Kremldən Navalnının zəhərlənməsi haqda daha bir açıqlama: "Rusiyada bundan faydalanacaq insanlar..."

img

03-09-2020 [15:39]


"Rusiyada Aleksey Navalnının zəhərlənməsindən faydalanacaq insanlar və qüvvələr yoxdur".

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Mən bu şəxsin zəhərlənməsindən kiminsə faydalanacağı sualına cavab verə bilmirəm. Baş verənlərə ayıq şəkildə baxılsa, bunun kimsə üçün faydalı ola biləcəyini qətiyyən düşünmürəm. Sözsüz ki, Almaniyada və digər Avropa ölkələrindəki tərəfdaşlarımızın hər hansı qiymətləndirmə aparmaq üçün tələsməyini istəməzdik", - deyə Peskov bildirib.

O deyib ki, bu məsələdə Rusiya tərəfdaşlarla dialoqa üstünlük verir.

Mətbuat katibi qeyd edib ki, Almaniya tərəfinin əldə etdiyi məlumatlar olmadan Rusiyada aparılan istintaqda zəhərlənmə ehtimalı ilə bağlı cinayət işi qaldırmaq üçün heç bir səbəb yoxdur: "Berlindəki həmkarlarımızdan heç bir məlumat almamışıq. Həkim və toksikoloqlarımızın aldıqları bütün analizlər, bioloji nümunələrdə isə hər hansı zəhərli maddə aşkar edilməyib".

D. Peskov əlavə edib ki, Kreml Almaniyanın Navalnı ilə əlaqədar məlumatları bölüşəcəyinə ümid edir.

"Şübhəsiz ki, Berlindəki xəstə ilə bağlı baş verənlərin səbəblərini müəyyənləşdirməkdə maraqlıyıq. İstintaq orqanlarımız lazımı araşdırmalar aparır. Almaniyanın məlumatları bu araşdırmalara mütləq kömək edəcək. İndiyə qədər Berlindən heç bir məlumat almamışıq, ümid edirik ki, bu, yaxın gələcəkdə baş verəcək", - deyə Peskov qeyd edib.

Kremlin sözçüsü bildirib ki, Rusiya Baş Prokurorluğu Almaniyaya hüquqi yardım üçün müraciət etsə də, hələ cavab almayıb, Rusiyanın Almaniyadakı səfirinə də Navalnının zəhərlənməsində Rusiya tərəfinin iştirakı ilə bağlı hər hansı dəlil təqdim edilməyib.

D. Peskov dövlət başçısı Vladimir Putinin Navalnı məsələsi ilə bağlı xüsusi bir açıqlama verməsinə ehtiyac olmadığını da əlavə edib.

Qeyd edək ki, Almaniya hökuməti Berlində müalicə olunan A. Navalnıdan götürülmüş analizlər nəticəsində onun “Noviçok” qrupuna aid sinir iflicedici maddədən zəhərləndiyinin üzə çıxarıldığını bəyan edib.

Almaniya hökumətinin bu bəyanatından sonra dünyanın əksər ölkələri və liderləri A. Navalnının zəhərlənməsinə görə Rusiyadan izahat tələb edir.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, “Gələcəyin Rusiyası” partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR