"Təqsirim olmadığı üçün azad buraxılmışam" - Çinli tələbə "maska əməliyyatı"nda adlarının hallanmasına etiraz edir

img

20-03-2020 [19:17]


Bakı şəhəri, DBU-nun 3 saylı yataqxanası, mənzil 10-da müvəqqəti yaşayan Çin Xalq Respublikasının vətəndaşları Liu Yiming və Yang Kun Mia.az-a təkzib məktubu göndəriblər.

Onlar bildiriblər ki, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı keçirilən kompleks əməliyyat tədbirləri zamanı həbs edilənlər arasında adlarını hallanması doğru deyil:

"Mən, Liu Yiming, Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin tələbəsiyəm və bir neçə ildir ki, Bakı şəhərində yaşayıram. 03.03.2020-ci il tarixində Ren adlı tanışım mənə tibbi maskalar vermiş, yataqxanada saxlamağımı xahiş etmiş və onları tezliklə məndən götürəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra polislər yaşadığım yerə gələrək əsassız olaraq orada axtarış aparmış və tibbi maskaları aşkar edərək götürmüş, məni isə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar.

Orada izahat verərək tibbi maskaların tanışıma məxsus olduğunu və mənə saxlanmaq üçün verildiyini bildirmiş və təqsirim olmadığı üçün azad buraxılmışam.

Lakin hadisə ilə əlaqədar mia.az saytının 09 mart 2020-ci il tarixində internet səhifəsində yaydığı xəbərlərdə biz Azərbaycan ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan mütəşəkkil cinayətkar dəstənin üzvü kimi göstərilmiş, şəklimiz, video görüntülərimiz və adımız xəbərlərdə tirajlanmışdır.

Artıq bir neçə ildir ki, Azərbaycan Respublikasında tələbəyəm, təhsil haqqı və yaşayış xərclərim Çin Xalq Respublikası tərəfindən ödənilir. Haqqımda mətbuatda gedən həqiqətə uyğun olmayan məlumatlar nüfuzuma ciddi xələl gətirmiş, ailəm, dostlarım, tələbə yoldaşlarım arasında narahatçılığa səbəb olmuşdur. Bu məlumatların Çinin Azərbaycandakı Səfirliyi vasitəsilə Çin dövlətinə çatdırılması ehtimalı böyükdür, bu isə mənim təhsil və yaşayış xərclərimi ödəyən dövlətə xəyanətim kimi qiymətləndirilir.

Əlavə olaraq həmçinin bildirməliyəm ki, həmin şəkil və videolarda Çin üz cizgilərinə malik olan dostum Yang Kun da cinayətkar dəstənin bir üzvü kimi göstərilib. Halbuki. Həmin şəxs sadəcə mənim dostum olmaqla mənə tərcüməçilikdə köməklik göstərib. Və bu baxımından da mən Yang Kunun hüquqları pozulmuşdur.

Bir daha qeyd olunmalıdır ki, göstərilən cinayətkar fəaliyyətlə heç bir əlaqəmiz yoxdur və tibbi maskalar Liu Yimingin tanışına məxsus olmaqla Liu Yiming yaşadığı evə sadəcə saxlanılmaq üçün qoyulmuşdur.

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununun 44-cü maddəsində qeyd olunur ki, Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır

Qeyd olunanları nəzərə alaraq, kütləvi informasiya vasitənizdə barəmizdə yayılmış həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini Sizdən xahiş edirəm".

Xatırladaq ki, DİN-inin müvafiq quurmunun ölkə mediasında "maska əməliyyatı" kimi təqdim olunan əməliyyatında xarici vətəndaşlarla yanaşı, yerli şəxslər də saxlanıldığı bildirilmişdi.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR