07-10-2013 [10:04]
Seçkilərə bir neçə gün qalmış Rusiya mətbuatında Azərbaycanın hazırkı prezidenti, YAP-ın seçkilərdəki namizədi İlham Əliyevə dəstək yazısı dərc olunub.
Mia.az Demokratiya.info-ya istinadən xəbər verir ki, 1994-1999-cu illərdə Azərbaycanın maliyyə naziri olmuş Fikrət Yusifov tərəfindən «Parlamentskaya Qazet» nəşrində qələmə alınmış məqalədə bir sıra maraqlı məqamlara toxunulub. Müəllif yazır ki, vətəndaşlar 90-cı illərin əvvəllərində baş verən səhvləri hələ də unutmayıb. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərində birmənalı olaraq İlham Əliyevin siyasi kursunu dəstəkləyib. «Şübhəsiz, seçki ərəfəsində sual olunur ki, müxalifət özünü nə hesab edir? Düz 14 il bundan əvvəl mən Azərbaycanın maliyyə naziri postundan getmişəm. Bu illər ərzində bircə dəfə də olsun mətbuatda çıxış etməmişəm. Amma ölkəmdə baş verənlərlə yaxından maraqlanmışam həmişə. Görünür, indi danışmaq zamanı çatıb. 20 il bundan əvvəo indiki müxalifət Azərbaycanda hakimiyyətdə idi. Elçibəy hakimiyyəti dövründə onlar yüksək postlar tuturdular. Məsələn, Müsavat Partiyasının başqanı İsa Qəmbər parlamentin spikeri, AXCP-in sədri Əli Kərimli dövlət müşaviri, AXC-nin həmin dönəmlərdə liderlərindən olan Pənah Hüseyn isə baş nazir idilər».
Yusifov yazır ki, həmin dönəmə qədər SSRİ zamanı Kommunist Partiiyasından başqa, heç bir partiyanın üzvü olmayıb. «1992-ci ildə mütəxəssis kimi məni Azərbaycanın Maliyyə nazirinin müavini vəzifəsi təklif olundu. Ona görədə, bu şəxslərin ölkəni necə idarə etdiklərini bilavasitə şahidi olmuşam. Hakimiyyətdə olduqları müddətdə onlar praktiki olaraq ölkə iqtisadiyyatı və maliyyə sistemini məhv eləmişdilər. Misal üçün, həmin vaxt bir barrel neftin qiyməti 18 dollar idi, amma korrupsiyanın səviyyəsi indikindən dəfələrlə çoxuydu. Ölkə parlament tərəfindən təsdiq olunmamış büdcə ilə yaşayırdı. Bir peşəkar kimi, hadisələrin hansı istiqamətdə inkişaf etdiyini görərək o zaman bunu mətbuatda açıqladım. Həmin vaxt bəyan etdim ki, Azərbaycan iqtisadiyyatı katastrof ərəfəsindədir. Hansı ki, bu vəziyyəti indiki müxalifət liderlərinin idarə etdiyi hökumət yaratmışdı. Bu Elçibəy və onun komandasında narahatlıq yaratmışdı. Məni danışıqlara həmin vaxt parlamentin spikeri olun İsa Qəmbər çağırdı. Mən uzun müddət onu başa salmağa çalışdım ki, ölkədə nə baş verir. İzah etmək istədim ki, günbəgün ölkə iqtisadiyyatı dağılmaq üzrədir. Yekunda başa düşdüm ki, ölkənin ikinci mühüm postunda əyləşmiş bu şəxsi qətiyyən ölkə iqtisadiyyatı və maliyyə sistemindəki vəziyyət maraqlaqdırmır. Həmin dönəmlərdə Azərbaycanda tam bir anarxiya hökm sürürdü. Ancaq buna baxmayaraq, həmin dönəmin liderlərinin hər birinin öz şəxsi ambisiyaları vardı və hər biri özlərinin biznes maraqlarını qorumağa çalışırdılar».
«Parlamentskaya Qazeta»dakı məqalədə daha sonra vurğulanır ki, Azərbaycan müxalifəti yenə də 90-cı illərin taktikası ilə hərəkət edir və elə zənn edirlər ki, bundan sonra da meydan hərəkatı ilə ölkəni idarə etmək mümkündür.
Fikrət Yusifov yazır ki, hazırkı müxalifət faktiki olaraq özlərinin real imkanları və vəziyyətlərini qiymətləndirə bilmirlər. «Bu gün müxalifət yeri gəldi-gəlmədi hakimiyyəti tənqid edir. Lakin bircə dəfədə olsun dillərinə gətirmirlər ki, hazırkı Azərbaycanın qurulmasında Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin müstəsna xidmətləri var və onlar bu işləri görüblər. Bu şəxslər hələ də anlaya bilmirlər ki, bu illər ərzində ölkə üçün heç nə etməyiblər və bundan sonra da nəsə etmək gücündə deyillər. Bu adamlar hakimiyyətə gəlsələr belə, bu gün təkcə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın ölkəmiz üçün gördüyü çoxsaylı əhəmiyyət və səmərəli işlərin heç yarasını görmək iqtidarında olmayacaqlar. Çünki onların buna imkanları və savadları çatmır».
Keçmiş maliyyə naziri müxalifətin hakimiyyəti korrupsiyada ittiham etməsi məsələsinə də toxunub. O qeyd edib ki, bu problem dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda da var: «Bu gün əksər azərbaycanlılar yaxşı bilirlər ki, faktiki olaraq korrupsiyaya qarşı ən sərt üsullarla mübarizə aparalır. «Vahid Pəncərə» sisteminin tətbiqi bunun əyani sübutlarından biridir».
Qarabağ münaqişəsi ilə bağlı məsələyə də toxunan sabiq nazir bildirib ki, 90-cı illərin əvvəllərində hakimiyyətdə olan indiki müxalifət az qala vətəndaş müharibəsi vəziyyəti yaratmışdılar. «Qarabağ münaqişəsini elç bir həddə çatdırmışdılar ki, nəinki indiki işğal altındakı torpaqlarımızı, hətta bütün Azərbaycanı belə işğala məruz qoyacaqdılar. Həmin dövrün hakimiyyəti elə zənn edirdi ki, Rusiya ordusunu ölkədən çıxarmaqla Qarabağ münaqişəsinin asanlıqla həllinə gətirib çıxaracaq. Lakin onlar anlamırdılar ki, bu addımın atılması münaqişənin həllinin daha da çətinləşməsinə gətirib çıxaracaq. Onlar hesab edirdilər ki, Rusiya hərbi bazalarsız Azərbaycan tezliklə dövlət suverenliyinə qovuşacaq. Onlar başa düşə bilmirdilər ki, müasir dünya düzənində iri dövlətlərin digər ölkələrdə hərbi bazalarının mövcudluğu həmin ölkənin suverenliyini əlindən almır. Əgər Heydər Əliyev tez bir zamanda hakimiyyətə gəlməsəydi, bu hadisələrin Azərbaycan üçün nələrə gətirib çıxaracağı bəlli olmayacaqdı».
Rüstəm İbrahimbəyovun müxalifətin lideri olması məsələsinə də toxunan Fikrət Yusiof yazıb ki, o, yaxşı kinorejissor olsa da, siyasətçi deyil. «Bu onun mətbuata verdiyi açıqlamalardan da bəlli olurdu. Mən dəqiq deyə bilmərəm ki, İbrahimbəyov Azərbaycanın prezidenti olub olmayacağı barədə nə düşünür. Amma onu bilirəm ki, prezidentlik sennari yazmaq qədər asan bir iş deyil. Ona xatırlatmaq lazımdır ki, bir zamanlar tarixçi və tərcüməçi Elçibəy də onun kimi düşünürdü. Məsələn, o, Qarabağ münaqişəsinin asan həlli yolunu tapmışdı: «Dağlıq Qarabağı mühasirəyə alırıq və Qarabağ bizimdir. Bu cür gülməli fikirlər səbəbindən sonda o, hakimiyyəti buraxıb, paytaxtdan qaçdı».
Milli Şuranın vahid namizədi Cəmil Həsənli barədə də fikirlərini yazan keçmiş maliyyə naziri vurğulayıb ki, o, xarizmasına görə heç Elçibəyin yarısı qədər də deyil. «Cəmil Həsənlinin namizədliyinin irəli sürülməsi mənə Yaqub Məmmədovun aqibətini xatırlatdı. O da bir zamanlar siyasətə atılmışdı və günün birində hər şeyi başa düşdü. Sonda isə dedi ki, «Biz böyük siyasətin kiçik peşkalarıyık. Bununla da məğlubiyyətini qəbul etdi».
«Son 20 ildə Heydər və İlham Əliyevlərin hakimiyyəti dövründə Azərbaycan böyük ehtiyyatlar yığıb», - deyən Fikrət Üusifov qeyd edib ki, həmin vəsaitiləri qısa müddətdə xərcləyib qurtarmaq mümkündür: «Lakin hər iki şəxsiyyətin təcrübə və bacarığı buna yol vermir və hər şeyin ağıllı şəkildə idarə olunmasını təmin edir. Azərbaycan xalqı yaxşı bilir ki, onlar Azərbaycanın aydın gələcəyinə səs verirlər. Bizim vətəndaşlar 90-cı illərin əvvəllərində yaşadıqlarını yaddan çıxarmayıblar və onlar yenidən anarxiya və qeyri-sabitliyə səs vermək niyyətində deyillər».