Millimizin oyunu niyə təxirə salınıb?

img

09-09-2020 [18:24]


Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilməli olan Azərbaycan – Moldova oyununun təxirə salınmasının səbəbi müəyyənləşib.

 "Moldfootball.com" nəşri xəbər verir ki, AFFA Rusiya çempionatında çıxış edən futbolçuların iki ölkə arasındakı səyahət məhdudiyyətlərinə görə milliyə gəlməsində problem yarandığı üçün qarşılaşmanın başqa vaxta keçirilməsini istəyib.

Məsələ ilə bağlı milli assosiasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlama verib. O, "Report"a bildirib ki, qərar qarşılıqlı razılıq əsasında qəbul olunub: "Bununla bağlı rəsmi açıqlama vermişdik ki, oyun milli assosiasiyaların təklifi və UEFA-nın qərarı əsasında təxirə salınıb. Amma təklifi kimin irəli sürməsi ilə bağlı konkret söz deyə bilmərəm. Qarşılıqlı razılıq olub. Təbii ki, yığmalar pandemiyaya görə oyunçularını gətirə bilmirlər. Əksər ölkələrdə bu problem var".

Moldova nəşri oyunun 2021-ci ilin fevralında keçiriləcəyini yazıb. F.Abdulla bu barədə hələ dəqiq məlumat olmadığını deyib: "Dəqiq tarixi UEFA təyin edəcək. Qurumun qərarında elə idi ki, matç 2021-ci ilin fevralında olacaq. Beynəlxalq oyun pəncərələri var. Onlardan birinə təyin olunacaq".

Qeyd edək ki, seçmə mərhələdə Azərbaycan – Moldova matçı ilə yanaşı, millinin İspaniya ilə oyunu da təxirə salınıb. Birinci görüş sentyabrın 16-da, digər matç isə 6 gün sonra keçirilməli idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR