Arif Əliyev: "Ziyalı sözünə ehtiyac olan yerdə onlar susacaqsa, daha bu nə oldu ki?!" - MÜSAHİBƏ

img

13-06-2020 [16:57]


“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Yenisabah.az-a müsahibə verib.

Mia.az həmin müsahibəni təqdim edir: 

- Arif bəy, müşahidələrimiz deməyə əsas verir ki, ziyalılarımızın çoxu kölgəyə çəkilib. Bu, faktiki hava durumuyla bağlıdır, yoxsa onlar gözdən-könüldən uzaq olmağa üstünlük verirlər? 

- Bu, ümumilikdə xeyli vaxtdır artıq ölkədə qəbul olunmuş praktikanın, vəziyyətin davamıdır. Azərbaycan Ziyalılar Formu dağıldıqdan sonra onların hansısa bir formada proseslərə reaksiyasına daha az rast gəlirik. Düşünürəm ki, bu, ümumiyyətlə, cəmiyyətin, ictimaiyyətin proseslərdən kənarda qalmasının formalarından biridir. Çünki özündə cəsarət tapıb bu addımı atanların böyük bir qismi də sonradan müxtəlif təqib və itkilərə məruz qalıb. Amma buna baxmayaraq, deməzdim ki, fərd şəklində, yaxud hansısa bir təşkilatın çərçivəsində son vaxtlar baş vermiş hadisələrə tam biganə qalırlar. Mən pandemiya, karantin vəziyyəti, hətta sonuncu polis-vətəndaş qarşıdurması ilə bağlı ayrı-ayrı ziyalıların ortaya mövqe qoyduqlarına rast gəlmişəm. 

- Bu sualı təsadüfən vermədik. Çox adam hesab edir ki, Azərbaycan cəmiyyəti ilə Azərbaycan ziyalısı arasında uçurum yaranıb. Sizcə, ziyalıların cəmiyyətdən uzaq düşməsinə səbəb nədir? 

- Azərbaycanda bütövlükdə böyük bir apatiya var. Bu apatiya əhalinin müxtəlif təbəqələrinə təsir etdiyi kimi onun ziyalısına da təsir edir. İctimai münasibətlərdə çox zərərli praktika mövcuddur. Ən əsası düşmənçilik təcrübəsi var. Bildirim ki, bu münasibətlər tək hökumətlə müxalifət arasında deyil. Mədəniyyət Nazirliyi ilə mədəniyyət müəssisələri arasında həmin çəkişmə, həmin qanunsuzluqlar var. Korrupsiya və sadaladıqlarımın hamısı damla-damla yığılan və ictimai münasibətlərə təsirsiz ötüşməyən amillərdir. Kökü orada axtarmaq lazımdır. Burada xüsusi olaraq ziyalı xalqdan uzaqlaşmır. Bütövlükdə ölkədə ictimai qurumlar, qruplar arasında problem mövcuddur. Dövlətlə xalq arasındakı problemin kölgəsi ziyalıların üstünə də düşür. Lakin doğrudur ki, ziyalılar bir çox məsələdə daha öndə olmalı, daha çox fəallıq göstərməlidirlər, təəssüf ki, burada problem var.

- Niyə Azərbaycan ziyalısı ancaq ev, maşın, fəxri ad paylananda ortaya çıxır? Dəfələrlə olub ki, çox vacib hadisələrə ziyalıların münasibətini öyrənmək istəyəndə, belə cavab almışıq: “Mən siyasətə qarışmıram”. Sizcə, ziyalının özünü siyasi proseslərdən tamamilə təcrid etməsi doğrudur? 

- Böyük əksəriyyəti bir-birinə baxıb belə edir, necə deyərlər onlar gözü çıxan qardaşlarından öyrənənlərdir. Çünki sözünü deyən, biraz cəsarətli olan itkilərə məruz qalır və s. Adətən, ziyalı onsuz da fikrində, hərəkətlərində ehtiyatlı olur. Belə şeylər isə onları daha çox ehtiyat göstərməyə məcbur edir. İnsan bütövlükdə özünə hər hansı bir təhlükə hiss edəndə artıq o təhlükə ilə hesablaşmağa başlayır. Təəssüf ki, belə təhlükə və təhdidlər cəmiyyətdə çoxdur. Mən tək jurnalistikada yox, bütövlüklə ziyalılara, sənət adamlarına fəxri adların, hansısa mükafatların verilməsinin əleyhinəyəm. Məndən olsa, bunlar yığışdırılmalıdır, çünki onlar hamısı profesionizmə gətirib çıxaracaq. Onlar həmişə siyasi məqsədlə istifadə olunur, təcrübə bunu göstərib. Bu şeyləri yığışdırmaq lazımdır. Bunlar kimlərisə ələ almaq, kimlərinsə loyallığını qazanmaq üçün vasitələrdir. 

- Mədəniyyət naziri vəzifədən azad olunandan sonra sənət adamları onu söyməyə başladılar. Əli Həsənov işdən çıxarılandan, Vüqar Səfərli vaxtından əvvəl istefaya göndəriləndən sonra jurnalistlər onu “topa tutdular”. Sizcə, belə olmalıdır? 

- Mümkündür ki, fərd olaraq kimsə öz xarakterinə uyğun belə hərəkət edir. Amma bütövlükdə əlbəttə ki, doğru deyil. Ziyalı ölkədə baş verən ictimai-siyasi proseslərə, haqsızlıqlara münasibət bildirməlidir. Onun sözünə ehtiyac olan yerdə susacaqsa, daha bu nə oldu ki? Ziyalı təkcə mahnı oxumaq, əsər yazmaq üçün deyil. Ümumiyyətlə, ziyalı ifadəsinin özü dəfələrlə mübahisəyə səbəb olan terminə çevrilib. Çünki dünyada belə termin işlədilmir. Bunlar hamısı Sovet dövründən yaranan bir şeydir və müəyyən fəaliyyət sahəsinə məxsus insanları digərlərindən fərqləndirmək üçün yaradılıb. Amma başqa bir yanaşma tərzi də var. Ziyalılıq peşəylə, hansı zümrəyə aid olmaqla müəyyənləşmir. Ziyalılıq insanın içərisindəki bilikdən əmələ gələn bir şeydir. Görünür, bu nöqtə xeyli dərəcədə zəifləyib, ona görə biz əlimizdə çıraq öz sözünü çəkinmədən deyə bilən ziyalı axtarırıq. Əlbəttə, sözü vaxtında demək lazımdır. Əvvəllər sözü vaxtında deyən insanlar, jurnalistləri var idi. Siz adlarını çəkdiyiniz adamlarla da, hətta indi vəzifədə olanlarla da bağlı öz fikirlərini bildirən insanlar var. Amma nəzərə almaq lazımdır ki, “sözü vaxtında demək lazımdır” şüardır. Başa düşürük ki, istənilən cəmiyyətdə, o cümlədən Azərbaycan cəmiyyətində buna özündə təpər tapa bilən insanların sayı adətən çox olmur. Çünki onlara müxtəlif təzyiq üsulları var. Məsələn, elə jurnalistlərin, medianın böyük əksəriyyəti vaxtında səsini çıxara bilmirdi. Çünki gözləyirdilər ki, KİV DF-dən pulları nə vaxt gələcək? Media elə bir vəziyyətə salındı ki, o damar kəsilsəydi, o saat qansız qalardılar. Ona görə də sakit durub öz işlərini görürdülər. Bir dəfə demişdim ki, qulların intiqamı çox pis olur. Bu cür alçaldılan, tabeçiliyə qoyulan, səsi kəsilən insanlar şərait yaradılanda hamıdan bərk qışqırırlar. Həmişə təxminən belə olur, ona görə də biz o səsləri ucadan eşidirik. Hətta bəziləri iddia edirlər ki, biz həmişə buna qarşı olmuşuq. Biz əslində necə olmalı olduğuinu bilirik. İnsan sözün düzünü deməlidir, gedənin dalınca daş atmamalı, əvvəldən tədbir görməlidir. Amma eyni zamanda başa düşürük ki, bu belə olmur. Xüsusiə də Azərbaycan kimi hələ ənənələrini tapmamış, tam oturuşmamış cəmiyyətlərdə... 

- Son vaxtlar baş verən hadisələr kontekstində mətbuatın durumunu necə qiymətləndirirsiniz? İslahat dalğası bizim sektora nə vaxt çatacaq? Mediada islahatlara nədən başlamaq lazımdır? 

- Elə sualın sonundan başlayaq. Mediada islahatları dağılmış infrastrukturların bərpasından başlamaq lazımdır. Çünki əgər biz müstəqil və güclü media istəyiriksə, bilməliyik ki, bunun üçün cəmiyyətdə müəyyən şərtlər olmalıdır. Məsələn, söz azaldılığı imkanı olmalıdır, bunun üçün cəmiyyətdə plüralizm olmalıdır. Həmçinin maddi imkanlar olmalıdır. Qəzet yayımlarından tutumuş abunə sistemlərinə, reklam bazarına qədər hamısı dağıdılıb. Bərbad vəziyyətdir. Məsələn, Gürcüstanın bircə dənə telekampaniyasının gəliri Azərbaycanda bütün KİV-in reklam gəlirindən çoxdur. Belə şəraitdə biz hansı mediadan danışırıq? Şüar deməklə deyil ki... Halbuki Azərbaycanın iqtisadi gücü də, bütövlükdə bazarı da Gürcüstan ilə müqayisə olunası deyil, hər iki aspektdən daha öndəyik. Belə bir şəraitdə ilk olaraq süni maneələri aradan qaldırmaq lazımdır. İkinci, biz uzun illər ərzində peşəkar kadrları itirə-itirə getdik və bütövlükdə jurnalist təhsili, hazırlığı prosesində Azərbaycan xeyli geri qalıb. Biz hələ təsəvvür eləmirik ki, söhbət nə dərəcədə geri qalmaqdan gedir. Axı hər şey sadəcə cümləni cümləyə qoşmaqla deyil. Əksinə bu gün medianın təbiəti olduqca mürəkkəbdir. Biz jurnalistika sahəsində ixtisaslaşmırıq. Eyni adam bu gün siyasətdən, sabah neftdən, üçüncü gün konsertdən, dördüncü gün isə koronavirusdan yazır. Burada təbii ki, bütün medianı demirəm. Ümumi təbiəti nəzərdə tuturam. Ona görə də bu proseslər hamısı getməli və vəziyyət düzəlməlidir. Nə etməli olduğumuz faktiki olaraq bilirik. Bu barədə dəfələrlə söhbət gedib. Amma reallıqda hətta məlum kadrlar öz vəzifələrindən getsə də, dəyişən heç nə yoxdur, yəni mən ciddi dəyişiklik görmürəm. Təzəlikcə yeni insanlar gəlib vəzifəyə, qanun pozuntuları ilə bağlı bir-iki qərar olub, amma bunlar heç bir mühit yaratmır. Mediada islahat getmir və islahat adı ilə kimin nə iş görmək istədiyi də bugünədək bəlli deyil. Ona görə də bu prosesin hara gedəcəyini, nə cür olacağını hələlik demək mümkün deyil. İslahat daqlğasının bizə heç çatıb-çatmayacağı da bəlli deyil. Hər halda bu gün görünənə görə əvvəlki idarəçilik forması, yanaşma tərzləri bir çox sahələrdə davam edir. Əvvəl də qeyd etdiyim kimi, kəskin şəkildə heç fərq yoxdur demirəm, reallıq odur ki, əvvəlki qədər həbslər və basqı yoxdur. Əvvəl media ilə bağlı gündə bir qanun qəbul olunurdu, indi belə deyil. Amma diqqətə çaqtdırmaq istədiyim odur ki, ümumilikdə böhran prosesi geriyə döndərilməyib. İndi də koronavirus söhbəti düşdü ortalığa. Məsələ ondadır ki, koronavirusun vurduğu ən böyük iqtisadiyyat sahələrindən biri də mediadır. Xüsusilə reklam bazarının çökməsi çox böyük problemlər yaradır. Hazırda Avropa İttifaqı xüsusi proqram işləyir ki, pandemiyanın təsirinə məruz qalmış kütləvi informasiya vasitələrinə hansı formada dəstək vermək mümkündür? 

- Bu il milli mətbuatımızın yaranmasının 145 ili tamam olur. Jurnalistlər üçün tikilmiş 3-cü binanın bayram ərəfəsində istifadəyə verilməsi gözlənilir. Sizcə, bu prosesin səs-küysüz ötüşməsi üçün nə etmək lazımdır? Əvvəlki illərdə yaşanan haqsızlıqların təkrarlanmaması üçün təklifləriniz varmı? 

- Mən təklif edirəm ki, ümumiyyətlə, bu ev-ev oyunu bitirilsin. Orada ədalətli qərar heç vaxt ola bilməz. Təxminən eyni haqqa sahib olan insanların arasından seçim etmək üçün ədalətli bir prinsip yoxdur. Ona görə də istənilən halda ola bilsin ki, 100-150 nəfərin mənzil şəraitini yaxşılaşdırmaq üçün nəsə ediləcək, amma bütövlükdə Azərbaycan jurnalistikası o uçuq damın altında yenə qalacaq. Əgər ev verilirsə, şəhid, vəfat etmiş, əlil olan jurnalistlərin ailələri üçün verilsin. Onda bilmək olar ki, qayğı çəkirik. Amma niyə hansısa bir jurnalist digərinin içindən seçilib ev almalıdır? Bundansa o vəsaitləri jurnalistikanın inkişafına yönəltmək, elə islahatlar keçirmək lazımdır ki, jurnalist özü istəyəndə gedib özünə ev ala bilsin. Güzəştli ipotekalar tətbiq edilsin ki, hər kəs bərabər şərtlərlə vəsait götürüb özünü evlə təmin edə bilsin. Yoxsa, mən səni gətirib dilənçi vəziyyətinə çatdırım, sonra da sənə deyim ki, mən sənə ev verirəm. Bundan sonra neçə dəfə səslənsin ki, biz ev vermişik, bunlar görün nə edirlər... Jurnalistikanı bu cür gözükölgəli etməklə deyil. 150 evin üstündə 5-6 min jurnalist bir-biri ilə çəkişib münasibətlərini pis edirlər. Jurnalist olmayanların ev alması məsələsi də var. Bu yanlış prinsip ortada olduqca ondan sui-istifadə edənlər nə qədər itəsəniz tapılacaq. Söhbət burada hətta kimin ədalətli davranmasından getmir. Prinsip özü yanlışdır. Müəllimlərə niyə ev paylamırlar? Yaxud koronavirus dövründə ən qabaqda gedən həkimlərdir, niyə onlara da ev düşmür? Çünki onlara jurnalistin qələmi lazımdır. Bilirlər ki, bu peşənin sahibi ictimai rəyə xüsusi təsir gücünə malikdir. Ona görə də onlara ev verilir. Artisti nə edir ki, onlara ev, maşın verirlər. Onun yüksək əqli potensialı var, yoxsa bu ölkənin hansısa bir problemini həll edir? Jurnalist isə ictimai təsir gücünə malikdir və onun ipini çəkib özünə bağlamaq lazımdır. Bunların haqmısının mahiyyəti budur. Bu mahiyyətin üstündə hələ bir çarpışırıq da... Sual olunmalıdır ki, niyə bizim bu peşədə ev almağa imkanımız çatmır? Dünyanın ən bahalı, qazanclı peşələrindən biridir, niyə ölkədə bu peşənin sahibi onun-bunun əlinə baxmaqla ailə dolandırmalıdır? 


Digər xəbərlər
SON XƏBƏRLƏR