MOSKVADA 10 SAATLIQ TARİXİ GÖRÜŞ BİTDİ: bu gün saat 12-dən atəşkəs olacaq - Bəyanat + DETALLAR

img

10-10-2020 [09:03]


Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin 10 saat çəkən  üçtərəfli görüşü başa çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Bəyanatda deyilir:

Rusiya Federasiyasının Prezidenti V.Putinin müraciətinə cavab olaraq və Prezident V.Putin, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb: 

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur; 

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq; 

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar; 

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

***

Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü başlayıb.

Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan iştirak edir.

Görüşün yalnız 30 saniyəlik protokol hissəsi mətbuata açıq olub/APA.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki. görüş 9 saata yaxındır davam edir.

Xatırladaq ki, Moskvada üçtərəfli danışıqların başlaması ilə demək olar ki, eyni vaxtda Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Prezident bildirib ki, Bakı İrəvana danışıqlar formatına qayıtmaq və qoşunlarını Qarabağdan çıxarmaq üçün son şansı verir.

Azərbaycan prezidenti xüsusi vurğulayıb ki, əgər Ermənistan xarici işlər naziri Moskva görüşündə “Qarabağ Ermənistandır” deyirsə, danışıqlardan söhbət gedə bilməz: "Bu görüşdə çox şeyə aydınlıq gətirilməli, əsas prinsiplər qəbul edilməlidir".

Əliyev həmçinin Qarabağla bağlı status-kvonun artıq olmadığını vurğulayıb.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub