"Bir də soruşmaq istəyirəm ki, texnika ilə təminat nə yerdədir?" - İnam Kərimov da Prezidentə hesabat verdi

img

16-07-2020 [09:18]


“Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulur, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilir. Xüsusi karantin rejimi dövründə bölgələrdə mineral gübrə, pestisid, toxum təchizatı və satışı, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib”.

Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazirin özlərinə görə, bu günədək əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında xüsusi bir problem qeydə alınmayıb:

 

Nazir İnam Kərimov çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, verdiyiniz tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir. Pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulur, kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilir. Xüsusi karantin rejimi dövründə bölgələrdə mineral gübrə, pestisid, toxum təchizatı və satışı, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib. Bu günədək əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında xüsusi bir problem qeydə alınmayıb. Hazırda əsas diqqət taxıl biçininin yekunlaşmasına yönəlib, ölkə üzrə bir milyon hektardan artıq taxıl sahəsində məhsul yığımı aparılmaqdadır. Taxıl biçinində bu günlərdə ümumiyyətlə 1700-dən artıq kombayn iştirak edib və nazirlik tərəfindən biçinə 700-ə yaxın kombayn cəlb olunub. Hazırkı dövrə qədər 860 min hektardan çox sahədə taxıl biçini aparılıb, sahələrdən bu günədək ilkin olaraq 2,7 milyon tondan artıq məhsul toplanılıb. Bugünkü günə taxıl üzrə orta məhsuldarlıq hər hektarda 31,5 sentner təşkil edir. Müvafiq olaraq buğda üzrə orta məhsuldarlıq 32,3 sentner, arpa üzrə isə 30,1 sentnerdir. Bu il havaların quraq keçməsi, yağıntı miqdarının azalması və su çatışmazlığı xüsusilə bir sıra Aran rayonlarında yüz min hektar ərazidə taxılın becərilməsində problemlər yaradıb. Ancaq buna baxmayaraq, suvarma problemi yaşamayan əksər rayonlarda taxıl üzrə məhsuldarlıq göstəricisi əvvəlki illə müqayisədə xeyli yüksəkdir. Bəzi rayonlarda, məsələn Bərdədə 44,1 sentner, Saatlıda 40,8 sentner, Samuxda 40,3, Tərtər və Ağdamda 40,1 sentner orta məhsuldarlıq əldə edilib. Bir sıra özəl təsərrüfatlarda, o cümlədən nazirliyin pilot təsərrüfatlarında məhsuldarlıq 60 sentnerədək olmuşdur.

Hesabat dövründə bitkiçilik məhsulları istehsalında artım dinamikası davam etmişdir. 2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə, 9,7 faiz çox kartof istehsal edilib.

Cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib, pambıq sahələrində 100 faiz bitiş alınıb. Pambıq əkinlərinin gübrə, dərman preparatları və texnika təminatı ilə bağlı tədbirlər həyata keçirilib. Burada da məhsuldarlığa təsir edə biləcək əsas risklərdən biri quraqlıqla bağlıdır.

Möhtərəm cənab Prezident, ümumiyyətlə bu il məhsuldarlığa təsir edə biləcək ən böyük risk quraqlıq və su çatışmazlığıdır. Bu konteksdə heyvandarlığın yem bazasının yaxşılaşdırılması məqsədilə təkrar qarğıdalı əkinlərinin aparılmasına başlanılıb. İlkin olaraq 35 rayon üzrə 50 min hektar sahədə qarğıdalı əkini nəzərdə tutulub. Artıq 32,6 min hektar sahədə şum və digər səpinqabağı işlər aparılıb, 27,5 min hektar sahədə səpin işləri həyata keçirilib. Digər yazlıq əkinlər üzrə, o cümlədən çəltik, tütün, şəkər çuğunduru, bostan, tərəvəz əkinləri üzrə tədbirlər davam etdirilir. 2020-ci ilin yanvar ayından fermerlərə subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən həyata keçirilir. Bu günədək 506 mindən çox fermer qeydiyyatdan keçib, 415 mindən artıq fermer payızlıq, yazlıq və çoxillik əkinlərini bəyan edib. Cari tarixə 418 mindən artıq “fermer kartı” hazırlanıb, 404 min fermer öz kartlarından istifadə etməyə başlayıb. Müraciətləri təsdiqlənmiş 388 mindən çox fermerin kart hesabına 213,8 milyon manat əkin subsidiyası üçün vəsait köçürülüb.

Eyni zamanda, qeyd etmək istərdim ki, seriya kartlarından təyinatına uyğun istifadə etməyən fermerlərə və şirkətlərə qarşı ciddi tədbirlər görülür. Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını öyrənmək məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən cari ilin altı ayı ərzində 100-dən artıq şirkət vasitəsilə 2380 kənd təsərrüfatı texnikasının 128 hüquqi və 910 fiziki şəxsə satışı maliyyələşdirilmişdir. Həmçinin hesabat dövründə 4700 baş damazlıq heyvanın güzəştli satışı maliyyələşdirilib. Bu il suvarma avadanlığı, soyuducu anbar, traktor və digər texnikaların alınmasının subsidiyalaşdırılması üzrə fermerlərin adından çoxsaylı müraciətlər daxil olmaqdadır. Bu müraciətlərin icrası üçün əlavə vəsait ayrılması ilə bağlı bütün fermerlərimizin xahişlərini Sizin yüksək diqqətinizə çatdırmaq istərdim. Sizin aprel ayında imzaladığınız Sərəncama əsasən fermerlərimizin maliyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması məqsədilə aqrar sektora girovsuz mikrokreditlərin verilməsinə başlanılıb. Artıq aprel ayından bu günə qədər 1000-dən artıq fermerə ümumilikdə 9,5 milyon manat mikrokredit verilibdir. Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üzrə komissiyanın koordinasiyası ilə regionlarda dövlət aqrar inkişaf mərkəzlərinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin idarələri və yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti əlaqələndirilib, suvarma qrafikləri tərtib olunub və qrafiklərə əməl edilməsi ilə bağlı yerlərdə maarifləndirmə və nəzarət işləri aparılır.

Möhtərəm cənab Prezident, hazırkı günlər aqrar sektorda təsərrüfat fəaliyyətinin ən qızğın dövrüdür. Dövlətin fermerlərə göstərdiyi qayğı və davamlı dəstək onların daha da yüksək nəticələr əldə etməsini şərtləndirir. Bu sahəyə ayırdığınız daimi diqqət fermerlərin məsuliyyətini də artırır. Sizi əmin etmək istərdik ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün qarşımıza qoyduğunuz vəzifələri bu il də layiqincə yerinə yetirəcəyik və xüsusilə pandemiya və quraqlıq şəraitində kənd təsərrüfatının bütün istiqamətlərində yüksək məhsuldarlığı qorumaq üçün səylərimizi əsirgəməyəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham Əliyev: Mən qeyd etdim, bir daha demək istəyirəm ki, ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində olmalıdır. Eyni zamanda, bizim ixrac imkanlarımız da genişləndirilməlidir. Biz heç vaxt unutmamalıyıq ki, ölkəmizin əhalisi artır, ölkəmizə gələn xarici qonaqların sayı 2020-ci il istisna olmaq şərti ilə artır. Belə olan halda daxili tələbat da artacaq. Daxili tələbat nə qədər artacaqsa, əgər kənd təsərrüfatı istehsalı indiki yerində qalarsa, ixrac imkanlarımız bir o qədər azalacaq. Ona görə kənd təsərrüfatının intensiv yollarla inkişafı bizim üçün prioritet məsələ olmalıdır. Bütün digər tədbirlərlə yanaşı, əlbəttə ki, su mənbələrinin düzgün müəyyən edilməsi, su itkilərinin azaldılması və suyun əkin sahəsi başına çatdırılması ön planda olan məsələlərdir. Bilirəm ki, İqtisadiyyat Nazirliyi komissiyada Kənd Təsərrüfatı Nazirliyi, digər aidiyyəti qurumlarla birlikdə fəal işləyir ki, bu məsələlər kompleks şəkildə öz həllini tapsın və müasir suvarma sistemlərinin Azərbaycanda tətbiq edilməsi üçün əlavə tədbirlər görülsün. Lazım olarsa, bu, infrastruktur layihə olduğu üçün əlbəttə ki, dövlət dəstəyi göstərilə bilər. Eyni zamanda, sahibkarlara bu məqsədlər üçün güzəştli şərtlərlə kreditlərin verilməsinə də baxılmalıdır.

Hesab edirəm ki, təkrar əkinlə bağlı ilkin təcrübə müsbətdir. Təkrar əkini stimullaşdırmaq, fermerləri maraqlandırmaq üçün dövlət əlavə maliyyə vəsaiti ayırıb. Əlbəttə ki, 50 min hektarda qarğıdalının əkilməsi bizim yem bazamızı böyük dərəcədə formalaşdıracaq və idxaldan asılılıq buna uyğun şəkildə azalacaqdır. Bu ilkin təcrübəni siz çox düzgün təhlil edin və əgər bu il, - əgər belə demək mümkündürsə, - son anda siz bu təklifi verdiniz. Biz gələn ilə artıq bəri başdan hazırlaşmalıyıq və yerlər düzgün müəyyən edilməlidir. Bunu pilot layihə də adlandırmaq olar və əminəm ki, 50 min hektarda əkilən qarğıdalı və bunun nəticələri digər fermerlər üçün də maraqlı ola bilər.

Eyni zamanda, bizim bəzi iri fermer təsərrüfatlarında çox gözəl nəticələr əldə edilib - siz də qeyd etdiyiniz kimi, kənd təsərrüfatının pilot sahələrində bəzi hallarda 60 sentner. Eyni zamanda, mən bu yaxınlarda bölgələrdə səfərdə olarkən mənə məlumat verildi ki, Tovuz, Samux rayonlarında fəaliyyət göstərən aqropark Samux ərazisində bir hektardan haradasa 60, Tovuz rayonu ərazisində 70 sentnerdən çox buğda məhsulu götürülür.

Ona görə hesab edirəm ki, bu qabaqcıl təsərrüfatların təcrübəsi öyrənilməlidir. Digər fermerləri bu təcrübə ilə tanış etmək lazımdır. Ola bilsin ki, təkcə bir aqropark deyil, bir neçə bizim böyük fermer təsərrüfatımız gözəl nəticələr əldə edir. Bu təsərrüfatların nümayəndələri regional mərkəzlərdə təlim kurslarında iştirak edə bilərlər. Eyni zamanda, maraqlı olan fermerləri bu təsərrüfatlara dəvət etmək olar. Onların gəlişini təşkil etmək olar ki, təcrübə mübadiləsi mütləq olsun. Əlbəttə ki, kiçik fermer təsərrüfatlarında belə böyük nəticələr gözləmək bəlkə də düzgün olmaz. Ancaq biz əgər bütövlükdə məhsuldarlığı daha da yüksək səviyyəyə qaldırsaq, onda elə mövcud əkin sahələrini nəzərə alaraq biz özümüzü daha böyük məhsulla təmin edə bilərik.

Kənd təsərrüfatı üzrə peşə məktəblərinin yaradılması məsələsinə İqtisadiyyat Nazirliyi ilə birlikdə baxın. Ola bilər ki, Gəncə Dövlət Aqrar Universitetinin bazasında, bu yaxınlarda yeni korpus açılıbdır. Belə peşə məktəbləri müxtəlif bölgələrdə, müxtəlif kənd təsərrüfatı məhsulları üzrə mütləq yaradılmalıdır. Lazım olarsa, qabaqcıl xarici mütəxəssisləri də bu işlərə cəlb edin.

Bir də soruşmaq istəyirəm ki, texnika ilə təminat nə yerdədir və əlavə texnikanın gətirilməsinə ehtiyac var, yoxsa yox?

İnam Kərimov dedi:

- Möhtərəm cənab Prezident, artıq texnika təminatı ilə bağlı Sizin ötən il həyata keçirdiyiniz islahat nəticəsində bu sahədə bazarda tam liberallaşma baş vermişdir. Liberallaşma nəticəsində artıq istənilən şirkət kənd təsərrüfatı texnikasını gətirib fermerlərimizə təqdim edə bilər. Bu il 100-dən artıq şirkət vasitəsilə 2380 kənd təsərrüfatı texnikası fermerlərimizə satılmışdır. Müqayisə üçün demək istəyirəm ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 1151 təşkil edirdi. Artıq damazlıq heyvanlar sahəsində də bu rəqəm bir neçə dəfə artmışdır. Həmçinin bildirmək istəyirəm ki, “Aqrolizinq”in bazasında olan əvvəlki illərdə alınmış texnikalar da satışa çıxarılmışdır və 179 texnika “Aqrolizinq” vasitəsilə yəni, 100 şirkətdən biri qismində iştirak edərək fermerlərimizə öz texnikalarını satmışdır.

Bu il əsas fərqlərdən biri o idi ki, Sizin göstərişinizlə “Aqrolizinq”ə 28 milyon manat ayrılmışdır və 125 kombayn “Aqrolizinq” tərəfindən aqroservislər üçün alınmışdır. Bu kombaynlardan 25 ədədini Azərbaycanda, ümumiyyətlə MDB məkanında ilk dəfə olaraq dağ kombaynları təşkil etmişdir. Əvvəllər fermerlərimiz məhsul itkisindən, o cümlədən təhlükəsizlik qaydalarına əməl etmək baxımından əziyyət çəkirdilər. Dağ kombaynları fermerlərimizə məhsulu itkisiz, tam yığmağa imkan vermişdir. Bu il, çıxışımda vurğuladığım kimi, fermerlərimiz, əsasən böyük fermerlərimizdə soyuducu anbarların, suvarma sistemlərinin qurulması və digər böyük kənd təsərrüfatı texnikası alınması üçün maraq var. Onlar, həmçinin böyük aqroparklar bu istiqamətlərdə Kənd Təsərrüfatı Nazirliyinə əlavə müraciətlər etmişlər. Amma ümumilikdə tam əminliklə deyə bilərik ki, bu il hazırda fermerlərimizin texnika baxımından problemi yoxdur və builki taxıl biçini mövsümü də bir daha göstərdi ki, bu sahədə dövlətimiz tərəfindən bütün tədbirlər həyata keçirilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR