Deputat nazir qardaşı ilə Cavid Qurbanovun münasibətindən danışdı - müsahibə

img

01-10-2013 [12:40]


Milli Məclisin deputatı, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun maraqlı müsahibə verib. O, Milli Şuranın namizədi Cəmil Həsənlinin nazir qardaşı haqda ittihamlarından tutmuş, Ziya Məmmədovun Cavid Qurbanovla aralarındakı gərginliklə bağlı deyilənlərə də münasibət aşıqlayıb.

Mia.az Deputat E.Məmmədovun Publika.Az-a müsahibəsini olduğu kimi təqdim edir:

 -Keçmiş deputat həmkarınız olan Cəmil Həsənli mütəmadi olaraq nəqliyyat sahəsində böyük problemlərin olduğunu bəyan edir. Məlumdur ki, bu sahəyə də qardaşınız olan nəqliyyat naziri Ziya Məmmədov rəhbərlik edir. Cəmil Həsənlinin qardaşınızla bağlı tənqidi fikirlərinə münasibətiniz necədir? 

-Bu insanlar idarə olunurlar. Müəyyən xarici kəşfiyyat orqanları tərəfindən onlar bu cür fikirlər söyləyirlər. Onlar Azərbaycanın indiki inkişafını görmək istəmirlər. Ona görə də Azərbaycan əleyhinə müxtəlif kampaniyalar aparırlar. Əgər onlar özünü siyasi opponent hesab edirsə, o zaman onlara ayrılmış 6 dəqiqəlik pulsuz efir vaxtında xalqın ünvanın layiqli söz desinlər. Ən azı onlar bunu xalq üçün etmək istəmirsə, heç olmasa özlərinin gələcəkdə bir şəxsiyyət kimi formalaşması istiqamətində gərək bu dövlətin rolundan bəhs etsinlər. Çünki onları da vətəndaş olaraq məhz bu cəmiyyət formalaşdırıb. Onlar da azərbaycanlı ailəsində doğulublar. Azərbaycanda gedən indiki böyük inkişafı görmək istəməyən bu adamlar öz mənafelərini düşünürlər. Onları qətiyyən xalq maraqlandırmır. Çünki şəxsiyyət amili toxunulmazdır və cənab Prezident İlham Əliyevin Azərbaycan Konstitusiyasına uyğun olaraq toxunulmazlığı var. Belə bir insanın və onun ailəsinin ünvanına əsası olmayan və hər hansı orqanlar tərəfindən hazırlanmış yalan və böhtan dolu fikirlərin replika şəklində ortaya atılması yolverilməzdir.

Əqidəsi özündə olmayan və kimlərsə tərəfindən idarə olunan bu insan özünün dediyi kimi guya təxribata sürüklənib. Deməli, Cəmil Həsənlinin özünü idarə edə bilməməsi onun gələcəkdə müəyyən təxribatlara sürükləyə bilər. Bütövlükdə götürsək, Cənab İlham Əliyev və onun səlahiyyətli nümayəndələrini çıxmaq şərtilə digər siyasi opponentlərin milli bəşəri dəyərlərimiz olan Azərbaycan mədəniyyətinə çox böyük hörmətsizlik edirlər. Əslində düşünsək, orada olan opponentin hər biri azərbaycanlıdır və Azərbaycan xalqını məxsusdur. Əgər biz azərbaycanlılar bütövlükdə fikrimizi ifadə edib İlham Əliyev cənablarına bundan öncəki 5 ildə səs verib prezident olmaq hüququ vermişiksə, o zaman onlar da düşünməlidir ki, bu xalqı təmsil etmək hüququ cənab prezident İlham Əliyevə məxsusdur. Əgər prezidentlik səlahiyyəti dövründə İlham Əliyev cənabları bu xalqı təmsil edirsə, o xalqın üzvlərindən biri də həmin siyasi opponentlərdir. Deməli, bu adamlar özləri özlərini təhqir edir, özlərinin bu xalqa mənsub olmasını şübhə altına alırlar.

Cəmil Həsənli 10 il Milli Məclisin deputatı, tarixçi alim olub və Azərbaycanın ictimai-siyasi proseslərində fəal iştirak edib, vətəndaş cəmiyyətində müəyyən mövqeyə malik olub. Bütün bunlar isə hər zaman xalq tərəfindən qəbul edilən olub. Ancaq çox təəssüf ki, bu adam indi fərqli mövqe nümayiş etdirir. Belə insanların kimlərsə tərəfindən idarə olunması artıq hər birimizdə şübhə doğurur. Cəmil Həsənli bir alim və ziyalı, 10 il parlamentin üzvü olaraq özünü bütün çıxışlarında etik normalara uyğun aparıb. Ancaq nədənsə indi Cəmil Həsənli əvvəlki mövqeyinə və hərəkətlərinə zidd addımlar atır. Bütün bunlar bir daha onu göstərir ki, Cəmil Həsənli müəyyən qüvvələr tərəfindən başqa istiqamətə sürüklənir. Bütün bunlar isə yol verilməz haldır.


-Son günlər müxalifət mətbuatı Ziya Məmmədov ilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, deputat həmkarınız olan Cavid Qurbanov arasında münasibətlərin çox soyuq olduğunu, hətta rəhbər-işçi münasibətlərində subordinasiyanın da gözlənilmədiyini yazır. Bu nə qədər realdır?

- Bunların hamısı iftiradır, yalandır. Ziya Məmmədovla Cavid Qurbanov arasında heç bir problem yoxdur. Nəqliyyat naziri olaraq Ziya Məmmədovun rəhbərliyi altında çalışan bütün kollektivlə münasibətləri çox şəffaf və normaldır. Aralarında isti münasibətlər var və bunun da bariz nümunəsi olaraq Ziya müəllimin rəhbərlik etdiyi bütün sahələrdə ona rəhbərlik edən insanların gördüyü işlər də göz qabağındadır. Bu işlərin hər biri ürək açandır, bu xalqa xidmət edəndir, müasir infrastrukturlardır. İstər avtomobil nəqliyyatının, istər yol-nəqliyyat infrastrukturunun, istərsə də dəmir yolunun təkmilləşdirilməsində və yeni beynəlxalq dəmir yolunun çəkilməsi buna bariz nümunədir ki, rəhbərin tabeçiliyində olan digər insanlarla heç vaxt pis münasibəti yoxdur. Pis münasibət yalnız hər hansı verilən işin öhdəsindən sağlam və layiqli gələ bilməməkdən ola bilər. Bununla bağlı isə qanuna uyğun olaraq tədbirlər görülməlidir. Ən pis halda isə həmin insan təbii ki, tutduğu vəzifədən azad oluna bilər. Bu isə indi hər bir vəzifəli insana şamil edilə bilər.

-Yəqin ki, prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirilən görüşlərdə iştirak edirsiniz. Vəziyyət necədir?

- Mən Ucar ərazisindən deputat seçilmişəm və hazırda Ucar ərazisində prezident İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində sakinlərlə görüşürük. Təbliğat-təşviqat kampaniyasının gedişi bir daha ondan xəbər verir ki, həqiqətdə bütün insanlar, Azərbaycan seçiciləri bütövlükdə Heydər Əliyev siyasətinin uğurlu davamçısı olan İlham Əliyevlə birgədir və onun ətrafında sıx birləşib. İlham Əliyevin vəd verdiyi bütün işlər və proqramlar son 10 ildə onun rəhbərliyi altında uğurla icra edilib. Görülən bütün işlər müasir Azərbaycanın və dünya standartlarına uyğun olan prinsiplərini özündə əks etdirir. Birmənalı şəkildə deyə bilərəm ki, indi Ucar rayonunda yaşayan bütün seçicilər artıq öz seçimlərini ediblər, hər biri birmənalı şəkildə bəyan edir ki, onlar oktyabrın 9-da İlham Əliyevə səs verəcəklər. Xalqın səs verməsi nəticəsində növbəti 5 ildə Azərbaycan prezidentinin rəhbərliyi ilə Azərbaycan daha böyük uğurlar əldə edəcək.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA