Dövlətdən ucuz al, SOCAR və BP-yə baha qiymətə icarəyə ver! - "Gəmiçilk"də sensasion əməliyyat + Açıq suallar

img

23-10-2016 [21:55]


Son bir ildə dənizdə neft çıxaran neftçilərin həyatları bahasına üzləşdiyi qəzalar bu sahəyə diqqəti xeyli artırıb.

Mia.az xəbər verir ki, elə bu və ya digər məqamları nəzərdə tutan Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı "Feysbuk"dakı səhifəsində ciddi faktlarla zəngin sual səsləndirib.

Mia.az Mirvari Qəhrəmanlının həmin statusunu təqdim edir:

"Araşdırılmalıdır ki, niyə neftçiləri Neft Daşlarına işə aparıb gətirmək üçün təzə Müslüm Moqamayev gəmisi yox, 1983-cü ildə Finlandiyada inşa olunan Sabit Orucov gəmisi sifariş olunur?! Niyə "Xəzər dəniz Neft Donanması" idarəsi SOCAR tərkibindən çıxarıldı?! Nəyə görə "Caspian Marine Services" şirkəti gəmiləri "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC -dən ucuz qiymətə icarəyə götürüb, SOCAR-a və BP-yə baha qiymətə verməlidir?

"Caspian Marine Services" kimə məxsusdur? Bu niyələrə kim cavab verə bilər?!".

Mia.az-ın ilkin araşdırması zamanı aydın olub ki, "Caspian Marine Services" şirkəti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəsmi partnyoru qismində çıxış edir.


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev ,

 "Caspian Marine Services" şirkətinin hüquqi ünvanı Bakı şəhəri N.Əliyev küçəsi 38 A ünvanında yerləşir. Şirkətin rəsmi internet səhifəsindən görünən odur ki, qurumun rəhbəri xarici ölkə vətəndaşı Cari Rolaston, müavinləri isə azərbaycanlılar - Yaqub Mürsəlov, Akşin Əlizadə və Böyükağa Əsgərovdur.

 "Caspian Marine Services"in icraçı direktoru isə Brian Garrad adlı əcnəbidir...

Diqqətçəkən digər nüans isə şirkətin ingilis, rus və azərbaycan dilli saytında rəhbərliyin heç birinin fotoları yerləşdirilməməsidir.... 

Ümumiyyətlə, ilk baxışdan Mirvari Qəhrəmanlının səsləndirdiyi kimi, ortaya belə bir sual çıxır: 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev bu gəmiləri niyə belə şirkətə icarəyə verib? Hansı məqsəd və hansı qiymətlə? Və ya niyə bu icarə məsələsini özləri deyil, ortaya hansısa bir şirkəti salmaqla həyata keçiriblər? 

Hər halda kifayət qədər haqlı və ciddi suallara qarşı tərəfin cavab verməsi maraqlı olardı. Ən azından sarmaşıq vəziyyəti alan bu icarə oyunları ilə kimlərin hansı amacı hədəflədiyini cəmiyyətin bilmək haqqı var....

Bunlarla bağlı iş günündən etibarən, araşdırmalarımızı davam etdirəcəyik.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR