QAT-ın Qarabağ təbliğat turu başa çatdı

img

03-10-2013 [14:58]


Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə keçirilən Qarabağ təbliğat turu başa çatıb. QAT-dan verilən məlumata görə, tur iştirakçıları 6 min kilometr yol qət edərək Türkiyə ərazisində rəsmi və qeyri-rəsmi səviyyədə onlarla tədbir keçirib. Heyət QAT sədri Akif Nağı, sədr müavini Gültəkin Quliyeva, Idarə heyətinin üzvü Sərvər Musayev, Ağsaqqallar Şurasının üzvü Şahmar İbrahimov, Azad Qarabağ Uğrunda Alyansa daxil olan təşkilatların rəhbərləri Rövşən Əhmədli, Məmmədhəsən Həsənov, Alman Abbasov, Jalə Cəfərova, Vüsal Hətəmov, QAT Türkiyə təmsilçiliyinin rəhbəri Emel Süpürür, onun yardımçısı Cəfər Dal və digərlərindən ibarət olub.

10 gün davam edən səfər zamanı İstanbul, Çanaqqala, İzmit, Ankara, Gümüşxana, Qars, İğdır və digər yerlərdə görüş, konfrans, ziyarət və digər tədbirlər baş tutub. Heyət üzvləri İstanbulda QAT təmsilçisi Emel Süpürürün təçkilatçılığı ilə Kiçikçəkməcə Qadın Məclisinin başqanı Cəmra Aydın Əvşar, həmin bölgənin icra hakimiyyətinin (Kaymakam) rəhbəri Orxan Öztürk, bələdiyyə başqanı Əziz Yeniay, Araşdırmalar Mərkəzinin rəhbəri Şaban Gülbahar, Türkiyənin Bələdiyyələr Birliyinin baş katibi Mustafa Bozkurt, İraq Türkmənləri Dərnəyinin rəhbəri Kamal Boyatlı, Ülkü Ocaqlarının başqanı Yıqıt Çıldırım, Gökbörü Dərnəyinin başqanı Barış Selyurt, Bəylikdüzü bələdiyyəsinin başqanı Yusif Uzun, Qarapapak Türkləri Dərnəyinin rəhbəri Engin Aybirdi və digərləri ilə görüşüb.

Aksiya iştirakçıları sonra Çanaqqalaya səfər ediblər, Şəhidlərin məzarlarını ziyarət edib, Bakıdakı Şəhidlər Xiyabanı və Şamaxı yaxınlığındakı Türk Şəhidi məzarlığından götürdükləri torpağı naməlum əsgərin məzarına səpiblər və oradan Bakıya gətirmək üçün torpaq götürüblər.

Səfər zamanı bir sıra əhəmiyyətli qərarlar qəbul olunub, o cümlədən dekabr ayında İstanbulda "Türk dünyası və Qarabağ” mövzusunda, yanvarda İzmitdə Qarabağ bilgiləndirmə konfransının, fevralda Gümüşxanada Qarabağa həsr olunmuş dəyirmi masanın, apreldə Iğdır və Qars əhalisinin iştirakı ilə yürüşün keçirilməsi ilə bağlı ilkin razılaşma əldə olunub. Səfər boyunca bütün yerlərdə Azərbaycan və Türkiyə türkcəsində, ingilis dilində kitablar paylanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA