Bir müddət əvvəl Nəqliyyat naziri Ziya Məmmədov "85 saylı Yol İstismarı” MMC-nin direktoru vəzifəsində çalışan qardaşı Nəriman Məmmədovun işdən çıxarılmasına təxminən belə münasibət bildirmişdi: "Qardaş mənimdir, özüm bilərəm niyə işdən çıxarmışam. İstəsəm, sabah başqa vəzifəyə təyin edərəm”.

İnsanların uzun müddət eyni vəzifədə çalışmasının ən pis cəhəti odur ki, bəzi adamlar elə bilirlər oturduqları kürsü onalra atalarından miras qalıb. Buna görə də ictimai qınaqla üz-üzə qalanda "özüm bilərəm” deyib, aradan çıxmağa çalışırlar. 20 il eyni kürsüdə əyləşən adamdan başqa davranış gözləmək də mümkün deyil.

Ziya Məmmədov Azərbaycanda ictimai rəyə ən çox tüpürən nazirdir. Bunun nəticəsidir ki, nəqliyyat müfəttişləri cibində sürücülük vəsiqəsi gəzdirən adamların ən azı yarısını qapazaltı ediblər. Elə həftə olmayıb ki, Ziya Məmədovun qoçularının hansısa zavallı sürücünü qanına qəltan etməsi barədə xəbər eşitməyək. Təkcə Bakıda deyil, rayonlarda da sürücülər nəqliyyat müfəttişlərinin əlindən qan ağlayırlar. Amma bu günə kimi hansısa nəqliyyat müfəttişinin cəzalandırıldığının şahidi olmamışıq. Çünki bu adamlara rəhbərlik edən Ziya müəllim ötən əsrin 90-cı illərindən bəri məsul vəzifədə çalışsa da, dövlət adamı kimi formalaşa bilməyib. Ziya Məmmədov elə bilir ki, Nəqliyyat Nazirliyi ona ulu babalarından miras qalıb. Azərbaycanda məmurların vəzifədən ikiəlli yapışmasının bir səbəbi də elə budur. Heç kim "ata mirası”nı "yad əllər”ə etibar etmir.

Nəqliyyat sektorunda qanunsuzluqların baş alıb getməsinin günahı təkcə Ziya Məmmədovda deyil. Təəssüf ki, hüquq-mühafizə orqanları da nəqliyyatda qoçuluq edən bu adamlarla bağlı tədbir görməyə həvəs göstərmirlər. Azərbaycan qanunları Ziya Məmmədovun yekəboyun müfəttişlərinin ayqları altına atılır. Çünki qanunçuluğun keşiyində dayanmalı olan adamların özləri də dövlətçilik hisslərindən məhrumdurlar.

Yəqin ki, xəbəriniz var, Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədovun sosial şəbəkələrdə paylaşdığı şəkillər ölkədə böyük ajiotaj doğurdu. Virtual aləmdə baş verən yenilikləri yaxından izlədiyim üçün mən də həmin şəkillərlə tanış olmuşam. Aydın məsələdir ki, 26 yaşlı Aynar Məmmədov anadan olduğu gündən Milli Məclisdə indiki vəzifəsində çalışsaydı, aylıq maaşı ilə həmin avtomobillərin təkərlərini belə ala bilməzdi. Amma hazırda məni Aynar Məmmədovun həmin maşınları hansı pulla almağından çox yenidən sosial şəbəkələrə dönüşü maraqlandırır. Məlum olduğu kimi, yerli mətbuat Aynar Məmmədovun bahalı maşınlarının şəkillərini tirajlayandan sonra o, instaqram səhifəsini bağlamışdı. Aynar Məmmədovun yenidən instaqrama qayıtması onun ictimai rəyə əhəmiyyət vermədiyini göstərir. Heç şübhə yoxdur ki, gənc Aynar ictimai rəyə tüpürməyi əmisindən öyrənib...