"Kimlərsə ifrat varlanıb, buynuz çıxarıb və..." - Deputatdan seçicilərlə görüşdə sərt açıqlamalar

img

11-08-2020 [19:37]


"İmişli uzun illər problemlər içində üzüb. Dövlət investisiya proqramları, sosial layihələr və büdcə hesabına görülən işlər üçün ayrılan pullar mənimsənilib və nəticədə keyfiyyətsiz binalar, sosial obyektlər və xarabalıqlara bənzəyən yerlər meydana gəlib. Kimlərsə də ifrat varlanıb, buynuz çıxarıb və insanların bədbəxtliyi üzərində qurulan xöşbəxtliyə yüksəlmək istəyib".

Mia.az xəbər verir ki, bu sözləri İmişlidə sakinlərlə görüşən Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib.

O bildirib ki, dünən İmişlidə Nəcməddin Savalanov küçəsi 81-də müharibə veteranları və şəhid ailələri üçün tikilən binanın sakinlərinin tələbi ilə onlarla görüşüb, durum ağır və üzücüdür:

“Bina tikilən zaman kanalizasiya üçün nəzərdə tutulan şambonu kiçik qazıblar, dolur və binanı üfunətə bürüyür. Yolu kanalizasiya suları basır. Sakinlərin evində murdar su daşıb evlərə dolur. Kim belə yaşaya bilər? Pulu yeyiblər. Binanın yarı ərazisi bir sahibkara satılıb və binanın həyətində kiçik yer qalıb. O sahibkara kim satıbsa, necə satıbsa, istintaq gərək müəyyən edib həbslər həyata keçirsin. Kim binanı tikibsə, hansı qaranlıq pul silmələrdə iştirak edibsə məsuliyyətə cəlb olunmalı və öz hesabına binada olan problemləri aradan qaldırmalıdır.

Prezidentin sərəncamı və ayırdığı vəsait ilə bu binalar tikilir ki, veteranlar və şəhid ailələri dövlətdən razı qalsınlar. Onlar narazı qalacaqsa, rahat yaşaya bilməyəcəksə, əsəb gərginliyi içində yaşayacaqsa, bu sosial layihənin mənası nədir?”

“Binanın təmiri üçün xeyli vəsait tələb olunur” deyən deputat bildirib ki, ya istintaq orqanı günahkarlardan oğurladıqlarını geri alıb təmirə yönəltməli, ya da yeni vəsait ayrılmalıdır:

“İcra hakimiyyəti gündə maşınlarla şambonun çirkli suyunu daşımaq üçün texnikanı səfərbər edir, amma kiminsə günahının əzabını niyə təzə başçı çəkməlidir?

Bu barədə nazir Sahil Babayev ilə də danışacam. Amma, mən dövlətin yetklilərinin diqqətini bu məsələyə çəkirəm ki, səfərbər olsunlar. Problem böyüməsin.

Həm də ortaya bir maraqlı fakt çıxır. İmişli boyda bir yerdə su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi yarımçıq qalıb. Mütləq vəsait ayrılmalı və iş başa çatdırılmalıdır”.

Razi Nurullayev vurğulayıb ki, ümumiyyətlə, İmişlidə bir çox problemlərin həlli üçün dövlətin qayğısı və köməyi lazımdır:

“Bu barədə yaxın günlərdə görüşlərə başlayacam. İcra hakimiyyətinin üzərinə tam məsuliyyəti qoymaqla da iş bitmir. Xarabazara çevrilmiş bir yeri abad yerə çevirmək üçün ya vəsaitin olmalıdır, ya da sehrbazlığın. Nə o var, nə də bu. Indi İmişli neyləsin?”.


Digər xəbərlər
SON XƏBƏRLƏR