"İndi əmlak almaq məsləhətdir..." - Ekspert belə deyir

img

13-08-2020 [19:58]


“Daşınmaz əmlak bazarında hələ ki, nəzərə çarpan aktivlik yoxdur. Amma sektor mart-aprel aylarındakı ölü vəziyyətində də deyil. Daşınmaz əmlak bazarında aktivlik, alqı-satqıların həcmi yanvar-fevral ayı ilə müqayisədə mart-aprel ayında 30 faiz idi. Hazırda canlanma təxminən 50-55 faiz civarına qalxıb”.

Bunu NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli deyib.

Ekspert bildirib ki, ölkədə tətbiq edilən sərt karantin rejimi daşınmaz əmlak sektoruna da təsirsiz ötüşməyib:

“Ümumiyyətlə, əvvəlki aylardan fərqli olaraq, avqustda daşınmaz əmlak bazarında azalma var. Bu, avqust ayının isti keçməsi, insanların bir qədər istirahətə fikir vermələri ilə bağlı ola bilər. Bazarda müəyyən hərəkətlilik olsa da, insanlar hələ də ehtiyat edirlər. Çünki qeyri-müəyyənlik var, sabah nə olacağı bilinmir. Buna baxmayaraq, real ehtiyacı olan insanlar bu bazara üz tuturlar. Xüsusən ipoteka krediti ilə mənzil sahibi olmaq istəyənlər var. Amma qeyri-yaşayış sahələri bazarında hələ ki, süstlük var. Bir ara torpaq bazarında aktivləşmə oldu, amma indi yenə də durğunluq yaranıb”.

Nüsrət İbrahimli əhaliyə bəzi tövsiyələr də verib:

“Adətən ölkə iqtisadiyyatı krizdən çıxmağa başlayanda daşınmaz əmlak bazarı böhranın ən aşağı nöqtəsində olur. Həmin anda əmlak almaq məsləhətdir. Bu an bu gün olacaq, ya sabah - bunu tutmaq lazımdır”.

Mütəxəssis hesab edir ki, bu il daşınmaz əmlak bazarında qiymətlərin artma ehtimalı çətin görünür: “Bəzi aylarda 2-3 faiz azalma, növbəti aylarda 2-3 faiz artım olur. Ümumən ilin sonuna qədər nisbi stabillik proqnozlaşdırılır”.

Nüsrət İbrahimli deyir ki, əvvəlki illərdə adətən payızda daşınmaz əmlak sektorunda canlanma müşahidə olunurdu:

“Amma bu il istisna olacaq. Çünki payız ayları tədrisin başlama tarixidir. Tələbə kontingentinin tələbi bu sektordakı aktivliyin əhəmiyyətli hissəsini təşkil edirdi. Amma bu il tədrisin necə, hansı şərtlərlə, hansı qrafiklə və ya mərhələlərlə başlayacağı istiqamətində bir qeyri-müəyyənlik var. Ona görə bu haqda əvvəlcədən proqnoz vermək çətindir. Amma hər halda əvvəlki illərin aktivliyi bu il müşahidə edilməyəcək”.  /Teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR