Əli Kərimli oğlu ilə görüşdən danışdı

img

25-09-2013 [19:24]



Sentyabrın 25-də məhbus tələbə Türkel Kərimliyə anası Samara Seyidova ilə görüş verilib.

"Media forum” saytı görüş haqda məlumat almaq üçün gənc məhbusun atası, AXCP sədri Əli Kərimliyə müraciət edib.

Əli Kərimli sayta açıqlamasında deyib: "İnzibati həbsdə saxlanılan şəxslərin ailə üzvləri ilə görüş hüququ var. Təəssüf ki, sentyabrın 24-də görüşə icazə vermədilər. Sentyabrın 25-də həyat yoldaşım Türkellə görüşə bildi.

Türkelin saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Hamının tabe olduğu rejim ona da aiddir. Heç bir ayrı-seçkilik etmirlər. Əsas məqsədimiz ondan təhsil aldığı universitetin müəllimlərinin telefon nömrələrini öyrənib müəllimləri mövcud vəziyyət haqda xəbərdar etməkdir.

Müəllimlərdən dərs vəsaitlərini internet vasitəsilə bizə göndərmələrini xahiş edəcəyik. Bu baş versə, həmin vəsaitləri çap etdirib Türkelə çatdırmaq istəyirik ki, dərslərindən geri qalmasın.

Müəllimlərin əlaqə nömrələrini götürmüşük. Universitetlə əlaqə saxlayıb mövcud vəziyyəti bildirəcəyik. Sentyabrın 26-da isə Bakı Apelyasiya Məhkəməsinə şikayət ərizəsi təqdim olunacaq.

Türkel məhkəmədə dediklərini bir daha təsdiq edib ki, nə plakat cırıblar, nə də polisə müqavimət göstəriblər. Bunların hamısı qurama olub. Türkelin əsas narahatlığı da məhz bundan - məhkəmənin sifarişli qaydada qeyri-qanuni həbs qərarı çıxarmasındandır. Səhhəti normaldır”.

Türkel Kərimli Böyük Britaniyada ali təhsil alır. O, sentyabrın 22-də Milli Şuranın Bakıda keçirdiyi mitinqdən sonra dostları Ülvi Nuriyev və Coşqun Salahovla birgə tutulub. Sentyabrın 23-də Nəsimi Rayon Məhkəməsi Türkel Kərimlini 25, Coşqun Salahovu 30, Ülvi Nuriyevi 20 sutka müddətinə azadlıqdan mərhum edib. Gənclər İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polisə tabe olmamaq) ilə təqsirli biliniblər. Polis gənclərin prezidentliyə namizədlərin təbliğat plakatlarını, şəkillərini cırarkən saxlandığını bildirir. Əli Kərimli və bir sıra müxalif siyasətçilər isə bu həbsləri siyasi sifariş sayır.

Həbs olunan gənclər paytaxt polisinin Binəqədidəki təcridxanasında saxlanırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA