ƏƏSMN "2 milyardlıq tender"lə bağlı açıqlama yaydı

img

20-07-2020 [15:59]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 18 şəhər və rayonda (Ağdam, Naftalan, Göyçay, Zərdab, İmişli, Ağstafa, Lənkəran, Kürdəmir, Xızı, Oğuz, Daşkəsən, Qəbələ, Quba, Fizuli, Şəki, Balakən, Gədəbəy, Lerik) Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Report vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Az AVS” QSC-dir.

Qalib şirkətə 1 988 milyon manat ödəniləcək.

***

Mia.az xəbər verir ki, məsələ ilə bağlı ƏƏSMN-in mətbuat katibi Fazil Talıbov açıqlama yayıb.

O bildirib ki, nazirlik şəhid ailələri və müharibə əlilləri üçün 290 fərdi evin tikintisi məqsədilə 2 milyard deyil, 19,9 milyona yaxın vəsait xərcləyəcək:

"Saytlardan birində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 290 fərdi evin tikintisi üçün guya 2 milyard manata yaxın pul xərcləyəcəyi barədə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir.

Əslində, həmin məbləğ 19 milyon 884 min 431 manatdır.

Nazirlik bu sahədə də büdcə vəsaitlərinin daha qənaətli istifadəsi üçün 274 fərdi ev üçün ayrılmış həmin vəsait hesabına bundan daha çox, 290 fərdi evin tikilməsini təmin edəcək. Bu barədə tender.gov.az saytında da rəsmi məlumat var.

Lakin fərdi evlərin tikintisi işlərinin satın alınması üçün müvafiq saytda dərc edilmiş tender müqaviləsinin maliyyə göstəricisi qeyd edilərkən texniki yanlışlığa yol verilib və tam işarəsini bildirən vergül qeyd edilmədiyindən “19884431,31” rəqəmi “1988443131” kimi göstərilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR