Deputat: "Camaata yazığım gəlir, həqiqətən də çox üzülürəm”

img

21-09-2020 [15:56]


Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayevin İmişlidə sakinlərlə görüşləri davam edir. Deputat bu dəfə rayonun Rəsullu kəndinin sakinləriylə görüşüb.

Razi Nurullayev Mia.az-a bildirib ki, görüş çox gərgin keçib:

“Rəsullu kəndinin sovetliyində sakinlərlə görüş keçirdim. Deyim ki, hər şey hamar oldu, yalan olar. Qışqırıq, təlatüm, narazılıq əhvalla dolu görüş oldu. Rayonda bu qədər narazılıq, bu qədər problem olar? Onillərin yığılıb qalmış problemləri var. Hamı sudan narazıdır. Su, su, su. Belə görünür ki, Azərbaycanın ən böyük problemi yaxın illərdə ancaq su olacaq. Su da həyatdır. Yağış yox, kanallarda su az, təchizat zəif, bir tərəfdən də Azərbaycanın su mənbəyi qonşu ölkələrdən gəlir və hər biri də problem yaradır. Bu problemləri ön görmək olardı, düzgün və dürüst layihələr təqdim oluna bilərdi. Görünən budur ki, suvarma suyu ilə bağlı məsələlərin həlli çox gecikdirilib”.

Mənim əlimdə konkret şikayətlər var və yaxın günlərdə onları Su və meliorasiya komitəsi ilə müzakirə etmək niyyətindəyəm, deyən Razi Nurullayev, İmişli suvarma sistemlərinin rəisi Nizami Məmmədovla görüşdüyünü bildirib:

“İmişli suvarma sistemlərinin rəisi Nizami müəllimi də dəvət etdim və gəldi. Onunla birlikdə Rəsullu su kanalına da baş çəkdik. Ciddi problemlərdir və ciddi də maliyyə tələb olunur. Axı bunları vaxtında mərhələ-mərhələ həll etmək olardı. Nə isə. Bu məsələdə kəskin və barışmaz mövqe tutmaq lazımdır. Bunlar niyə belə olub, problemlər niyə bu qədər böyüyüb? Qara əməllər nə qədər maneçilik törədib? Gərək aydınlaşdıraq”.

Deputat onlarla digər şikayətləri də dinlədiyini bildirib:

“Araşdırma aparılacaq, mümkün olan yerdə həll ediləcək. Mənim deputat kimi vəzifəm vətəndaşların problemlini çatdırmaq və deməkdir, əlimdən gələn köməyi göstərməkdir və bunu da edirəm. Kaş ki, daha çox nələrsə edə biləydim. Camaata yazığım gəlir, həqiqətən də çox üzülürəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR