"Kimin “nüfuzunu” üstələyirdi ki, bu sifarişə qol qoyuldu?" - Flora Kərimova Kamilin müdafəsinə qalxdı 

img

13-05-2020 [18:07]


Xalq artisti Flora Kərimova fitness məşqçisi Kamil Zeynallının həbsinə sərt reaksiya verib. 

O bildirib ki, bu əmələ nə kor olmaq olar, nə də lal:

"Nərimanov Rayon Məhkəməsi Kamil Zeynallının 10 sutka həbsinə qərar verib. Düşündünüzmü, bu addımı atanda siz neylədiniz? Bu əməlinizlə bir daha məhkəmələrə, hakimiyyətə, dövlət başçısına olan inamı kölgə altına aldınız! “Karantin qaydalarını pozub” - tutaq ki, pozub. Nəyə görə pozduğunu olmaya bilmirsiniz?!

Həyatını riskə atıb, balasını, ailəsini evdə qoyub günü-güzəranı ac insanların yardımına gedib. Görəsən, kimin yolunu kəsirdi, kimin “nüfuzunu” üstələyirdi ki, bu sifarişə qol qoyuldu?

Kamil bəlkə də çoxlarına ayna idi. Əgər siz eybəcərsinizsə, aynanı sındırmağınız sadəcə acizliyinizdir. Heç içiniz sızlamadı o balasına deyəndə ki, “atan Türkiyəyə gedir, 10 günə qayıdacaq?!" Budur sizin ədalətiniz?! Torpaq qaçmadı ayağınızın altından? Niyə Kamil kimi oğlun bioqrafiyasınməhkumluq ləkəsi olmalıdır? Başqa qərar tapa bilmədiniz? Kimə dərs keçdiniz bu əməlinizlə? Siz tək onun anasını, xanımını, bir qız övladını gözüyaşlı qoymadınız. İmdadlarına qaçdığı körpələri gözüyaşlı, ayaqyalın, ac qoydunuz! Yüzlərlə gözü yolda qalan ailələrin ümidünü puç etdiyinizi, bilmədinizmi? 

Xalq artisti bu barədə kifayət qədər sərt ritorika ilə danışıb: “Siz bu əməlinizlə birbaşa dövlətçiliyə, dövlət başçısının və xanımının xalqa müraciətində yardım edənlərə təşəkkürünə üz çevirmədinizmi? Kişilik mərdlikdir, mərdanəlikdir. Kişilik dönməzlikdir. Kişilik vicdanlı olmaqdır”. 

Flora Kərimova daha sonra qeyd edib ki, onu üzən təkcə Kamilin tutulmağı deyil: “Kamil kişi kimi girdi o türməyə, kişi kimi də çıxacaq. Kamil oraya bir girdisə, yüz çıxacaq. Ancaq siz bu əməlinizlə Kamilin yolunu getmək istəyənlərə qorxaqlığı, çəkingənliyi aşıladınız! 80 yaşın içindəyəm. Qadınlığımla kimdənsə nə qorxacağım, nə də umacağım var! Amma görürərəm bu yaşımda məni vətəndaş kimi utandırmağı bacardınız!”, - deyə Flora Kərimova vurğulayıb. 

Xatırladaq ki, Kamil Zeynallı karantin rejimini pozmaq ittihamı ilə 10 sutka inzibati həbsə məhkum edilib. İdmançı son vaxtlar imkansız ailələrə yardım paylamaqla gündəmə gəlmişdi. Sosial şəbəkə fəalları hesab edir ki, Kamil Zeynallının həbsinə bu amil səbəb olub/Yenisabah.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR