Sabiq nazirin oğlu ilə sabiq deputatın qardaşının ortağı... - Tenderləri kimlər udub?

img

21-08-2020 [15:38]


Qusar rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, 5 lot üzrə keçirilən tender müsabiqəsindən 4-nün qalibi fərdi sahibkar Verdixanov Mübariz Eygün oğlu (VÖEN – 4700126292) olub.

Mübariz Verdixanov Qusar rayon Kommunal Müəssisələri Kombinatına 23 min 660 manat dəyərində “Elektrik malları”, 8 min 860 manat dəyərində “Əkin materialları”, 16 min 749 manat 6 qəpik dəyərində “Təsərrüfat inventarları” satacaq və eyni zamanda da 10 min 31 manata “Məişət tullantıları poliqonunun təmizlənməsi”ni həyata keçirəcək.

Qusar rayon Kommunal Müəssisələri Kombinatından ümumilikdə 59 min 300 manat 6 qəpik vəsait alacaq Mübariz Verdixanov daha əvvəl də Qusar və Quba rayonunda fəaliyyət göstərən dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi olub.
15 gün əvvəl Mübariz Verdixanov “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən 53 min manatlıq tenderin qalibi olub.

Məlumat üçün qeyd edək ki, Mübariz Verdixanov fərdi sahibkar olmaqla bərabər həm də sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun və sabiq millət vəkili Asya Manafovanın ailə üzvləri tərəfindən qurulan şirkətdə qanuni təmsilçidir.

Hüseynqulu Bağırov nazir işlədiyi zaman onun oğlu Lətif Bağırov və Asya Manafovanın qardaşı, eyni zamanda Hüseynqulu Bağırovun tabeçiliyində işləyən 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini Mikayıl Manafov “Safari Bak Upak” adlı şirkət təsis ediblər.

Qeyd edək ki, Mikayıl Manafov Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq 5 iyun 2010-cu il tarixdə iş yerində həbs edilib. Məhkəmə onun barəsində 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Mübariz Verdixanov hazırda Lətif Bağırov və Mikayıl Manafov tərəfindən təsis olunan “Safari Bak Upak”MMC-nin qanuni təmsilçisidir. Mübariz Verdixanov eyni zamanda 1999-cu ildə təsis olunan “Safari” MMC-nin və 2001-ci ildə təsis olunan “Pioneer” şirkətinin də qanuni təmsilçisidir.

Tender müsabiqəsindən də göründüyü kimi Mübariz Verdixanov fərdi sahibkar kimi “Elektrik malları”, “Əkin materialları”, “Təsərrüfat inventarları” satmaqla bərabər, həm də “Məişət tullantıları poliqonunun təmizlənməsi”lə də məşğul olur. Bu işlərlə bərabər Mübariz Verdixanov 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon manat güzəştli kredit götürərək Qusarda illik istehsal gücü 5 min 400 ton olan çörək zavodu tikib.

Qusarda Mübariz Verdixanova məxsus kafe də fəaliyyət göstərir. Hətta ötən ay Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Nazirlər Kabinetinin COVID-19 profilaktikasına dair metodiki göstərişlərinə əməl etmədiyi üçün Mübariz Verdixanovu cəriməliyib. Bundan başqa 2 il əvvəl Mübariz Verdixanov ona məxsus ərzaq mağazasında baş verən yanğınla da gündəmə gəlib.


Digər xəbərlər
SON XƏBƏRLƏR