Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi yaradılır

img

17-07-2020 [11:38]


Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə kommunal sahədə mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin edən – Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi, kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin, həmçinin yanacaq-enerji balansının elektronlaşdırılması ilə bağlı proqram təminatının yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin yaradılması bu sahədə zəruri məlumatların toplanıldığı, emal edildiyi informasiya sistemlərinin və ehtiyatlarının inteqrasiyasını, monitorinqlərin və analitik təhlillərin aparılmasını, proqnozların hazırlanmasını və mərkəzləşdirilmiş elektron xidmətlərin göstərilməsini təmin etmək məqsədi daşıyır. İstehlakçıların bütün kommunal xidmətlər üzrə onlara aid məlumatları vahid şəxsi kabinet üzərindən idarə etmələrinə imkan yaradır.

İclasda Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. KXVİS-in “Texniki Tapşırığı”nın, internet səhifəsinin dizaynı və loqosunun hazırlandığı qeyd edilib. Sistemin proqramlaşdırılmasına başlanılması, o cümlədən monitorinq formaları və problemlər haqqında əhaliyə məlumatların ötürülməsi mexanizmlərinin müəyyənləşdirilməsi ilə bağlı növbəti addımlar nəzərdən keçirilib. Qeyd edək ki, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin operatoru funksiyalarının Energetika Nazirliyinə həvalə edilməsi nəzərdə tutulur.

İclasda, həmçinin kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin və yanacaq-enerji balansının elektronlaşdırılması ilə bağlı proqram təminatının yaradılmasına dair fikir mübadiləsi aparılıb və müvafiq tövsiyələr verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR