Vaqif Sadıqov: "Azərbaycan Premyer Liqasının ləğvi variantlardan biridir"

img

11-06-2020 [10:50]


"Çempionatın taleyi ilə bağlı müzakirələr hər zaman gedir. Vəziyyəti daim nəzarətdə saxlayırıq. Bilirik ki, Peşəkar Futbol Liqası müxtəlif variantlar üzərində işləyir. İstər-istəməz son qərar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına əsasən tənzimlənəcək. Onları qərarları vacib olduğu üçün gözləmə mövqeyindəyik".

Bu fikirləri "Report"a açıqlamasında AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Premyer Liqasının taleyi ilə bağlı danışarkən deyib. 

O, klubların yaranmış vəziyyətə görə çətin durumda olduğunu xatırladıb. Sadıqovun sözlərinə görə klublar da çıxış yolları tapmaq üçün cəhdlər edirlər: "İlk yoldaşlıq görüşləri onu göstərdi ki, oyunçular futbol üçün darıxıb, çox istəklidirlər. Ancaq oyundan-oyuna, məşqdən məşqə futbolçularımız sağlamlıqlarını risk altına qoyacaqlar. Pandemiyaya görə yaranmış vəziyyətdə hər bir futbolçunu qorumaq çox vacibdir. Bu səbəbdən, ona görə deyirəm ki, müzakirələr davam edir. Baxmayaraq ki, bu, yalnız bizdən asılı deyil, Operativ Qərargahın rəyləri çox vacibdir".

Vitse-prezident mövsümün vaxtından əvvəl ləğv olunma ehtimalına da münasibət bildirib: "Bu da variantlardan biridir. Mən elə-belə demədim ki, PFL müxtəlif variantları müzakirə edir. Bu da son variantlardan biridir. Bir şeyi yaddan çıxartmamalıyıq ki, məşqlərə start vermək və çempionata başlamaq qərarları AFFA, PFL və klublarla birgə qəbul edilib. Hesab edirəm ki, bu gün çempionatın ləğvinə ehtiyac varsa, ilk növbədə, bu qurumlar yenidən bir araya gəlib müzakirələr aparmalıdırlar. Ondan sonra görüşün nəticəsi AFFA İcraiyyə Komitəsinin üzvlərinə çatdırılmalıdır. Ondan sonra İK bunu müzakirə edə bilər. Klublar şənbə və bazar günlərini buraxmalı olur. Hazırlıq üçün çox az gündən istifadə edəcəklər. Bəlli deyil ki, çempionatın gedişatında hansı hadisələr baş verəcək. Bütün futbolumuzu böyük risk altında qoyuruqsa, hesab edirəm ki, bunu müzakirə etmək mümkündür".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 14-15 iyunda da tətbiq ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR