Doğru Yol Partiyası İlyas İsmayılovu dəstəkləmək qərarı verdi

img

04-10-2013 [23:27]


Doğru Yol Partiyası bəyanat yayıb. MİA-ya daxil olan bəyanatda qeyd olunur: Əziz Həmvətənlər! Bilirsiniz ki, bir ay öncə Azərbaycanda mühafizəkar- demokrat ideoloji xəttini müdafiə edən Doğru Yol Partiyasının yaradılması üçün təşkilat komitəsi yarandı. Bizim məqsədimiz Xalqımıza məxsus siyasi, mənəvi, mədəni dəyərlərimizi mühafizə etmək, onları qoruyub saxlamaq və təbliğ etməklə yanaşı yeni bir idarəçilik sistemini bərpa edib hüquqi cəmiyyət yaratmaqdır. Mövcud durumda nə qədər çətin olsada biz müqəddəs amal uğrunda yola çıxdıq.


Müstəqilliyinin gənclik dövrünü yaşayan dövlətimizin, ictimai-siyasi, sosial- iqtisadi sahədə atdığı kövrək addımları sürətləndirmək üçün, daha çevik və zamanın tələblərinə uyğun siyasi institutlar formalaşdırmaq sosial tələbə çevrilmişdir. Demokratik siyasi islahatlar tələb edən cəmiyyətimiz prezident seçkisi mərhələsini yaşayır. Hər bir seçki, növbəti dövrün inkişafının başlanğıcıdır. Kifayət qədər normal seçki ənənəsi olmayan Azərbaycanda siyasi platformasına, siyasi vədlərinə görə prezidentliyə namizədlər rəngarənglik təşkil edirlər. Bu dövlətçiliyimizin formalaşmasında çox müsbət hal kimi qiymətləndirilməlidir. Amma təəssüf ki, hələdə bəzi siyasi mərkəzlər gedən proseslərdə şlaqbaum rolu oyanamaqdan yorulmur, cəmiyyətin dəyişiklik tələblərini görməzlikdən gəlirlər. Bütün müsbət və mənfi hallara baxmayaraq seçkinin keçirilməsinə məsul iqtidar və hakmiyyətə gəlmək üçün seçkidə iştirak edən qüvvələr xalqımız qarşısında məsuliyyətlərini unutmamalı, prosesin normal, qanunauyğun formada bitməsinə səylər göstərməlidirlər.
Doğru Yol Partiyası olaraq 09 oktyabr tarixində keçiriləcək prezident seçkisini iqtidar və müxalifət arasında yeni siyasi nizamın, münasibətin yaradılmasının başlanğıcı nöqtəsi kimi qiymətləndiririk. İqtidarın müxalifətə, müxalifətin isə iqtidara münasibətində qanunauyğunluqlar bərpa edilməli, hakmiyyət uğrunda siyasi mübarizədə dövlətçiliyimizə təhlükəli olan elementlər aradan qaldırılmalıdır.

Doğru Yol Partiyası olaraq xalqımızın, siyasi qüvvələrin seçkidə aktiv iştirakını zəruri hesab etdiyimizdən, seçki prosesindən siyasi qüvvə olaraq kənarda qalmamaq üçün Doğru Yol Partiyasının təşkilat komitəsi bir neçə həftə əvvəl daxili müzakirələrə başlamışdır. Səmərəli müzakirələrdə bütün namizədlərin platformaları, dövlətimizin gələcəyi, siyasi sistemin perspektivi ilə bağlı planları təhlil edilmişdir. Əksər namizədlərin qabiliyyəti, dövlətimizə, xalqımıza verəcəyi siyasi töhvələr müsbət qiymətləndirilmişdir. Bütün namizədlərə uğur arzulamaqla yanaşı Doğru Yol Partiyası keçmiş siyasi fəaliyyəti, dövlətin ali mərtəbəsində tutduğu vəzifə dönəmində şəffaflığa, ədalət prinsipinə söykənib vəzifə borcunu layiqincə yerinə yetirən, görkəmli siyasi xadim, ziyalı şəxsiyyət Ədalət partiyasının sədri İlyas İsmayılovu müdafiə etmək qərarı verdi. Hesab edirik ki, partiyamızın qərarının doğruluğu, Azərbaycanın gələcək siyasi həyatında baş verən dəyişikliklər zamanı təsdiqini tapacaq. Allah Azərbaycanımızı qorusun !





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA