Şriftin ölçüsü / 1263 dəfə oxunub

24 ildir "gecikən" məktub

11 Aprel 2018 [16:17]

Zaur ƏHMƏD

****

Aprel… Bəlkə bu ayın adını dəyişək. Hüzn, qürur, şərəf, acı, qələbə, zəfər, bəlkə şəhidlər… Hamısı var bu ayda.

Apreldə Atam dünyaya gəlib. 35 il sonra da elə apreldə bu dünyadan Şəhidlər diyarına köçüb. O diyara ki, orda cəsarət, vətən sevgisi, qeyrət, milli ruh keçərlidir. O diyara yalnız bu keyfiyyətləri olanlar köçür. Özü də şəhid olduqları an necə idilərsə, o cür də qalırlar. Nə qocalırlar, nə gəncləşirlər. Zahirən hər kəs nurlu olur. Nurlu insanlar diyarı. Yox, nə insan? ŞƏHİDLƏR diyarı…

Düz, 24 ildir aramızda deyil Atam. Amma ruhu bizimlədir, mənimlədir. Bəzən elə qürurlu, cəsarətli, qeyrətli, güclü, nurlu oluram ki… Özümə də qəribə gəlir ki, bu, mənəmmi? Təbii ki, mən təklikdə elə olammıram. Atamın şəhid ruhu ruhuma toxunur, "yanındayam” deyəndə sanki başqalaşıram, güclənirəm, təmizlənirəm…

24 il… Bu illərin çoxu ağır keçib. İlk vaxtlar qürur duyacaq anlayışda deyildim. Amma nəsə onun ölmədiyini hiss edirdim, yoxluğuna başqa anlam verməyə çalışırdım. Həyat hər şeyi anlatdı, zaman hər anı ilə gerçəyi göstərdi.

Ata…Daha sən yoxsan da demək olmur. Varsan axı. Sadəcə, biz görənmirik. Zirvədəsən, ucalardan ucasan, əlçatmazsan. Yerin bəlli, yurdun bəlli. Dedim axı, Şəhidlər diyarı. Bəlkə də cənnət…

Sənə nə məktub yazım, nə xəbər edim, zatən zirvədən hər şeyi görürsən.

Biz üzü zirvəyə baxa bilmirik. Hansı üzlə baxaq axı. Yanına gəlməyə üzümüz yox. Sənin yanına başıaşağı gəlməkmi olar? Deməzmisənmi ki, bu 24 ildə qeyrətinizə necə sığışdırıb Vətəndə vətənsiz olmusuz. Ya ölün, ya da…

Bəlkə də elə buna görə 24 ildə sənə yetişməyən məktublar yığılıb üst-üstə. Sən qeyrətinə vətənsizliyi sığışdırmayan adamlardan oldun. Odur ki, zirvədəsən. Biz isə hələlik buyuq…

Hər kəsə atasından miras qalır. Var-dövlət qoyanlar oldu – yedin, içdin, xərclədin. Vəzifə verənlər oldu – zaman gəldi taxtdan düşdün.

Amma Şəhid oğlu adı nə tükənər, nə də kimsə səni ondan məhrum edə bilər. Əsl miras budur. Mənə qoyub getdiyin bu miras yeddi arxadönənimə də bəsdir. 24 ildir bu mirasdan zərrə qədər də azalmayıb. Sanki hər gün daha da artır.

Ruhun şad olsun. Allah o zirvəyə ucalmağa layiq olmağı qismət eləsin ki, hüzuruna başıdik gələm…


Digər Xəbərlər

SON XƏBƏRLƏR