Rusiyalı ekspert: "Ermənistanın Yaxın Şərqdə aktivləşməsinin bir sıra məqsədləri var" 

img

22-09-2020 [13:56]


“Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin Yaxın Şərqdə aktivləşməsinin bir sıra məqsədləri var. Burada ilk növbədə Yaxın Şərqdən erməni və kürd silahlı qruplaşmalarının Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna yerləşdirilməsinə diqqəti yönəltmək lazımdır”.

Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, N. Paşinyanın Yaxın Şərqdə fəallaşmasının birinci məqsədi yaxın gələcəkdə müharibəyə hazırlıqdır: “Görünür, Paşinyan vaxtı ilə Rusiyanın təşəbbüsü ilə hazırlanan münaqişənin “Kazan formulu” əsasında nizamlanmasına hazır olmaması ilə bağlı artıq yekun qərar verib. Azərbaycan dəfələrlə bəyan etmişdi ki, əgər sülh danışıqlarında bir irəliləyiş olmasa, Dağlıq Qarabağ və ətraf rayonların hərbi yolla işğaldan azad olunması hüququnu özündə saxlayır. Ona görə də Paşinyan bu şəkildə gələcək hərbi əməliyyatlara hazırlaşır.

Ermənistanın ikinci məqsədi isə, işğal etdikləri Dağlıq Qarabağ və ətraf rayonların demoqrafik vəziyyətini dəyişdirməkdir. Çünki uzun illər ərzində Dağlıq Qarabağ ətrafındakı rayonlar, xüsusilə də Dağlıq Qarabağla Ermənistan arasındakı rayonlar Azərbaycanla gələcəkdə mübadilə üçün boş qalmışdı. İndi isə Ermənistan rəhbərliyi həmin ərazilərin demoqrafik mənimsənilməsinə başlamaq qərarına gəlib. Bu məqsədlə, müntəzəm olaraq həmin boş ərazilərə etnik ermənilərin köçürülməsinə başlanılıb”.

Rusiyalı siyasi ekspertin fikrincə, Yaxın Şərqdə fəallığın üçüncü məqsədi Ermənistandakı daxili siyasi vəziyyətlə bağlıdır: “Paşinyan ölkədə populyarlığının azaldığını hiss edir. O, bu günə kimi əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı söz verdiyi islahatları reallaşdıra bilməyib. Ona görə də Paşinyan bu şərtlərdə yenidən güc toplamaq qərarına gəlib. Bu gücü də vətənpərvərlik və milliyyətçilik kimi məfhumlarla, siyasi rəqibi olan keçmiş prezident Robert Koçaryan və tərəfdarlarının fəaliyyətinin qarşısını almaqla əldə etməyə çalışır. Ona görə də Paşinyanın hərbiləşdirilmiş mövqeyi, hərbi əməliyyatlara hazırlığı ölkə daxilində populyarlığını möhkəmləndirməyə hesablanmış siyasi tendensiyanın tərkib hissəsidir. O, güman edir ki, bu yolla Ermənistan daxilində iqtisadi inkişaf olmadan belə öz populyarlığını möhkəmləndirə, rəqiblərinin nüfuzunu isə aşağı sala bilər. Paşinyan münaqişənin nizamlanması ilə bağlı güzəştə gedib, ölkəsini iqtisadi blokadadan çıxarmaq əvəzinə, müharibəyə hazırlaşır. Əlbəttə ki, bu, çox təhlükəlidir. Xüsusilə də Paşinyanın Yaxın Şərqlə bağlı oyunları təhlükəlidir. Ona görə ki, Yaxın Şərqdən terror təcrübəsi Cənubi Qafqaza keçə bilər”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR