"Hörmətli nazir, məqsədiniz köməksiz dializ xəstəsini məhv etməkdirmi?" - Xəstə fəryad edir, nazirlik susur

img

02-06-2020 [15:52]


"Mən Şəmkir rayon Düz Çırdaxan kəndində yaşayıram. Mart ayına qədər rayonda yanacaqdoldurma məntəqəsində operator kimi çalışıb 250 manat maaş almışam. Uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirəm. Mart ayında Bakıda "Respublika" Xəstəxanasında həkimlər artıq dializ edilməyimin qaçılmaz olduğunu bildirdilər. O tarixdən dializ xəstəsiyəm. Həftədə 3 dəfə dializ üçün Tovuz rayonunda fəaliyyət göstərən Hemodializ Mərkəzinə gedirəm". 

Bu sözləri "AzPolitika.info"-ya müraciət edən Həsənov Aydın Bəhrəm oğlu bildirib. Şəmkir sakini deyib ki, xəstə olduğuna görə yeganə gəlir mənbəyi olan iş yerini də itirib: "5 nəfərdən ibarət olan ailəm çox ağır maddi məhrumiyyətlər içərisindədir. Qohumların dəstəyi və borclar hesabına müalicə olunuram. Artıq tükənmişik. 190 manat yardım üçün mən, həyat yoldaşım və uşaqlarım ayrı-ayrılıqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət etdik. Amma hamımıza rədd cavabı verdilər ki, biz yardım alası kateqoriyaya daxil deyilik. Adımıza nə yararlı torpaq sahəsi, nə də başqa gəlir yeri var. Nazirliyin bu qeyri-müəyyən, anti-insani hərəkətini başa düşə bilmədik".

Şikayətçi deyir ki, mart ayında dializ xəstəsi olması barədə müvafiq arayışı Şəmir Rayon Poliklinikasına təqdim edib. Oradan bildiriblər ki, xəstəlik tarixçəsi nazirliyin müvafiq sisteminə yüklənəcək və dializ xəstəsi kimi ona əlillik dərəcəsi təyin olunacaq və pensiya kəsiləcək: "Aradan 3 aya yaxın vaxt ötsə də, nazirlikdən heç bir xəbər yoxdur. Mən nazir Sahil Babayevə müraciət edirəm: Hörmətli nazir, Sizin məqsədiniz köməksiz, yardımsız qoyduğunuz dializ xəstəsini məhv etməkdirmi? Belədirsə açıq deyin, yazın, işimizi bilək. Nə 190 manat verirsiz, nə pensiya kəsirsiz, bu ailə necə yaşamalıdır axı?!"

Aydın Həsənovun şikayəti ilə bağlı ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbova bir aya yaxındır müraciət etsək də, heç bir cavab ala bilmədik. Fazil müəllim araşdırma aparılığını desə də, onun niyə bitmədiyini, nəticəsinin nə olduğunu açıqlamağa tələsmir. Pulsuz, dərmansız ac qalan, dializ xəstəsi olan Aydın Həsənov isə yaşamağa ümidini itirmək üzrədir...

"AzPolitika.info"


Digər xəbərlər
SON XƏBƏRLƏR