İsa Qəmbərdən seçki açıqlaması

img

09-10-2013 [13:39]



 
Müsavat Partiyasının başqanı İsa Qəmbər həyat yoldaşı Aida Bağırova ilə birlikdə bu gün saat 10 radələrində Nərimanov II Seçki Dairəsinin 23 saylı məntəqəsində səs verib.  

O, səs verməzdən əvvəl jurnalistlərə açıqlamasında oğrunun deyil, doğrunun yanında olacağını bildirib: "Seçki özlüyündə bəşəriyyətin düşündüyü, tapdığı ən dahiyanə bir prosedurdur. Amerikanın prezidenti Linkoln deyirdi ki, seçki bülleteni güllədən daha güclüdür. Görünür, Amerikadakı gərgin vəziyyətdə xalqı əmin edirdi ki, bir-birinizi qırmaqdansa, gəlin, səs verin və qalibi, hakimiyyəti müəyyənləşdirin. Görünür, Azərbaycan hakimiyyəti düşünür ki, pul və saxtakarlıq seçki bülletenindən də güclüdür. Seçki günü xalq ortaya çıxıb kimi müəyyənləşdirirsə, o adam prezidentlik etməlidir. 

Müsavat başqanı qeyd edib ki, bu dəfəki seçki vətəndaşların böyük maraqla qoşulduğu bir gündür: "Amma təəssüf ki, səhərdən gələn xəbərlər hakimiyyət dairələrinin seçkini yenə də saxtakarlıqla pozmağa, hakimiyyəti öz əllərində saxlamağa cəhd etdiklərinin məlumatları gəlməkdədir. Buna baxmayaraq, bütün gücümüzlə seçkinin normal keçməsinə çalışacağıq ki, xalqın iradəsi bu gün ortaya çıxsın. Əminəm ki, xalq bu gün doğruya səs verəcək, doğrunun yanında olacaq. Xalq bunu sübut etməlidir və edəcək. On namizədin arasında doğrunun kim olduğu da hər kəsə bəllidir. Biz hər zaman doğrunun yanında olmuşuq və olacağıq”.  

İ.Qəmbərin sözlərinə görə, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçkidə doğruları, həqiqətləri təmsil edir: "Mən əminəm ki, Azərbaycanın müsbətə doğru dəyişməsini istəyən, bu böhrandan çıxmasını istəyən bütün vətəndaşlar Cəmil Həsənliyə səs verəcəklər”.  

Açıqlamadan sonra seçki məntəqəsinə daxil olan İsa Qəmbər bülleten götürərək səs verib. O, kabinədən çıxdıqdan sonra jurnalistlərin sualına cavab olaraq deyib ki, Cəmil Həsənliyə səs verdi. Bu isə oradakı müşahidəçinin narazılığına səbəb olub və etirazını bildirib. İsa Qəmbər isə YAP-dan olan müşahidəçiyə bunun qanunsuz olmadığını bildirib: "İstənilən azad ölkədə diqqətlə baxsanız, seçkidən sonra səs verən vətəndaş kimə səs verdiyini açıqlaya bilər. Seçki məntəqəsinin içində də, çölündə də həqiqəti demək hər bir vətəndaşın borcudur”.

Bundan sonra İ.Qəmbər müşahidəçilərlə maraqlanıb və məlum olub ki, məntəqədə bir neçə yap-çı müşahidəçi var. Bir nəfər də AXCP-dən müşahidəçi var idi. Bir neçə müşahidəçi isə müstəqil olduqlarını bildiriblər.  

İ.Qəmbər isə xatırladıb ki, seçki saxtalaşdırılarsa, komissiya üzvləri ilə yanaşı, müşahidəçilərin də mənəvi məsuliyyəti var: "Kim haqqa-ədalətə xidmət edəcəksə, uğurlar olsun. Kim haqqa- ədalətə xidmət etməyəcəksə, əvvəl-axır qanun qarşısında və allah qarşısında cavab verəcək”. O, bu seçki məntəqəsinin də digərləri kimi Milli Şuranın namizədinin təmsilçiləri tərəfindən diqqətlə izləniləcəyini vurğuladı.

Bununla bağlı o, jurnalistlərə bildirdi: "Aydın məsələdir ki, YAP-dan 3-4 nəfərin gəlməsi, bir neçə nəfərin də müstəqil gəldiyini deyib onların yanında səliqə-sahmanla əyləşməsi diqqətimi cəlb etdi. Buradan Müsavat Partiyasına gedəcəm və seçki qərargahının işi ilə tanış olacam, işdə iştirak edəcəm. Bu məntəqə ilə bağlı müşahidələrimi onlara deyəcəm. Suallarım da olacaq. Biz sıra dairələrdən artıq məlumat gəlir ki, Cəmil Həsənlinin müşahidəçilərinin bir qismini müxtəlif bəhanələrlə seçki məntəqələsinə buraxmayıblar. Cəmil Həsənlinin məşvərətçi hüquqlu komissiya üzvlərinə fəaliyyət göstərməyə imkan vermirlər, tələb edirlər ki, onlar müşahidəçi kimi əyləşsin. Görünür, bu hakimiyyət hələ komissiya üzvü olan şəxslərlə müşahidəçinin hüquqları arasındakı fərqi bilmir. Çoxsaylı məlumatlar gəlməkdədir və xeyli pozuntular barədə məlumatlar təəssüf ki, daxil olmaqdadır. Amma qanunauyğun seçki keçirilməsi uğrunda mübarizəmiz davam edəcək və axşam məlumatları ümumiləşdirəcəyik. Səhərə yaxın da Cəmil Həsənlinin Seçki Qərargahı və bizlər seçki barədə gerçək nə cür olubsa, o cür, o şəkildə də xalqa bilgi verəcəyik. İstənilən halda, əminəm ki, bu gün Cəmil Həsənli qalib gələcək. Mənəvi qələbə kimi də tarixə düşsə, biz mübarizəmizə davam edəcəyik. Hər kəs, vicdanı olan, namusu olan, vətənini sevən, düşünən, gələcəyini, övladını düşünən hər bir şəxs haqqın, ədalətin yanında olmalıdır, doğrunun yanında olmalıdır”(musavat.com).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA