardan soruşdular. Və aşkar etdilər ki, onlar uşaq olarkən elmi fantastika
oxuyurdular...
Bir dəfə Albert Eynşteyndən soruşurlar ki, necə edək, uşaqlarımız ağıllı olsunlar. Onun cavabı sadə və müdrik olur: "Əgər siz istəyirsinizsə ki, uşaqlarınız ağıllı olsunlar, onlara nağıl oxuyun. Əgər siz istəyirsinizsə ki, onlar daha da ağıllı olsunlar, onlara daha çox nağıl oxuyun".
Eynşteyn oxumanın və təxəyyülün dəyərini dərk edirdi. Mən ümid edirəm ki, biz uşaqlarımıza onların oxuyacağı və onlara oxunulacaq, onların düşünəcəkləri və anlayacaqları dünyanı ötürə biləcəyik.
Bu sözlərdən sonra yazıya nəsə əlavə etmək yersizdi. Düşünmək və nəticə çıxarmaq artıq adamların özlərinin mənəvi borcudur. Necə deyərlər, tarixin inkişaf xətti ortadadı. Bu gün ən zəlil gündə yaşayan xalqlar və toplumlar kitabdan və elmdən uzaq düşən xalqlardı. İnanmırsınızsa, dünya xəritəsini qoyun qarşınıza və baxın. Görəcəksiniz ki, yetim günündə yaşayan xalqlar kitabdan və elmdən uzaq olanlardı. Rifah içində yaşayan və güclü xalqlar isə kitaba və elmə dəyər verəndir.
Oxumağın faydası, kitabın əhəmiyyəti haqqında çox böyük şəxsiyyətlər xeyli fikirlər səsləndiriblər. Qalır, ona əməl etməyə və adam kimi yaşamağa. Necə deyərlər, kitabı zibil yeşiyinə atan xalqı, tarix özü zibil qutusuna atacaq.