PA-dan AŞPA-nın həmməruzəçisinə sərt cavab verildi

img

19-03-2020 [15:55]


Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi Sunna Evarsdottirin Azərbaycanla bağlı qərəzli bəyanatına münasibət bildirib.

Mia.az-ın məlumatına görə, H.Hacıyev AZƏRTAC-a açıqlamasında deyib ki, sözügedən şəxs öz mandatını aşaraq Azərbaycana qarşı qərəzli münasibət nümayiş etdirməklə ölkəmizi hədələmək və vəzifəsindən ölkəmizə qarşı hücumlar üçün sui-istifadə etmək yolunu tutub:

“Vurğulamaq istərdim ki, Azərbaycan tərəfi S.Evarsdottir ilə konstruktiv əməkdaşlıq üçün şərait yaratmış və onun 2019-cu ildə məruzəçi qismində ölkəmizə səfəri həyata keçirilmişdir. Təəssüf edirik ki, S.Evarsdottir Azərbaycanın bu xoş münasibətini düzgün qiymətləndirə bilmədi və fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ərəfəsində onun verdiyi bəyanatlar qərəzli münasibətin bariz nümunəsidir. S.Evarsdottirin bu qeyri-etik açıqlaması məzmunca əsassız, mahiyyətcə qərəzli, tərz etibarilə isə tamamilə qəbuledilməzdir. S.Evarsdottir anlamalıdır ki, Azərbaycanla hədə və təhdid dilində danışa bilməz”.

Prezidentin köməkçisi vurğulayıb ki, AŞPA-da Azərbaycanı hədələməyə çalışan və ölkəmizə qarşı fəaliyyət göstərən qərəzli qüvvələr həmişə mövcud olub: "Lakin onlar heç vaxt öz çirkin məqsədlərinə nail ola bilməyib və siyasi səhnədən silinib gediblər. Onların uğursuz siyasi aqibəti S.Evarsdottir üçün də dərs olmalıdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR