"HEÇ BİR İFADƏ VERMƏMİŞƏM..." - Nazir müavinindən həmkarı ilə birgə DTX-ya çağırılma xəbərinə reaksiya (YENİLƏNİB)

img

12-08-2020 [22:21]


"Mən istintaqa çağırılmamışam. Ümumiyyətlə, nə bu gün, nə də bundan əvvəl heç bir orqana dəvət edilməmişəm və heç bir ifadə verməmişəm".

Mia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov deyib.

R.Həsənov bildirib ki, mediada onun DTX-də istintaqa çağırılması və fəaliyyətinin araşdırılması ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir: "Ümumiyyətlə, mənim fəaliyyət sahəm tamam başqadır. Mətbuat bu cür məlumatları tirajlayarkən dəqiqləşdirmə aparmalıdır. Bu, tamamilə yanlış məlumatdır və mətbuatın dəqiqləşdirmədən belə xəbərləri yazmasına təəssüf edirəm".

Qeyd edək ki, "Musavat.com" Xarici İşlər nazirinin iki müavininin bu gün DTX-də saatlarla istintaq altında olması barədə xəbər yayıb. Xəbərdə qeyd olunub ki, Xarici İşlər nazirinin müavinləri Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-yə çağırılıb və saatlarla ifadə veriblər.

Məlumata görə, aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər Nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir.

Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində bu il iyulun 3-də keçirdiyi əməliyyat nəticəsində nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla bir neçə əməkdaşı saxlanılıb. Daha sonra saxlanılanlar barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

Bu hadisələrdən bir qədər sonra Prezident İlham Əliyevin sərəncamı ilə Xarici İşlər naziri Elmar Məmmədyarov vəzifəsindən azad edilib.

***

Xarici İşlər nazirinin iki müavini bu gün DTX-da saatlarla istintaq altında olublar.

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, iki nazir müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb, saatlarla ifadə veriblər.

Aparılan istintaq hərəkətlərinin nəticəsi olaraq yaxın günlərdə Xarici İşlər nazirliyinin ali rəhbərliyinə aid vəzifəli şəxslərin həbsi gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci ilin 6 iyulunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilb. Nəticədə XİN-in vəzifəli şəxsləri Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev isə rüşvət alma faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Görünən budur ki, proses bütün ciddiyyəti ilə davam edir və cəmiyyət qarşıdakı günlərdə sensasion həbslərin şahidi olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR