YAP-la “Azadlıq” radiosu bir-brini ittiham edir

img

25-09-2013 [16:45]


Hakim Yeni Azərbaycan Partiyası "Azadlıq” radiosundan Mərkəzi Seçki Komissiyasına, "Azadlıq” radiosu isə Yeni Azərbaycan Partiyasından ATƏT-in Azərbaycanda seçkini müşahidə edən missiyasına şikayət edib.

"Yap.org.az” saytının məlumatına görə, YAP-ın MSK-ya müraciətində bildirilir ki, xarici dövlət tərəfindən maliyyələşdirilməklə Azərbaycanda fəaliyyət göstərən "Azadlıq” radiosu Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycanda seçkiqabağı təşviqat aparır: "Hətta radio internet səhifəsində xüsusi "Seçki-2013” bölməsi yaradaraq burada "namizədi tanı” keçidləri təşkil edir, yaydığı məlumatlarda və verilişlərdə qanunvericiliyin tələblərini və peşə kodeksini ciddi şəkildə pozaraq konkret namizədin xeyrinə təşviqatla məşğul olur”.

Partiyanın müraciətində qeyd olunur ki, Seçki Məcəlləsinə əsasən seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması xarici dövlətlərə və xarici hüquqi şəxslərə qadağandır.

"Azadliq.org” saytının məlumatına görə, "Azadlıq” radiosunun ATƏT-in müşahidə missiyasına göndərdiyi şikayətdə bildirilir ki, YAP-ın MSK-ya müraciət edərək radionu seçki təşviqatı aparmaqda ittiham etməsi hakim partiyanın müstəqil medianı qorxutmağa və seçkinin işıqlandırılmasını nəzarətdə saxlamağa çalışmaq üçün istifadə etdiyi klassik hədə-qorxu taktikasıdır.

"Azadlıq” radiosu bəyan edir ki, o, seçkilərin işıqlandırılmasında Seçki Məcəlləsinə əsaslanan və professional, beynəlxalq media standartlarına uyğun fəaliyyət göstərən peşəkar media qurumudur: "Biz seçkini işıqlandırmaq yönündə fəaliyyətimizi tam müdafiə edirik. Bu iş balanslı, ədalətli və peşəkarcasına həyata keçirilir. Bütün bunlar heç bir əsası olmayan, heç bir beynəlxalq konvensiyaya uyğun gəlməyən absurd ittihamlardır. "Azadlıq” radiosu bu hücumlar barədə, seçkiyə yekun qiymət verəcək ATƏT-in müşahidə missiyasına məlumat verəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA