Qarabağın şikəstəsi: bir segahla "Xan" olan, "Зоопарк"ı “300 park” oxuyan, 56 yaşında 2-ci dəfə ailə quran Xan Şuşinski - FOTOLAR

img

20-08-2020 [23:44]


Bu gün ömrünü xalq musiqisinin təbliğinə həsr etmiş, Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl bilicisi, orijinal, özünəməxsus ifa tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan XAN ŞUŞİNSKİnin doğum günüdür.

Azərbaycan musiqi tarixində, xanəndəlik məktəbində özünəməxsus yol sahibi olan, barəsində bu gün də müxtəlif əfsanələr dolaşan Xan Şuşinskinin sehirli səsi haqqında bu gün də davamçıları ürəkdolusu danışırlar. Lakin hər zaman onun adının niyə Xan olduğu maraqla soruşulub. Bu barədə çox yazılıb. 

Görkəmli musiqi tədqiqatçısı Firudin Şuşinksinin xatirələrindən:

 - Xan Şuşinski 1901-ci il avqust ayının 20-də Şuşada anadan olub. Xanın əsl adı İsfəndiyar, atasının adı Aslan ağa, soyadı isə Cavanşirdir. İsfəndiyara Xan adının verilməsi maraqlı bir hadisə ilə əlaqədardır. 

1918-ci ilin payız fəsli idi. Qarabağın bağlı-bağatlı kəndlərindən biri olan Novruzluda güllü-çiçəkli bir həyətdə gözəl məclis qurulmuşdu. Məlahətli səsi, kədərli guşə və xalları ilə “Segah” muğamını incə bir zövq ilə ifa edən məşhur müğənni, "Segah İslam" kimi tanınan İslam Abdullayev öz şagirdi 16 yaşlı İsfəndiyarla məclisə dəvət olunmuşdu. Toy başlanmazdan əvvəl qonaqlar kölgəlikdə dincəlirdilər.

Xanəndə İslam məclis sahibinə dedi:

 - Bacıoğlu, pəncərədə gözümə qrammofon dəyir. Gəlsənə biz çayımızı içənə kimi bir-iki val oxudasan. 

Ev yiyəsi:

- Baş üstə, - deyərək qrammofonu işə saldı.

Təbrizli Əbülhəsən xanın “Kürd-Şahnaz”da vurduğu sürəkli zəngulələr qonaqları valeh etdi. Gənc İsfəndiyar hələ 12-13 yaşlarında olarkən Cabbar Qaryağdı oğlunun, Seyid Şuşinskinin və Əbülhəsən xanın qrammofon vallarını oxudardı. O, qrammofon vallarında Cabbarın “Mahur”una, Seyidin “Çahargah”ına və xüsusilə Əbülhəsən xanın “Kürd-Şahnaz”ına saatlarla qulaq asar, bu böyük sənətkarların vurduqları guşə və xalları olduğu kimi təqlid edərdi.

Xanəndə İslam şagirdinin Əbülhəsən xanın sənətinə olan meylini bildiyindən üzünü İsfəndiyara tutub: 

- İsfəndiyar, gəlsənə sən də bizim üçün bir “Kürd-Şahnaz” oxuyasan, - deyə qavalı ona verdi. 

İslamın bu sözü sanki qonaqların ürəyindən oldu. Hamı bir səslə: - Bu çox gözəl olar - dedi. 

İsfəndiyar məclis əhlinin sözünü yerə salmadı. Əbülhəsən xanın oxuduğu “Kürd-Şahnaz”ı son dərəcə zil səslə ifa edib qavalı İslama verdi. Hamı heyrətə gəldi: “Əsl Xan bu imiş ki? Ü - deyə qonaqlar bir-birini mənalı baxışlarla süzdülər. Vəziyyəti belə görən İslamın şadlığının həddi-hüdudu yox idi. O, qürurla dilləndi: 

- İsfəndiyar, bu gündən sənin adın oldu Xan Şuşinski,- deyərək ona ustad xeyir-duasını verir.

Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.

KÖNLÜM KEÇİR QARABAĞDAN

Könlüm keçir Qarabağdan,

Gah o dağdan, gah bu dağdan.

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi

"Qarabağın şikəstəsi"

Xalq Şairi Səməd Vurğun məşhur "Azərbaycan" şeirinin Qarabağa həsr olunmuş bəndində məlahətli səsi və bənzərsiz ifası ilə hamını məftun edən Xan Şuşinskinin adının çəkilməsi heç də təsadüf deyil. Çünki böyük şairimiz çox yaxşı bilirdi ki, Xan Şuşinski "Qarabağ şikəstəsi"nin ən gözəl ifaçısıdır. O, bənzərsiz ifaya bu gün də qulaq asanda insanın doğulduğu torpağa sonsuz sevgisinin, Vətənə tükənməz məhəbbətinin şahidi olursan.

Görkəmli xanəndə Xan Şuşinskinin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan "Qəmərim", "Şuşanın dağları", "Ay gözəl", "Məndən gen gəzmə", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a Ceyran bala" mahnılarının müəllifi əslində Xan Şuşinskidir. "Şuşanın dağları" mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyli də xanəndənin ifasında mahnıları, xüsusilə "Qaragöz"ü dinləməkdən zövq alırmış.

QISA ARAYIŞ:

Azərbaycan muğam sənətinin "Xan"ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşir 1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya gəlib.

16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. 

Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəylinin "Qaragöz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.

Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat etmişdir. O, II Fəxri Xiyabanda dəfn olunub.

Xanəndənin adının əbədiləşdirilməsi məqsədilə Azərbaycanda "Xan Şuşinski Fondu" fəaliyyət göstərir. Sənətkarın böyük qızı Bəyimxanım Cavanşirova-Verdiyeva hazırda görkəmli sənətkarın adını daşıyan fondun rəhbəridir.

Xan Şuşinski 1943-cü ildə "Azərbaycan SSR Xalq artisti" fəxri adına və  1959-cu ildə "Şərəf Nişanı" ordeninə,  29 dekabr 1971-ci il tarixində Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür.

XATİRƏLƏRDƏN:

Deyilənə görə, Xan Şuşinski Mircəfər Bağırovun göstərişi ilə Bakıya köçəndən sonra ilk konsertinə insan axını çox güclü olduğundan növbədə dayananların sırasına atlı milislər nəzarət edirmiş. O, 1960-cı ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Muğam studiyası" yaradaraq gənc xanəndələrə sənətinin sirlərini öyrədib. Saysız-hesabsız pərəstişkarları böyük xanəndəni hətta kənardan görmək üçün səhər çağı filarmoniyaya gedən yol boyu düzülərək onun gəlib keçməsini gözləyərmişlər.

Səs tellərini qoruyan xanəndə qida rasionunda olan ziyanlı yeməklərdən imtina edərmiş. Sənət aləmində səsinin gözəlliyinə, diapazon genişliyinə görə tayı-bərabəri olmayan Xan Şuşinski düyü xörəyi yeməz, düyünün səs tellərini qurutduğunu, oxumağa əngəl törətdiyini deyərmiş.

Xanəndə rütubətli havada müəyyən muğamları da oxumazmış. Musiqişünas Firudin Şuşinski xatirələrində yazır ki, Tərtər rayonunda çal-çağır, şənlik məclislərinin birində Xan əmidən "Cahargah" muğamı oxumasını xahiş edib. Firudinə həmişə hörmətlə yanaşan Xan əmi bu dəfə onun təklifinə əməl etməyib: "Firi bala, rütubətli hava həmin muğamın oxunması üçün məsləhət deyil. Ona görə ki, səs telləri rütubətli havada çevikliyini itirir və xanəndənin "sözünə baxmır".

Ustad sənətkarın səs tellərinin "dərman"ı isə ətirli Azərbaycan çayı idi. O, oxumazdan əvvəl armudu stəkandakı təzədəm, ətirli çayı qoxulamaqla səsini kökləyərdi. Xanəndə radioya canlı konsert verməyə gələndə də özü ilə gətirdiyi kəmşirin çayın "dadına baxandan" sonra ifaya başlardı.

Ötən əsrin 50-ci illərinin radio konsertlərində xanəndələr indikindən fərqli olaraq canlı ifa edərdilər. Müğənnilər öz səslərinə arxayın olduqdan sonra oxuyardılar. Xan Şuşinskinin səsi isə Allah vergisi idi. Məlahətli səsi dinləyiciləri heyran qoyardı. Tarın zil pərdələrində oxuyanda da ağzını elə açardı ki, badamcıqları yox, cəmi 4-5 qabaq dişi görünərdi.

Xan Şuşinski gənc yaşlarından papiros çəksə də, sonradan Cabbar Qaryağdıoğlunun məsləhəti ilə qəlyan çəkməyə başlamış və ömrünün sonlarına qədər bu məşğuliyyətindən əl çəkməmişdi.

Cavanlığında at sürməyi, ov-ovlamağı xoşlar, iti görmə qabiliyyəti və cəld hərəkəti hesabına sərrast güllə atmağı bacararmış. Gözəl də nərd oynayarmış, nadir hallarda uduzarmış. Lakin savadı elə də olmayıb. Bir dəfə Moskva səfəri zamanı rus əlifbası ilə yazılmış “Zoopark” («Зоопарк») sözünü “300 park” kimi oxuyur.

Hafizəsi güclü olduğundan hətta ömrünün ixtiyar çağlarında belə yaddaşında minə yaxın şeir və qəzəli təhrifsiz saxlayıb, söyləyə və oxuya bilirdi. Eyni zamanda müasirlərindən, əsasən də Əliağa Vahiddən ilk dəfə o qəzəl oxuyur və onları məşhurlaşdırır.

Xan Şuşinski uzun illər övlad həsrəti ilə yaşayıb.

Bu mövzuya toxunan qızı Bəyimxanım atası haqqında belə demişdi: "Atam həmişə deyərdi ki, “Süsən-sünbül bitirmişəm, ömrü başa yetirmişəm, balam hanı?” mahnısını oxuyanda sanki öz taleyimi oxuyurdum. Deyirdi, o vaxtlar Allah mənə övladdan başqa hər şey vermişdi”.

Uzun illərdən sonra dörd övladının olması onu çox xoşbəxt edib.

Xan ilk həyat yoldaşı Tovuz xanımla 35 il evli olur, lakin övladları olmur. Tovuz xanım özü Xanın ikinci dəfə evlənməsini istəyir. Beləliklə, Xan Şuşinski ikinci dəfə 56 yaşında özündən 30 il cavan Suğra xanımla evlənir. Və Xan hər iki həyat yoldaşı ilə ömrünün sonuna kimi bir yerdə yaşayır. Lakin ilk xanımını incitməmək üçün onun yanında ikinci həyat yoldaşına heç vaxt isti münasibət göstərmir.

Bir gün Xan Şuşinski musiqiçi yoldaşları ilə toydan gəlirmiş. Quldurlar onları soymaq üçün faytonlarını saxladırlar. Sənətkar olduqlarını biləndə Xandan oxumasını istəyirlər. Xan necə oxuyursa, uzun müddət ev-eşiyindən uzaq düşmüş quldurbaşını ağlamaq tutur, onlara xələt verib sağ-salamat Şuşaya yola salır.

Qadın ifaçı ilə ilk duetin təşəbbüskarı və ifaçısı Xan əmi olub

Böyük bəstəkarımız Üzeyir bəy Hacıbəyov 1920-ci ilin payızında Qarabağda gənc ifaçılar axtarışına çıxır. Xan Şuşinski Üzeyir bəyin hüzurunda oxuyur, böyük bəstəkar onun səsini çox bəyənir və beləliklə müğənninin sənət karyerası başlayır. Sonralar Üzeyir Hacıbəyov Xan Şuşinskinin səsini və yaradıcılığını yüksək qiymətləndirərək ondan zövq aldığını dilə gətirir.

“Qarabağ Şikəstəsində” “Fələk vay-vay”, “Ölürəm” kəlmələri işıqlı kommunizm ideyalarına zidd olduğundan, muğamın mətnindən çıxarılmasını tələb edirlər. Xan Şuşinski dəfələrlə aidiyyatı məmurlara şikəstənin mahiyyətini və bu sözlərin havayı işlənmədiyini izah etməli olur. Bəzən inandıra bilir, bəzən yox. Misal üçün, “Şuşanın dağları başı dumanlı” ifadəsini o “Qızıl fond”dakı məşhur ifasında “Şuşanın dağları deyil dumanlı” kimi oxumaq məcburiyyətində qalır.

 

Moskvada, Böyük Teatrda Azərbaycan mədəniyyəti ongünlüyündə Sara Qədimova və Şövkət Ələkbərova ilə birlikdə “Qarabağ şikəstəsi” ifa edir. Zil pərdələri necə oxuyursa, kulisdə durmuş teatrın aparıcı solisti, SSRİ Xalq artisti İvan Semyonoviç Kozlovski heyrətə gəlir, iki əli ilə başını tutur və “Boje moy nu i qolos” deyə qışqıraraq səhnə arxasında var-gəl etməyə başlayır.

Xan əmi ölümünə 10 il qalmış heç vaxt əlinə qaval alıb bircə ağız belə oxumur və təbii ki, səhnəyə çıxmır. Bu, Azərbaycanın mədəniyyət tarixində vaxtında səhnədən getməyin ən ağayana nümunəsi hesab olunur.

SON SÖZ YERİNƏ:

Xanəndənin qızı atasının milli musiqimizə böyük əhəmiyyət verdiyini həmişə söyləyir.

Bəyimxanım Cavanşirova-Verdiyeva:  "1971-ci ildə atam Xan Şuşinskinin, böyük ustad tarzən Qurban Pirimovun dili ilə desək, "Fərhad kimi külüng çaldığı, müsəlləh əsgər kimi çalışdığı" Azərbaycan Dövlət Filarmoniyasında anadan olmasının 70 illik yubiley tədbiri çox böyük təntənə ilə qeyd edilirdi. Tədbirin sonunda Xan özünün möhtəşəm "Qarabağ şikəstəsi"ni ifa etdikdən sonra onu sevinclə izləyən tamaşaçılara dedi: "Əzizlərim, Azərbaycan xalqının mənəvi sərvəti olan muğamlarımızı, xalq musiqimizi uzun illər yad əllərdən, yad nəfəslərdən qoruyaraq indi də estafeti gənclərə verirəm. Sizdən bir təvəqqəm var. Qoruyun, muğamı!!!"...

...Zaman dəyişəcək. İllər bir-birini əvəz edəcək, ancaq Xan əminin, böyük muğam ustadımız Xan Şuşinskinin sənətinə, ecazkar səsinin sehrinə olan sevgi heç vaxt azalmayacaq.

Və gün gələcək, yenə də onun doğulduğu gözəl Şuşadan - Qarabağdan Xanın səsi, Qarabağ şikəstəsi eşidiləcək. 

O günə lap az qalıb...

Nurlanə ƏLİYEVA,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR