Güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır

img

01-11-2013 [17:18]



Azərbaycan öz müstəqilliyinin 22 ili ərzində mürəkkəb bir yol keçib. Həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin enerji təhlükəsizliyi təmin edilib, Azərbaycan dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısına və regionun ən mühüm tranzit mərkəzinə, iqtisadi və siyasi cəhətdən inkişaf etmiş ölkəyə çevrilib. Bunu son on ildə əldə olunmuş nəticələr də sübut edir. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulub və bu sərmayənin təxminən yarısı xarici sərmayə təşkil edir. Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Eyni zamanda, yerli investisiyalar da artır.

Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar isə düşünülmüş sosial siyasətlə tamamlanır. Xüsusən qeyd olunmalıdır ki, bu illərdə Azərbaycanda sosial problemlərin səmərəli həllində böyük irəliləyişə nail olunub, əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulub. Yeni pensiya sistemi fəaliyyətə başlayıb, ünvanlı dövlət sosial yardımı, sosial müavinətlər sistemi təsbit olunub və inkişaf etdirilib. Buna uyğun olaraq orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artıb. İşsizliyin səviyyəsi 4,8 faizə düşüb, yoxsulluq təxminən 5,5 faizədək azalıb. Respublikanın iqtisadi potensialı artdıqca, səhiyyənin inkişafı üçün də əlverişli şərait yaranıb və əhalinin sağlamlığının qorunması problemləri ardıcıllıqla öz həllini tapmağa başlayıb. Səhiyyəyə ayrılan büdcə vəsaiti hazırda 669,250 milyon manatı keçib. Təhsil sahəsində də nəzərəçarpan nailiyyətlərin əldə olunub. Təkcə onu demək kifayətdir ki, təhsil sahəsinə ayrılan büdcə vəsaitinin ümumi həcmi 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq, 2013-cü ildə 1,53 milyard manat olub.

Maliyyə təşkilatları Azərbaycanda orta təbəqənin formalaşmasında mühüm rol oynayır

Bunlar hazırkı dövrün tələblərini təmin etməklə yanaşı eyni zamanda gələcək nəsillərin öz tələbatını təmin etmək imkanı yaradır. Aydındır ki, bu uğurların əldə olunmasında Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatları yaxından iştirak edirlər. Onlar ölkə iqtisadiyyatının inkişafına töhvə verir, cəmiyyətin həyat səviyyəsini yaxşılaşdırılmasında, sabikarlıq fəaliyyətinin maliyyələşdirilməsində yaxından iştirak edirlər. Bu isə yalnız səhmdarlar üçün yox, ümumilikdə, cəmiyyət üçün sabitliyi təmin edilməsində rol oynayır. Ümumiyyətlə, maliyyə təşkilatlarının uğurları cəmiyyətin sağlamlığı və rifahı ilə bağlıdır. Bunlar hər bir maliyyə təşkilatının korporativ sosial məsuliyyətinin tərkib hissəsidir. Hər bir maliyyə təşkilatının sosial məqsədlərə investisiya qoyuluşları və xeyriyyə proqramların həyata keçirilməsi, eləcə də dövlət siyasətinin işlənib hazırlanmasında iştirakı onun cəmiyyətə göstərdiyi töhfəsidir. Bu sahədə fəaliyyət göstərən maliyyə təşkilatlarından biri də AccessBank-dır. Yaradıldığı gündən etibarən Bankın məqsədi özəl sektor üçün etibarlı Bank olmaqla, müəssisələrə və onların sahiblərinə, eləcə də kiçik və orta gəlirli ailələrə bütün zəruri bank xidmətləri göstərməkdən ibarətdir. 2002-ci ildən başlayan 10 illik fəaliyyəti ərzində 600 milyon ABŞ dolları həcmində ümumi aktivləri və 500 milyon ABŞ dollarına yaxın kredit portfeli ilə AccessBank ölkənin ən yaxşı 10 bankı siyahısına daxildir və özünün 120 000 müştərisinə orta, kiçik və mikro sahibkarlara, o cümlədən pərakəndə seqmentdəki fiziki şəxslərə rəqabətədavamlı bank məhsulları təqdim edərək əhəmiyyətli tərəfdaşa çevrilib. Müştərilərin onun maliyyə mənbələrinə çıxışı üçün zəruri hüquqi mühit təmin edilib. O regionlarda geniş filiallar şəbəkəsi quraraq, bütün ölkə ərazisində kiçik şəhər və yaşayış məntəqələrində, əsasən kənd təsərrüfatı ilə məşğul olan minlərlə müştəriyə xidmət göstərir. Beləliklə, Bank mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində xüsusi ilə seçilir, müştəriləriləri ilə sıx təmas qurmaqla onlarınehtiyaclarını daha dəqiq başa düşür, onların tələbatını ödəmək üçün müştərilərinə şəffaf, ədalətli və səmərəli, keyfiyyətli məhsul və xidmətlər təqdim edir.

İqtisadçı Ruslan Atakişiyev bildirir ki, mikro, kiçik və orta biznesin maliyyələşdirilməsi həm respublikanın daxili bazarlarının əmtəə və xidmətlərlə dolması, inhisarçılığın ləğv edilməsi və rəqabətin bütün sahələrdə genişlənməsində, həm də təşəbbüskar insanların yaracılığının üzə çıxması, mövcud əmək və material ehtiyatlarının istehsala cəlb olunması və əhalinin tələbatının hərtərəfli təmin olunmasında mühüm rol oynayır. Bu daxili bazarın sabit inkişafına təsir göstərir, yeni texnologiyaların tədbiqini, milli yeni infrastruktrun yaradılmasını təmin edir. Eyni zamanda kiçik və orta müəssisələr istehsalçılarla istehlakçılar arasında birbaşa iqtisadi əlaqəlrin aranması, həmçinin iqtisadi islahat və istehsalın texnoloji quruluşunun yenidən qurulması, artıq işçi qüvvəsinin özünə cəlb edilməsi və nəhayət, əhalinin gəlirlərinin və alıcılıq qabiliyyətinin yüksəklənməsində böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən də maliyyə təşkilatları, o cümlədən AccessBank mikro, kiçik və orta biznes fəaliyyətini maliyyələşdirməklə əhalinin sahibkarlıq fəaliyyəti, həmçinin sərbəst istehsal gücləri və yaradıcılıq səylərinin maksimum istifadəsi baxımından kiçik və orta müəssisələrin yaradılmasına təkan verir. Onun sözlərinə görə, bununla da biznesin inkişafı bazarda azad rəqabətə və sağlam mübarizəyə geniş imkan yaradır. Həmçinin mikro, kiçik və orta biznes rəqabət mühitinin inkişafı, əlavə iş yerlərinin yaranması, struktur yenidənqurmalarının aktiv həyata keçirilməsi, təlabatçılar sektorunun genişləndirilməsi, bazarın mallar və xidmətlərlə zənginləşməsi, ixrac imkanlarının genişləndirilməsi, yeni xammal resurslarından səmərəli istifadənin effektliyinin artırılmasına geniş şərait yaradır. Dünya Bankının illik hesabat sənədlərində qeyd olunur ki, iqtisadi inkişaf səviyyəsindən və yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, əksər dünya ölkələrində iqtisadi fəaliyyətin əsas hissəsi mikro, kiçik və orta biznesə aiddir. Hətta, iqtisadi cəhətdən keçid dövrünü yaşayan bir çox ölkələr öz iri tipli müəssisələri ilə tanınsalar da, hazırda həmin dövlətlərdə fəaliyyət göstərən iqtisadi subyektlərin böyük əksəriyyəti kiçik və orta müəssisələrdir. Bunlar əhalinin orta təbəqəsinin genişlənməsi, həmin təbəqənin rolunun gücləndirilməsinə səbəb olur. İqtisadçı alim Azər Mehtiyev bildirir ki, dünya ölkələrinin təcrübəsi göstərir ki, orta təbəqənin güclü olduğu ölkələr həm siyasi, həm də iqtisadi, sosial və s. aspektdən daha sabit və yüksək inkişaf potensialına malik olurlar. Azərbaycan da istisnalıq təşkil etmir. İstənilən iqtisadi artımın məqsədi isə sosial rifahı yüksəldir. Deməli, AccessBank digər maliyyə təşkilatları ilə birlikdə Azərbaycanın iqtisadiyyatının inkişafında yaxından iştirak etməklə yanaşı, yeni iş yerlərinin açılmasında, əhalinin maddi imkanlarının və həyat şəraitlərinin yaxşılaşmasında, milli gəlirin artmasında və yeni dəyərin yaranmasında yaxından iştirak edir. Bunlar isə insanlarda banka inamın, hörmətin artırılması üçün çox gözəl bir vasitədir.

Uğurlu inkişaf yüksək səviyyəli işçilərin fəaliyyətindən bilavasitə asılıdır

Qeyd etmək lazımdır ki, Azərbaycanda maliyyə təşkilatları korporativ sosial məsuliyyət məsələlərinə kompleks şəkildə yanaşırlar. Korporativ sosial məsuliyyət isə kommersiya qurumlarının biznes fəaliyyətlərində və tərəfdaşları ilə münasibətlərdə sosial və ekoloji məsələləri nəzərə almaqla özlərinin kommersiya maraqları ilə yanaşı, cəmiyyətdə malik olduqları sosial rolunu dərk etməsini şərtləndirir. Bu baxımdan o Azərbaycanda sosial həyatın bütün iştirakçılarının qarşılıqlı məsuliyyətini daha da artırmağa, daha sabit sosial inkişafa zəmin yaradır.Unutmaq olmaz ki, müştərilərilərin, tərəfdaşların etimadını qazanmaq işində heç də kiçik olmayan rol işçilərin bilik, bacarıq və təcrübəsi, onların işlərinə can yandırmasına bağlıdır. Bu səbəbdən də, maliyyə təşkilatları, o cümlədən AccessBank yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi və onlara uzunmüddətli məşğulluq imkanlarının yaradılmasına önəm verir. Unutmaq olmaz ki, işçi heyəti maliyyə təşkilatlarının ən vacib resursudur. Hazırda AccessBank elə bir işçi mühiti formlaşdırıb ki, həmin mühit yüksək ixtisaslı mütəxəssisləri özünə cəlb edərək, onların motivasiyasını artırır və davamalı olaraq inkişaf etdirir. Onun işçi mühiti münaqişədən kənar siyasətin formalaşdırdığı işçi hüquqları, sağlamlıq və təhlükəsizlik, karyera imkanları, yüksək etik normalar və peşəkarlığı stimullaşdıran mexanizmlə idarə olunur. Bu da təbii ki, bankın korporativ sosial məsuliyyət fəaliyyətinin düzgün inkişaf istiqamətində olduğunu göstərir. Bank həm də əməkdaşlarının iş yerində nümayiş etdirdikləri səyləri dəyərləndirir, onların əla işçi olmaq arzularını dəstəkləyir, öz növbəsində onlara imkan və şəraityaratmaq üçünvaxt, resurs və müvafiq təlimlərin təşkili işindəsəylərini əsirgəmir. Bunun nəticəsidir ki, AccessBank Azərbaycanda fəaliyyət göstərən banklar arasında ən az problemli kredit olan bankdır. Bu gün tərəfdaşlar, müştərilər, əməkdaşlar və digər maraqlı tərəflərlə davamlı münasibətlərin qurulması vasitəsilə onun gəlirləri artmaqla yanaşı, işgüzar nüfuzu da güclənib. Bankın məcmu kapitalı 128 milyon ABŞ dolları məbləğini ötərək, o kapitallaşma üzrə ölkənin ən iri 5 bankları sırasına daxildir.

Beləliklə, öz fəaliyyəti dövründə biznesin şəffaf surətdə həyata keçirilməsi və bazarda malik olduğu sabit mövqe AccessBank-ın Azərbaycanda sabit bank kimi nüfuzunu möhkəmləndirib. Dünyanın ən qabaqcıl reytinq agentliklərindən biri olan Fitch Ratings agentliyi 2008-ci ildə AccessBank-ın reytinqini Azərbaycan üçün ən yüksək olan «BB+» səviyyəsində sabit proqnozla qiymətləndirib. AccessBank beynəlxalq qurumlar tərəfindən «Azərbaycanda ilin Bankı» nominasiyasında mükafatlandırılıb.

İstənilən biznesin uğuru ölkənin sosial rifahı, sabitliyi ilə sıx bağlıdır

Bildiyimiz kimi maliyyə təşkilatları müştəriləri üçün kreditlər, depozitlər və s. bank məhsulları ilə xidmət edir. Bütün bu xidmətlərlə yanaşı maliyyə təşkilatları bir neçə layihələr və aksiyalar da həyata keçirir. Bu onların korporativ sosial məsuliyyət strategiyasına daxildir. Unutmaq olmaz ki, düzgün qurulmuş korporativ sosial məsuliyyət strategiyası ilk olaraq maliyyə təşkilatlarının gələcəyidir, cəmiyyətə qarşı olan məsuliyyətlərinin məcmuəsidir. Bu məsuliyyət çərçivəsində maliyyə təşkilatları müntəzəm olaraq uşaq səhiyyəsinə, kimsəsiz uşaqlara, yaşlılara, əlillərə yardım edir, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsinə böyük həcmdə maliyyə vəsaiti ayırırlar. Məsələn, yarandığı gündən etibarən AccessBank Azərbaycanın ictimai həyatında fəal iştirak edir, çünki istənilən biznesin uğuru ölkənin sosial rifahı, sabitliyi, təhsil və mədəniyyət səviyyəsi ilə sıx bağlıdır. Bununla əlaqədar olaraq, AccessBank "Korporativ Sosial Məsuliyyət" (KSM) proqramı çərçivəsində, mütəmadi olaraq, təhsil sahəsindən tutmuş, ətraf mühitin mühafizəsinə qədər çoxsaylı layihələr həyata keçirir. Belə layihələrdən biri "AccessBank təqaüdü” adlanır. Bu layihədə maddi cəhətdən çətinlik çəkən tələbələrə yardım edilir. Bank, "Şəki" filialının təşəbbüsü və "Araz" Təhsil Mərkəzinin təşkilatı dəstəyi ilə keçirilən aksiya çərçivəsində aztəminatlı ailələrdən olan 11 şagirdin adıçəkilən mərkəzdə 1 illik təhsil haqqını ödəyir. Bundan əlavə, ən yaxşı 5 şagirdə balansında maliyyə vəsaiti olan plastik kartlar təqdim olunub. "Jurnalistikada yeni nəsil” layihəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 20 tələbəsi Thomson Foundation-nun peşəkar təlimçləri tərəfindən 3 kurs jurnalistika treninqləri və ingilis dili kurslarında iştirak ediblər. Sonda seçilən 10 tələbə Londona yola düşərək orda İTN kimi nüfuzlu media-strukturunu, eləcə də Financial Times və The Guardian nəşrlərini ziyarət ediblər.

Bundan başqa, AccessBank Bank, daima uşaqların fəal həyat tərzi keçirməsinə və ölkənin sağlam gələcəyinə böyük önəm verir. 30 uşağın Lənkəran şəhərində 17 yaşlılar arasında Dünya Çempionatı çərçivəsində keçirilən Azərbaycan və Nigeriya yığmaları arasında futbol matçına getmələrini təşkil etməsi, "Uşaq Dünyası” qalereyasında və Sumqayüıtda fiziki və zehni qüsurlu uşaqların əl işlərindən ibarət satış-sərgisi keçirilməsi, valideyn himayəsindən məhrum olan 7-13 yaşlı uşaqlar üçün Şirvanşahlar Sarayına ekskursiyanın təşkili, uşaqlar üçün McDonalds-da əyləncəli nahar təşkil olunması, yeniyetmə qızlar üçün GLOW (Girls Lead Our World) yay düşərgəsi təşkil olunması bu məqsədlərə xidmət edir.

Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində xəstə və zehni cəhətdən məhdud olan uşaqlara yardım etməyə çalışan AccessBank, uşaq serebral iflici diaqnozundan əziyyət çəkən kimsəsiz uşaqlar üçün Delfinoterapiya müalicə kursunu da uğurla həyata keçirib.

Göründüyü kimi AccessBank təkcə insanlara yüksək standartlara cavab verən maliyyə xidmətləri göstərmir. Onun, sosial məsuliyyəti yalnız xeyriyyəçilik kimi yox, həmçinin respublikanın sosial-iqtisadi inkişafına tövhədir. Bunlar Bankın dayanaqlı inkişafının danılmaz şərti kimi qiymətləndirilməlidir. Beləliklə, Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır.

Saleh Eyvazov

Yazı, AccessBank tərəfindən keçirilən «Azərbaycanın maliyyə təşkilatlarında korporativ sosial məsuliyyət. Cəmiyyətdə biznesin rolu» mövzusunda keçirilən müsabiqəyə təqdim olunur


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:19 16.05.2025

Qayıdış nəğməsi