Rusiyanın növbəti məğlubiyyəti

img

03-11-2013 [20:07]


Rusiya ilə Qərb arasında postsovet məkanına nəzarət uğrunda gedən diplomatik savaşın ikinci raundu da Şimal qonşumuzun məğlubiyyəti ilə bitmək üzrədir.Hələ bir neçə il əvvəl üç Baltikyanı respublikanın Avropa Birliyi və NATO-ya daxil olması üçün postsovet məkanı uğrunda Rusiya ilə Qərbin mübarizəsinin birinci raundu da rəsmi Moskvanın məğlubiyyəti ilə bitmişdi. Litva, Latviya və Estoniyanın Avroatlantik strukturlara tam inteqrasiyasından sonra Qərbin keçmiş SSRİ-nin Avropa qitəsindəki digər respublikalar - Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan - uğrunda açıq mübarizəyə başlayacağı gözlənilirdi. Üç Baltikyanı respublikanın Avroatlantik məkana inteq-rasiyası tam başa çatdıqdan sonra Qərb, dərhal postsovet məkanının Avropa qitəsindəki digər respublika-lar uğrunda mübarizəyə başladı. İlk addım kimi, həmin çoğrafiyaya aid olan altı keçmiş Sovet Respublikasını əhatə edən Şərq Tərəfdaşlığı Proqramı işə salındı. Bunun ardınca Avropa qitəsinə aid olması mübahisə do-ğuran Gürcüstan, Ermənistan və Azərbaycan Brüssel tərəfindən rəsmən Avropa ölkəsi elan edildi. İndi isə Qərb növbəti addımı atmağa hazırlaşır. Bu, noyabr ayının sonlarında Vilnüs şəhərində Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin Avropa Birliyi ilə münasibətlərini dərinləşdirmək yönündədir. Söhbət Şərq Tərəfdaşlığı Proqramına daxil olan respublikalarla imzalanacaq Assosiasiya Razılaşmasından gedir. Bu, həmin razılaşmanı imzalayacaq respublikaların Avropa Birliyinə inteqrasiya yolunda növbəti əhəmiyyətli addımı olduğundan Rusiya bütün imkanlarını işə salaraq buna mane olmağa çalışırdı.

Nəzərinizə çatdıraq ki, Belarus uzun illərdir Rusiya ilə birgə addımlamaq yolunu tutub və hətta, bu iki dövlə-tin bir dövlətdə birləşməsi ideyası da var idi. Belarus prezidenti Aleksandr Lukaşenko Qərb tərəfindən Av-ropanın sonuncu diktatoru elan olunandan sonra isə rəsmi Minsk birmənalı şəkildə anti-Qərb mövqeyi tutub və Moskvanın bütün addımlarını dəstəkləyir. Moskvanın yaratmaq istədiyi bütün birliklərə ilk qoşulan da məhz Belarus olur. Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamaqdan ilk imtina edən və Moskva-nın yeni layihəsi olan Gömrük İttifaqını seçən də Belarusdur.
Belarusdan sonra Rusiya Ermənistanı ram edərək bu respublikanı özünün elan etdiyi yeni birliklərə qoşa bil-di.
Qeyd edək ki, Brüssel Şərq Tərəfdaşlığı Proqramından Assosiasiya Razılaşmasına keçəndə əksər ekspertlər Ermənistanın bu müqaviləni imzalamaqdan imtina edəcəyini proqnozlaşdırırdı. Bunun bir çox səbəbləri olsa da, ən əsası Ermənistanın Rusiyadan tam asılı olması ilə yanaşı, prezident Serj Sarkisyanın Moskvanın köməyi ilə hakimiyyətə gəlməsi idi. Bu iki amil Ermənistanın Qərbdən üz çevirib, Rusiya ilə yaxınlaşması üçün tam yetərli sayılır.
Rusiya isə Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına daxil etdiyi altı respublikadan ikisini tamamilə özünün nüfuz dairəsinə qata bilsə də, digər dörd respublika üzərində nəzarətini bərpa edə bilməyib.

Üç respublika Qərbi seçir

Belarus və Ermənistandan fərqli olaraq, Ukrayna, Moldova və Gürcüstan bütün gücü ilə Rusiyanın təzyiqlərinə qarşı duraraq Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamağa hazırlaşır. Rusiya bu üç respublika-nı yolundan döndərmək niyyətində olsa da, əsas diqqətini Ukraynaya yönəltmişdi. Bu da səbəbsiz deyildi. Çünki Rusiyada çox yaxşı bilirlər ki, Ukraynasız yaradılan istənilən ittifaq effektli olmayacaq. Rusiya və Qərb ekspertləri bir məsələdə həmrəydilər ki, Ukraynasız Rusiya güclü ittifaq yarada bilməz. Bu səbəbdən Rusi-ya kimi Qərb də bütün diqqətini bu ölkənin Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamasına yönəltmişdi. Amma bu günə olan vəziyyət belə deməyə imkan verir ki, Qərb, Ukrayna uğrunda diplomatik savaşda Rusiyanı məğlub edib. Ukrayna hökumətinin Assosiasiya Razılaşması layihəsini təsdiq etməsindən tut-muş, bu ölkənin dini qurumlarının liderləri xalqa müraciət edərək bu razılaşmanı müdafiə etməyə çağırma-sına kimi çoxsaylı addımlar atılıb.

Rusiyanın yenidən qaz şantajına əl atmasına, Ukrayna istehsalı olan malların, xüsusilə də karamel məhsullarının Gömrük İttifaqı məkanına daxil olmasının qarşısını alacağına, viza rejimi tətbiq edəcəyinə işarə vurması da rəsmi Kiyevi Avropa Birliyi ilə Assosiasiya Razılaşması imzalamaqdan hələlik çəkindirməyib.

Rusiya Krım kartını işə salacağına işarə vursa da, Ukraynanı ram edə bilmir. Rusiyanın təzyiqlərinə boyun əymək niyyətində olmadığını göstərən Ukrayna Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamağa mane ola biləcək bütün problemləri həll etməkdə israrlı görünür.
Ukrayna kimi Moldova da Rusiyanın şantajları ilə üzləşib. Rəsmi Moskva Baş nazirin müavini Dimitri Raqozi-nin dili ilə Moldovanın Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalayacağı təqdirdə separatçı Dnestryanı bölgədə separatizmin qızışacağına işarə edib. Bundan başqa, Moldova istehsalı olan məhsulların, xüsusilə çaxırın Rusiya bazarlarına buraxılmayacağı da bildirilib.
Rəsmi Moskva Moldovaya qarşı da qaz şantajından yararlanır və rəsmi Kişniyovu qazın qiymətini bahalaşdırmaqla təhdid edir. Ancaq Rusiyanın bu təhdidləri qarşısında Moldova da təslim olmayıb və Avropa Birliyi ilə razılaşmanı imzalamaqda maraqlıdır.

Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamaq niyyətində olan digər bir respublika Gürcüstandır. Bal-tikyanı respublikalardan sonra postsovet məkanında ilk dəfə avropasayağı seçki ilə demokratik dövlət imici-ni daha da gücləndirən Gürcüstanın yeni hakimiyyəti də Avroatlantik strukturlara inteqrasiyadan vaz keçməyəcəklərini bəyan edirlər. Amma Rusiya Ukrayna və Moldovadan fərqli olaraq, Gürcüstana qarşı nə qaz şantajından, nə də bu ölkənin istehsalı olan malları öz bazarlarına buraxmamaq hədəsindən istifadə edə bilmir. Bunlar artıq iki dövlət arasında yaşanmış məsələlərdir.

Artıq neçə ildir ki, Gürcüstan enerjidaşıyıcılara olan tələbatını Rusiyanın deyil, Azərbaycanın hesabına ödəyir. Bundan başqa, hələ beş il əvvəldən Rusiya Gürcüstan mallarının idxalına qadağa qoyub. Bu səbəbdən də, artıq hədələr Gürcüstanı qorxutmur. Gürcüstana qarşı bu təzyiq vasitələrindən istifadə edə bilməyən Rusiya, ənənəvi siyasətini - separatizmi dəstəkləməyi işə salıb.
Rusiya müstəqil dövlət kimi tanıdığı Cənubi Osetiya və Abxaziya ilə Gürcüstanın əsas əraziləri arasında sər-həd çəkib. Bu zaman hətta bu separatçı bölgələrin ərazilərinə daxil olamayan torpaqları da tikanlı məftillər-lə əhatəyə alıb. Lakin bütün bunlar da Gürcüstanı hələlik öz yolundan döndərməyib və rəsmi Tbilisi Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamaqda israrlı görünür.
Görünən odur ki, Şərq Tərəfdaşlığı Proqramına daxil edilmiş altı respublikadan ikisi - Belarus və Ermənistan - Rusiyanın yaratdığı Gömrük İttifaqına qoşulmaqla öz seçimlərini Şimal qonşumuzdan yana ediblər. Digər üç respublika - Moldova, Ukrayna və Gürcüstan isə Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamaqla Avroatlantik strukturlara inteqrasiya yolunda daha bir addım atmağa hazırlaşır.

Azərbaycan seçim edə bilmir

Şərq Tərəfdaşlığı Proqramına daxil olan altı respublikadan ikisi Gömrük İttifaqını, üçü isə Avroatlantik struk-turlara inteqrasiya yolunu seçdikləri halda, bu proqrama daxil olan Azərbaycan seçim etməkdə çətinlik çəkir. Neft və qaz kəmərlərinin timsalında çox güclü iqtisadi tellərlə Qərbə bağlı olan Azərbaycanın Avroatlan-tik stukturlara inteqrasiya yolunu seçəcəyi gözlənilsə də, demokratiya məsələsində Qərbin sərt tənqidlərinə məruz qalan rəsmi Bakı bu seçimi etməkdən çəkinir. Qərbin demokratik islahatlar tələbini öz hakimiyyə-ti üçün təhlükə sayan rəsmi Bakı bu səbəbdən Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamaqdan ya-yınır.

Rusiyanın işğalçı Ermənistanı birmənalı dəstəkləməsi və Bakıda özünə itaətkar hakimiyyət formalaşdırmaq niyyətindən əl çəkməməsi də Gömrük İttifaqına qoşulmağı mümkünsüz edir. Belə görünür ki, Azərbaycan Gömrük İttifaqına obyektiv, Avroatlantik strukturlara isə subyektiv səbəblərdən inteqrasiya oluna bilmir. Bu isə hər hansı tərəfə seçim edib, digər tərəfin təzyiqləri ilə üzləşən respublikaların vəziyyətindən daha qorxuludur.

Qərb Avroatlantik strukturlara inteqrasiya yolunu seçən respublikalara güclü siyasi, diplomatik və maliyyə dəstəyi verir, seçməyənlərə isə müxtəlif təzyiqlər edir. Rusiya da öz növbəsində Gömrük İttifaqını seçənlə-rə dəstək verəcəyini nümayiş etdirir, seçməyənləri isə hədələyir. Beləliklə, Şərq Tərəfdaşlığı Proqramına daxil edilmiş altı postsovet respublikasından beşi seçimini edərək güc mərkəzlərindən birinin təzyiqi ilə üzləşsə də, digər birinin dəstəyini qazanıb. Azərbaycanın isə hər iki tərəfin təzyiqləri ilə üzləşəcəyi gözlənilir. Bunu son proseslər də göstərir. Ermənistandakı Rusiya hərbi bazasının komandiri bəyanat verərək Azər-baycanı təhdid edir. Qərb də öz növbəsində rəsmi Bakıya təzyiqlərini artırır. Hər iki tərəfin təzyiqləri ilə üz-ləşən rəsmi Bakının nə zamana kimi dözə biləcəyi indi əsas müzakirə mövzusudur. Ehtimal olunur ki, Vilnüs sammitindən sonra rəsmi Bakıya Qərbdən təzyiqlər daha da artacaq. Eyni zamanda, Rusiyanın da ilin sonla-rından və yaxud gələn ilin ilk günlərindən Azərbaycana təzyiqləri daha da artıracağı gözlənilir. Rəsmi Bakının balanslaşdırma adı altında bütün inteqrasiyalardan kənarda qalmaq siyasəti ötən illər ərzində müəyyən mənada işə yarasa və hakimiyyətin xeyrinə işləsə də, artıq əks-effekt verməyə başlayıb. Rəsmi Bakı isə bu siyasətini qısa zaman ərzində dəyişməkdə çətinlik çəkir və hətta bu, mümkünsüz görünür. Belə görünür ki, rəsmi Bakının balanslaşdırma siyasəti indi onun təcridinə gətirib çıxarır və Azərbaycan üçün bir çox risklər doğurur.


Rusiya isə Qərblə postsovet məkanı uğrunda mübarizənin ikinci raundundan da məğlum çıxır. Bu, həm də Şimal qonşumuzun üçüncü məğlubiyyətinin əsasını qoyur ki, bu da Rusiyanı Sovet İttifaqının taleyini yaşa-mağa məhkum edə bilər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq