Sahibkarlara veriləcək kreditlərlə bağlı yeni qaydalar təsdiqləndi - Hökumət iki qərar verdi

img

09-07-2020 [22:57]


Nazirlər Kabineti  “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edib.

Mia.az xəbər verir ki, qərara əsasən, bu Qayda sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla alacaqları kreditlərə dövlət zəmanəti və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verilməsinə dair tələbləri, müraciət qaydasını, zəmanət və faiz subsidiyası üzrə ödəniş şərtlərini və digər məsələləri müəyyən edir. Qaydaya əsasən, əməkdaşlıq müqaviləsi – zəmanətin və faiz subsidiyasının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu ilə müvəkkil kredit təşkilatının qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi sənəd,müvəkkil kredit təşkilatı Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən və Fondla əməkdaşlıq müqaviləsi bağlayan kredit təşkilatı, zəmanət sahibkarlıq subyekti kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun əsas borcunun 60 faizədək hissəsinin ödənilməsinə dair Fondun müvəkkil kredit təşkilatı qarşısında öhdəliyi, dövlət zəmanəti zəmanət üzrə Fondun ödənişini müvəkkil kredit təşkilatı qarşısında təmin edən dövlətin öhdəliyidir. Zəmanətin kreditə nisbəti kreditin verilməsi tarixinə zəmanətin məbləğinin kreditin əsas məbləğinə nisbəti (örtülmə əmsalı), faiz subsidiyası bu Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla aldıqları kreditlərə zəmanət verildiyi təqdirdə, həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin əvəzsiz verdiyi maliyyə vəsaiti,   zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş və İnternet Vergi İdarəsinin məlumat bazasında yerləşdirilmiş iqtisadi fəaliyyət növlərinin təsnifatıdır.

REKLAM

subaru.az

Читать дальше
Zəmanət zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından almaq istədikləri kreditlərə verilir. Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanıb ödənilir. Zəmanət aşağıdakı hallarda verilmir:

- sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə;

-  kredit hesabatına əsasən, sahibkarlıq subyektinin 2020- ci il 10 mart tarixinə 60 (altmış) gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda;

- sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;

- sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda;

-  sahibkarlıq subyekti zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növü ilə məşğul olmadıqda;

- sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda;

- sahibkarlıq subyektinə münasibətdə vergiləri ödəməkdən yayınma ilə bağlı cinayət təqibi həyata keçirildikdə;

- sahibkarlıq subyekti Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara əsasən riskli vergi ödəyicisi olduqda;

- sahibkarlıq subyektinin fəaliyyət növü təsərrüfat subyektinin (və ya obyektinin) uçota alınmasının tələb edildiyi halda, belə obyekt vergi orqanında uçota alınmadıqda;

- sahibkarlıq subyektinin müraciət tarixinə fəaliyyəti dayandırılmış olduqda və (və ya) ləğvetmə prosesində olduqda;

- sahibkarlıq subyektinin faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluqlar aşkar edildikdə.

Balansarxası öhdəliklərə zəmanət və faiz subsidiyası verilmir. Faiz subsidiyası dövlət tərəfindən yaradılmış maliyyə institutlarının və fondlarının resursları hesabına verilən güzəştli kreditlər istisna olmaqla, bu Qaydada nəzərdə tutulan şərtlər əsasında zəmanət verilən kreditlərə şamil olunur. Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 50 faizi həddində verilir.  Zəmanət və faiz subsidiyası verilmiş kredit vəsaitlərindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməli və bunu müvafiq təsdiqedici sənədlərlə rəsmiləşdirməlidirlər.

Dövlət zəmanəti verilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:

- hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalı;

- kreditin illik faiz dərəcəsi 15 faizdən yuxarı olmamalı;

- kreditin müddəti 3 ildən çox olmamalı;

- kredit üzrə güzəşt müddəti 12 aydan artıq olmamalı;

- bir kredit üzrə zəmanətin kreditə nisbəti 60 faizdən çox olmamalı.

Dövlət zəmanəti bu Qaydada nəzərdə tutulan tələblərə cavab verən kreditlərə Maliyyə Nazirliyi tərəfindən həmin Nazirliklə Fond arasında bağlanılmış Çərçivə Zəmanət Sazişi əsasında verilir. Çərçivə Zəmanət Sazişi əsasında verilmiş dövlət zəmanətindən istifadə edilməsi barədə Maliyyə Nazirliyinə hər növbəti ayın 10-dək hesabat verir. Hesabatın forması Fond və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir.

Dövlət zəmanəti üzrə öhdəliklərin icrası və bu öhdəliklərlə bağlı edilmiş ödənişlərin bərpası bu Qaydaya uyğun olaraq həyata keçirilir. Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən kredit təşkilatları müvəkkil qismində Fondla əməkdaşlıq müqaviləsi bağlayırlar. Əməkdaşlıq müqaviləsinin şərtlərini və formasını bu Qaydanın tələbləri nəzərə alınmaqla, Fondun Müşahidə Şurası təsdiq edir. Əməkdaşlıq müqaviləsində ən azı aşağıdakı şərtlər öz əksini tapmalıdır:

- müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılmış kredit müqaviləsi əsasında verilmiş zəmanət bu Qaydada nəzərdə tutulan hallarda ləğv ediləcəyi təqdirdə, faiz subsidiyası həcmində kredit faizlərini aşağı salmaq öhdəliyinin təsbit olunması;

- zəmanət verilmiş kredit üzrə öhdəliyin icra edilməsi üçün sahibkarlıq subyektinə qarşı tələb hüquqlarının Fonda güzəşt edilməsi.

Hər bir müvəkkil kredit təşkilatı üçün onun müraciəti əsasında Fondun Müşahidə Şurası limit müəyyən edir. Müvəkkil kredit təşkilatının müraciəti əsasında 30 təqvim günü ərzində Fondun Müşahidə Şurasının qərarı ilə onlara əlavə limit müəyyən edilə bilər. Müvəkkil kredit təşkilatı tərəfindən istifadə edilməmiş zəmanət limiti Fondun Müşahidə Şurasının qərarı ilə azaldıla və ya ləğv edilə bilər. Fond müvəkkil kredit təşkilatlarına limitlərin ayrılması məqsədilə onların prudensial və bank statistikası hesabatlarından zəruri olan göstəricilər (maliyyə-statistik göstəriciləri) barədə məlumatı almaq üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edir.

Zəmanət və faiz subsidiyası aşağıdakı qaydada verilir:

- sahibkarlıq subyekti zəmanət tələb olunan kredit sifarişi ilə müvəkkil kredit təşkilatını seçməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Elektron kredit platforması” (bundan sonra – elektron platforma) vasitəsilə müraciət edir;

-elektron platforma vasitəsilə sahibkarlıq subyektinin bu Qaydada nəzərdə tutulmuş meyarlara uyğunluğu dərhal yoxlanılır. Meyarlara uyğun olmayan müraciət barədə sahibkarlıq subyektinə bildiriş göndərilir, uyğun olan müraciətlər isə baxılması üçün sahibkarlıq subyektinin seçdiyi müvəkkil kredit təşkilatına və Fonda yönləndirilir;

- müvəkkil kredit təşkilatı Qayda üzrə müraciətlər istisna olmaqla 2 iş günü müddətində siyahısı Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən müvafiq sənədləri Fonda göndərir;

- Fond müraciət daxil olduğu gündən 10 iş günü müddətində sahibkarlıq subyektinin faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunluğu dəqiqləşdirir, təqdim edilmiş kredit sifarişi üzrə maliyyə-kredit təhlili aparır və rəyini elektron platformada yerləşdirir;

- müvəkkil kredit təşkilatı müraciət daxil olduğu gündən 10 iş günü müddətində (200 min manatadək olan kredit üzrə 7 iş günü müddətində) sahibkarlıq subyektinin bu Qaydada nəzərdə tutulmuş meyarlara uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə kredit təhlili aparır və müvafiq qərarını (imtina edildikdə səbəbləri göstərilməklə) elektron platformada yerləşdirir;

- kredit sifarişi üzrə müvəkkil kredit təşkilatının qərarı və Fondun rəyi müsbət olduqda, müvəkkil kredit təşkilatı zəmanət və faiz subsidiyası üçün müvafiq sənədləri təqdim etməklə Fonda müraciət edir. Təqdim olunan sənədlər Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir;

-  Fond 3 iş günü ərzində müvəkkil kredit təşkilatının zəmanət və subsidiya üzrə müraciətinə dair qərar qəbul edir və qərar müsbət olduqda müvəkkil kredit təşkilatına zəmanət məktubu, imtina edildikdə isə səbəbləri göstərilməklə müvəkkil kredit təşkilatına və sahibkarlıq subyektinə bu barədə rəsmi məlumat göndərir.

Zəmanət məbləği müvəkkil kredit təşkilatının müraciəti əsasında müəyyən edilir. Zəmanətin qüvvədə olduğu müddətdə zəmanətin kreditə nisbəti müvəkkil kredit təşkilatının müraciəti əsasında azaldıla bilər. 200 min manatadək olan kredit üzrə müraciətə sürətli baxılması üçün sahibkarlıq subyekti elektron platforma vasitəsilə müraciət edir. Bu zaman müvəkkil kredit təşkilatı Qayda üzrə müraciətə baxılmasını təmin edir, Fond isə yalnız Qaydanın tələblərini yoxlayır və faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluq olmayan sahibkarlıq subyektləri üzrə müvəkkil kredit təşkilatının müsbət qərarını əsas götürməklə 1 iş günü müddətində müvəkkil kredit təşkilatına zəmanət məktubu göndərir. Bu göstəricilərdə uyğunsuzluq aşkar edildikdə isə bu Qaydaya uyğun olaraq rəsmi məlumat göndərir. Müraciətinə imtina edilmiş sahibkarlıq subyekti imtinaya əsas olmuş hallar aradan qaldırıldıqdan sonra müvəkkil kredit təşkilatlarına yenidən müraciət edə bilər.

Zəmanətin verilməsi və faiz subsidiyasının ayrılması ilə bağlı məlumat müvəkkil kredit təşkilatı və sahibkarlıq subyekti arasında bağlanılan kredit müqaviləsində qeyd olunur və müqavilə imzalanır. Zəmanət bu Qaydada nəzərdə tutulan birdəfəlik zəmanət haqqı Fondun hesabına ödənildiyi tarixdən qüvvəyə minir. Müqavilə 30 təqvim günü müddətində imzalanmadığı halda, Fondun zəmanəti etibarsız sayılır. Müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında kredit müqaviləsi imzalandıqdan sonra, müvafiq kredit müqaviləsinin bir nüsxəsi (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin təsdiq olunmuş surəti və ya bir nüsxəsi (olduqda), birdəfəlik zəmanət haqqının ödənilməsini təsdiq edən sənəd müvəkkil kredit təşkilatı tərəfindən 3 iş günü müddətində Fonda təqdim edilir.Zəmanət verilməsi və faiz subsidiyasının ayrılması üçün Fonda təqdim edilmiş sənədlər geri qaytarılmır.

 

Müvəkkil kredit təşkilatı zəmanət verilməsinə görə Fonda birdəfəlik geri qaytarılmayan zəmanət haqqı və illik komissiya ödəyir.       Birdəfəlik zəmanət haqqı müvəkkil kredit təşkilatı tərəfindən verilmiş kredit məbləğinin 1 faizi həcmində hesablanır və kredit müqaviləsinin imzalandığı tarixdən 3 iş günü müddətində Fonda ödənilir. Fond birdəfəlik zəmanət haqqının 50 faizini 2 iş günü müddətində Maliyyə Nazirliyinə köçürür və bu barədə müvafiq təsdiqedici sənədləri təqdim edir. Müvəkkil kredit təşkilatı zəmanətin qüvvəyə mindiyi tarixdən həmin kredit təşkilatına verilmiş cəmi zəmanət məbləğinin 0,5 faizi həcmində illik komissiya ödəyir. Komissiya zəmanətin qüvvədə olduğu müddətdə gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır və aylıq qaydada ödənilir. Müvəkkil kredit təşkilatı hər ay üçün növbəti ayın ilk 3 iş günü müddətində illik komissiyanı ödəyir və bu barədə hesabatı Fonda təqdim edir. Həmin vəsait qeyd olunan müddət ərzində ödənilməzsə, qalıq komissiya məbləğinə görə hər təqvim günü üçün 0,1 faizi həcmində peniya hesablanır. İllik komissiyanın ödənilməsi qaydası müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsi ilə tənzimlənir.

Zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil kredit təşkilatı ödəniş tələbi irəli sürmədikdə zəmanət qüvvəsini itirir. Müvəkkil kredit təşkilatı verilmiş zəmanət üzrə ödəniş aparılması üçün Fonda müraciət edir. Müraciət üçün tələb olunan sənədlər Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilir. Zəmanət üzrə ödənişin məbləği kredit üzrə əsas borcun icra edilməmiş hissəsinə münasibətdə qüvvədə olan zəmanətin kreditə nisbəti həcmində hesablanır. Fond bu Qaydada göstərilənləri nəzərə almaqla, tələbin daxil olduğu tarixdən etibarən 5 iş günündən gec olmayaraq zəmanətin ödənilməsi ilə bağlı qərar qəbul edir və müvəkkil kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında müvəkkil kredit təşkilatı 3 iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə indossament yolu ilə Fonda güzəşt edir.Tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond əməkdaşlıq müqaviləsinin, müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında imzalanmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq olunmuş surətlərini, müvəkkil kredit təşkilatının rekvizitləri və Fonda rəsmi müraciətini əlavə etməklə, zəmanət üzrə ödənişin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinə müraciət edir. Maliyyə Nazirliyi Fondun müraciəti əsasında 30 iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil kredit təşkilatının hesabına köçürür. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.Dövlət zəmanəti üzrə edilmiş ödənişlərin bərpa edilməsi şərtləri Maliyyə Nazirliyi ilə Fond arasında bağlanılan Çərçivə Zəmanət Sazişi ilə müəyyən edilir.

Müvəkkil kredit təşkilatı hər ay üzrə hesablanmış faizlərin subsidiya nəzərə alınmaqla yarı hissəsinin sahibkarlıq subyektləri tərəfindən faktiki ödənilməsinə dair hesabatı və faiz subsidiyasının ödənilməsinə dair müraciəti növbəti ayın ilk 3 iş günü müddətində Fonda təqdim edir. Fond müraciət daxil olduqdan sonra 5 iş günü müddətində faiz subsidiyasını aşağıdakı məbləğlərdə müvəkkil kredit təşkilatının hesabına köçürür:

- bu Qaydada nəzərdə tutulmuş hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydada nəzərdə tutulmuş cədvəldə göstərilən faiz subsidiyasının məbləğindən çox olduqda – cədvəldə göstərilən məbləğdə;

- hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş cədvəldə göstərilən faiz subsidiyasının məbləğindən az və ya ona bərabər olduqda – hesabatda göstərilən məbləğdə.

Sahibkarlıq subyektinin zəmanət verilmiş krediti üzrə ödənilən faiz subsidiyasının cəmi məbləği bu Qaydada nəzərdə tutulmuş ödəniş cədvəlində göstərilən faiz subsidiyasının cəmi məbləğindən artıq ola bilməz.

Bu Qaydada nəzərdə tutulmuş hesabatın müvəkkil kredit təşkilatı tərəfindən təhrif olunmuş şəkildə təqdim edilməsi aşkar olunduqda, artıq ödənilmiş faiz subsidiyası müvəkkil kredit təşkilatı tərəfindən Fonda geri qaytarılır.     Faiz subsidiyası yalnız bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş cədvəldə göstərilən faiz dərəcəsinə uyğun (dəbbə pulu nəzərə alınmadan) ödənilir.

Aşağıdakı hallarda müvəkkil kredit təşkilatına yeni zəmanət verilməsi dayandırılır:

- bir müvəkkil kredit təşkilatına zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) və müvəkkil kredit təşkilatının cari ödəniş tələbinin ümumi məbləği Fondun həmin müvəkkil kredit təşkilatına verdiyi bütün zəmanətlərin 20 faizini keçdikdə, müvəkkil kredit təşkilatına verilmiş zəmanətlər üzrə ödənişlər və yeni zəmanət verilməsi dayandırılır. Bu zaman son 4 (dörd) ayda verilmiş zəmanətlər bütün zəmanətlərin qalıq məbləğlərinin hesablanmasında nəzərə alınmır;

- zəmanətin verilməsi üçün müraciət zamanı müvəkkil kredit təşkilatı bilərəkdən Fonda yanlış məlumat təqdim etdikdə.

Müvəkkil kredit təşkilatına verilmiş zəmanət üzrə ödənişlər və yeni zəmanət verilməsi bu Qaydada nəzərdə tutulmuş hal aradan qalxdıqda yenidən bərpa olunur.

Aşağıdakı hallarda kredit üzrə verilmiş zəmanət ləğv edilir:

- müvəkkil kredit təşkilatının həmin kredit üzrə zəmanətin ləğv edilməsi barədə müraciəti olduqda;

- zəmanət verilməsinə görə ödəmə vaxtı çatmış komissiyanın ödənişi 1 (bir) aydan çox gecikdirildikdə;

- zəmanətlə təmin olunmuş kreditlər üzrə tələb hüquqları Fondun yazılı razılığı olmadan müvəkkil kredit təşkilatı tərəfindən üçüncü tərəfə ötürüldükdə;

- sahibkarlıq subyekti ilə bağlanılmış kredit, girov və digər təminat müqavilələrinin şərtləri Fondun müəyyən etdiyi formaya uyğun olmadıqda və ya Fondun yazılı razılığı olmadan dəyişdirildikdə;

- zəmanət verilmiş kredit restrukturizasiya olunduqda;

- zəmanət verilmiş kredit məbləği kredit müqaviləsinə uyğun olaraq təyinatı üzrə istifadə edilmədikdə.

Müvəkkil kredit təşkilatı ilə bağlanılmış əməkdaşlıq müqaviləsi həmin müqavilədə nəzərdə tutulmuş hallarda yalnız qarşılıqlı öhdəliklər tam icra edildikdən sonra ləğv edilə bilər. Bu Qaydada nəzərdə tutulan hallar baş verdikdə, müvəkkil kredit təşkilatı zəmanətlər üzrə komissiya ödənişini əməkdaşlıq müqaviləsi qüvvədə olduğu müddətdə davam etdirir.

 Aşağıdakı hallarda sahibkarlıq subyektinə faiz subsidiyasının ödənilməsi dayandırılır:

- faiz subsidiyasının ödənilməsinə dair müvəkkil kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatında olan hesabı üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda – həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək);

- faiz subsidiyasının ödənilməsinə dair müvəkkil kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarlıq subyekti tərəfindən kredit üzrə əsas borc və (və ya) hesablanmış faizlər üzrə ödənişlərdə gecikmə olduqda – gecikdirilmiş borc tam məbləğdə ödənilənədək.

Aşağıdakı hallarda sahibkarlıq subyektinə faiz subsidiyasının ödənilməsi ləğv edilir:

- sahibkarlıq subyektinin tələbi əsasında müvəkkil kredit təşkilatının bu barədə Fonda müraciəti olduqda;

- iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda.

 Zəmanətə görə ödəniş edilmiş kredit üzrə sahibkarlıq subyekti tərəfindən müvəkkil kredit təşkilatına daxil olan vəsaitlər həmin kredit üzrə zəmanətin kreditə olan faiz nisbətinə müvafiq olaraq zəmanət ödənişi həddində Fonda, bu vəsaitlərin qalan hissəsi isə müvəkkil kredit təşkilatına ödənilir. Fondla müvəkkil kredit təşkilatı arasında bağlanılmış əməkdaşlıq müqaviləsi qanunla müəyyən edilmiş hallarda ləğv edildikdə, ödəniş edilmiş kreditlər üzrə daxil olan vəsait Fondun tələbləri bitənədək tam olaraq Fondun tələblərinin ödənilməsinə yönəldilir. Fond bu Qaydada göstərilən tələblər tam icra edildikdə, 3 iş günü müddətində müvəkkil kredit təşkilatına bu barədə məlumat verir və sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüququnu müvəkkil kredit təşkilatına geri qaytarır. Fond zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitləri 3 (üç) iş günü müddətində Maliyyə Nazirliyinə köçürür.         Zəmanət verilmiş krediti olan sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatında bir neçə krediti olduqda, bu kreditlər üzrə daxil olan vəsaitlər aşağıdakı hallarda müvəkkil kredit təşkilatı tərəfindən zəmanət verilmiş kredit üzrə ödənişlərin həyata keçirilməsinə yönəldilir:

- zəmanət verilmiş kredit gecikmədə olduqda, həmin kredit gecikmədən çıxanadək;

-zəmanət verilmiş kredit üzrə zəmanət ödənişi həyata keçirildikdə, həmin kredit tam ödənilənədək.

Bu Qaydada qeyd olunan şərtlər sahibkarlıq subyekti ilə bağlanılmış kredit müqavilələrində nəzərdə tutulmalıdır. Zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir. Zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq, kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya Fondun Müşahidə Şurasının müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər. Fondun tələb hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranan xərclərin ödənilməsi və digər əlaqədar məsələlər müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsi ilə tənzimlənir.

Müvəkkil kredit təşkilatı ildə azı bir dəfə hər bir sahibkarlıq subyektində kreditin təyinatı üzrə istifadəsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verir.       Zəmanət və faiz subsidiyası verilmiş kreditin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək məqsədilə Fond sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər.Müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılan kredit müqaviləsində sahibkarlıq subyektinin Fond tərəfindən monitorinq keçirilməsi üçün zəruri şərait yaratmaq və kreditin istifadəsi üzrə tələb olunan sənədləri və məlumatları təqdim etmək öhdəliyi nəzərdə tutulmalıdır. Fond keçirilmiş monitorinqlərin nəticəsi barədə rübdə bir dəfə Maliyyə Nazirliyinə məlumat verir.

Qaydaya uyğun olaraq sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin ediləcək. Sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlərə dövlət zəmanətinin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçiriləcək.

Dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu arasında bağlanılan Çərçivə Zəmanət Sazişi (əlavə olunur) əsasında rəsmiləşdiriləcək. Çərçivə Zəmanət Sazişini Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Maliyyə naziri Samir Şərifova verilib.

Maliyyə Nazirliyi:

- sahibkarlıq subyektləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərini icra edə bilmədiyi təqdirdə, həmin borc öhdəliklərini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirməli;

- Qaydaya uyğun olaraq cari ildə faiz subsidiyalarının ı Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında bu məqsəd üçün nəzərdə tutulan vəsait hesabına verilməsini təmin etməli;

- faiz subsidiyalarının verilməsi üçün tələb olunan vəsaitlərin növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görməlidir.

***

Hökumət “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı da təsdiq edib.

Mia.az xəbər verir ki, qaydaya əsasən,  Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinin kredit təşkilatlarından, o cümlədən ləğv prosesində olan kredit təşkilatlarından manatla aldıqları kreditlər, həmçinin müəyyən sahələrə (ərzaq) alınacaq kreditlər üzrə hesablanmış faizlərə görə subsidiya verilməsi hallarını və qaydasını müəyyən edir. Kreditlər üzrə faizlərin subsidiyalaşdırılması Azərbaycan Respublikasının dövlət büdcəsindən Nazirlər Kabinetinə ayrılmış vəsait və Fondun vəsaiti hesabına həyata keçirilir.

Faiz subsidiyası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlıq subyektlərinin kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaitidir.  Faiz subsidiyası fəaliyyət növü 2020-ci il 10 mart tarixinə zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə manatla aldıqları kreditlərə (o cümlədən, restrukturizasiya edilmiş kreditlərə) verilir. Ölkədə insan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal olaraq, bu Qaydanın tələbləri nəzərə alınmadan zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 6  ay üçün hesablanan faizlərə subsidiya verilir. Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir. Faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində verilir. Faiz subsidiyası sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilmiş və ya ödənilməmiş faizlər üzrə verilir.Kredit öhdəliyinin qalan müddəti 12 aydan az olarsa, faiz subsidiyası kredit öhdəliyinin icra müddətinin sonuna qədər verilir. Faiz subsidiyası 2020-ci il 10 mart tarixinə qalıq məbləği 5 milyon manat və ondan az olan kreditlərə verilir.

Faiz subsidiyası aşağıdakı hallarda verilmir:

- 2020-ci il 10 mart tarixindən sonra kredit müqaviləsi bağlanıldıqda;

- sahibkarlıq subyektinin kredit hesabatına əsasən, 2020- ci il 10 mart tarixinə subsidiya üçün müraciət etdiyi kredit müqaviləsi üzrə 60  gündən artıq gecikməsi olduqda;

- sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda.

Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilmir.

Sahibkarlıq subyektləri faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı sahibkarlıq subyekti üzrə bu Qaydadakı şərtlər nəzərə alınmaqla kredit təhlili aparır və həmin şərtlərə uyğun olan sahibkarlıq subyektlərinin aşağıdakı sənədlərini 10 iş günü ərzində Fonda təqdim edir:

- sahibkarlıq subyektinin müraciət sənədi, o cümlədən məlumatların Fonda ötürülməsinə razılığı;

- sahibkarlıq subyektinin fəaliyyətinin zərər çəkmiş iqtisadi fəaliyyət növlərinə aid olduğunu təsdiq edən və İnternet Vergi İdarəsinin məlumat bazasından əldə edilmiş bildiriş;

- sahibkarlıq subyektinin təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;

-  sahibkarlıq subyektinin kredit hesabından çıxarış;

- kredit müqaviləsi və ödəniş qrafikinin surəti;

- kredit hesabatı;

- sahibkarlıq subyektinin rekvizitləri, alınmış kredit və tələb olunan subsidiya məbləğinə dair formasını Fondun müəyyən etdiyi qısa məlumat.

Fond bu Qaydada göstərilən sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda, həmin sənədlərin təqdim edilməsi sahibkarlıq subyektinin razılığı ilə kredit təşkilatlarından tələb olunur və ya sahibkarlıq subyekti tərəfindən təmin edilir. Fond 3 iş günü ərzində sahibkarlıq subyektinə faiz subsidiyasının verilməsi və ya ondan imtina edilməsi barədə müvafiq qərar qəbul edir və kredit təşkilatına təqdim edir. Kredit təşkilatı faiz subsidiyasının verilməsi barədə Fondun qərarını 2 iş günü ərzində sahibkarlıq subyektinə bildirir.

Kredit təşkilatı hər ay üzrə hesablanmış faizlərə dair hesabatı və faiz subsidiyasının ödənilməsi barədə müraciəti növbəti ayın ilk 3 iş günü ərzində Fonda təqdim edir. Hesabatın formasını Fond müəyyənləşdirir. Fond bu Qaydala nəzərdə tutulmuş müraciət daxil olduqdan sonra 3 iş günü müddətində faiz subsidiyasını kredit təşkilatının hesabına köçürür. Bu Qaydada nəzərdə tutulmuş hesabatın kredit təşkilatı tərəfindən təhrif olunmuş şəkildə təqdim olunması aşkar olunduqda, artıq ödənilmiş faiz subsidiyası kredit təşkilatı tərəfindən Fonda geri qaytarılır. Faiz subsidiyası yalnız bu Qaydada nəzərdə tutulmuş sənəddə göstərilən faiz dərəcəsinə uyğun (dəbbə pulu nəzərə alınmadan) ödənilir. Kreditin restrukturizasiyası nəticəsində faiz dərəcələri artarsa, faiz subsidiyası 2020-ci il 10 mart tarixinədək qüvvədə olan ödəniş cədvəlinə, faiz dərəcələri azalarsa, yeni ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Kredit xətti üzrə faiz subsidiyası yalnız həmin kredit xəttinin 2020-ci il 10 mart tarixinə istifadə olunan məbləğinədək hissəsinə görə ödənilir.

Faiz subsidiyasının ödənilməsinə dair kredit təşkilatının Fonda müraciət tarixinə 1 iş günü qalanadək sahibkarlıq subyektinin bankda olan hesabı üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda, həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək) faiz subsidiyasının ödənilməsi dayandırılır (dövlət büdcəsinə və ya büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olan fərdi sahibkarlar istisna olmaqla). Nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qayda ilə müəyyən edilmiş qaydada kredit təşkilatının hesabına köçürülür. Sahibkarlıq subyekti tərəfindən alınmış kredit üzrə öhdəliyin yerinə yetirilməsindən asılı olmayaraq faiz subsidiyası dayandırılmır.

Aşağıdakı hallarda borcalana faiz subsidiyasının ödənilməsi ləğv edilir:

- sahibkarlıq subyektinin tələbi əsasında kredit təşkilatının Fonda müraciəti olduqda;

- iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda.

 Bu Qaydanın nəzərdə tutulmuş hallar barədə kredit təşkilatına məlumat daxil olduğu gündən 3 iş günü müddətində həmin təşkilat Fonda məlumat verir.

Subsidiyanın hesablanması və silinməsi ilə bağlı sənədlərin və məlumatların üzləşdirilməsi məqsədilə Fond kredit təşkilatlarından müvafiq sənədləri tələb edə bilər.

İqtisadiyyat Nazirliyi Qaydaya uyğun olaraq faiz subsidiyalarının maliyyələşdirilməsini Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı ilə ayrılan vəsait və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin etməlidir.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR