Abbas Abbasovla bağlı müraciət: "Onu destruktiv qüvvələrin hücumlarından qoruyun"

img

13-04-2015 [14:18]


Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi, "Gülüstan” Beynəlxalq Ədəbiyyatçılar İttifaqının prezidenti, Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü Tahir Saleh Dərbənddə yaşayan azərbaycanlılar adından müraciət yayıb.

Tahir Salehin müraciətində Dağıstanda yaşayan azərbaycanlıların problemlərindən və bu problemlərə "AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun münasibətindən bəhs olunur.

Tahir Saleh müraciətində aşağıdakıları bildirib: "Mən Azərbaycan Respublikasının Quba rayonunda anadan olmuşam. Hərbi xidmətdən sonra Dərbəndə köçmüşəm. Artıq 45 ildir ki, Dərbənddə yaşayıram. Şəhətdə fərqli zamanlar olub: bəzi vaxtlar azərbaycanlılar Dərbənddə rahat yaşayırdılar, bəzən isə situasiya tam rahat deyildi. Problemlər həmişə var idi. Onu deyə bilərəm ki, bizim vəziyyətimiz Azərbaycandakı soydaşlarımızın vəziyyətindən pis olması ilə seçilib.

Təəssüf ki, son illərdə bır sıra amillərdən dolayı öz öz doğma yurdumuzda daha çox yad adamlara çevrilirik. Əslində problemlər həddən artıq çoxdur. Biz, azərbaycanlılar işə düzəlməkdə, təhsildə, biznesdə və digər sferalarda milli zəmində ayrı-seçkiliyə məruz qalmağımızın şahidi oluruq. Həmyerlilərimiz üçün burada yaşamaq ildən-ilə çətinləşir. Təbii ki, bununla barışmırıq və yardım üçün çoxsaylı instansiyalara müraciət edirik. Amma təəssüf ki, heç kəs problemlərimizə diqqət yetirmir.

Dərbənd azərbaycanlılarının bəziləri ümidsizliyə qapılaraq şəhəri tərk edirlər. Azərbaycanlıların şəhərdən sıxışdırılmasına tərəfdar olan şəxslər müxtəlif yollara baş vururlar. Belə faktlardan biri şair Nizami Gəncəvinin Dərbənddəki abidəsinin təhqir olunmasıdır.

Biz hamımız bu vandalizm aktından özümüzü alçalmış hiss elədik və mən Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti "AzerRos”a müraciət etmək qərarına gəldim. Dərhal da cavab aldım. "AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov bizimlə əlaqə yaradaraq lazımi tədbirlər görəcəyinə söz verdi. Növbəti gün Dağıstanın dövlət başçısı insidenti şəxsi nəzarətinə götürdü. Yerli hakimiyyət xüsusi komissiya yaratdı və abidəni lazımi görünüşə gətirdi.

Bu hadisə artıq heç kəsdən kömək ummayan azərbaycanlılar üçün xoş xəbər oldu. 2 ay sonra isə "AzerRos”un yeni prezidenti xanım Mehriban Sadıqova Dərbəndə gəldi. O, asğsaqqallarla və fəallarla görüşdü, problemlərimizlə maraqlandı.

Mehriban Sadıqova Dərbənd rəhbərliyi ilə dəyirmi masa keçirdi və bizim səsimizi nəhayət ki, yuxarılara duyurdu. Kimlər üçünsə bu hadisələr əhəmiyyətsiz görünsə də, illərlə diqqət və yardım gözləyən Dərbənd azərbaycanlıları üçün bu, gələcəkdəki müsbət dəyişikliklər üçün pozitiv siqnal oldu. Deməli biz atılmamışıq və problemlərimizlə məşğul olan insanlar, təşkilatlar hələ də var.

Amma bizi "AzerRos” və özümüzə dayaq bildiyimiz ağsaqqalımız Abbas Abbasova qarşı təşkil edilən son hücumlar narahat edir.

Biz bütün sağlam düşüncəli azərbaycanlılara müraciət edirik! Əgər 200 min Dərbənd azərbaycanlısının taleyi sizin üçün əhəmiyyətlidirsə, onu destruktiv qüvvələrin hücumlarından qoruyun.

Biz sizin həmrəyliyinizə çox ümid edirik!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR