Oqtay Əsədov məhkəməyə verildi - Fikrət Məmmədova müraciət + Detallar

img

17-03-2020 [14:31]


Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin sektor müdiri, YAP-ın veteran üzvü, YAP Səbail rayon ilk ərazi partiya təşkilatının idarə heyətinin üzvü, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 82, mənzil 9-da yaşayan Rahim Axundov Milli Məclisin keçmiş rəhbərliyini məhkəməyə verib.

Bu barədə Mia.az-a açıqlama verən Rahim Axundov bildirib ki, keçmiş rəhbərlik, daha doğrusu, Oqtay Əsədov onu 25 dekabr 2018-ci ildə xarici ölkədə səfərdə ola-ola tamamilə qanunsuz şəkildə, qanunsuz əmrlə vəzifəsindən azad edib:

"Bununla bağlı şikayətlərim və məhkəmə iddialarım Oqtay əsədov vəzifədə olduğu müddətdə bəlli səbəblərdən qəbul edilməyib. Hazırda növbəıti şikayətim icraata qəbul olunub. Aprelin 1-də saat 16:40-da Bakı Apellyasiya Məhkəməsində Milli Məclisə qarşı qaldırdığım iddia tələbi üzrə apellyasiya şikayətimə baxılacaq. Keçən dəfə Oqtay Əsədov vaxtında Bakı İnzibati Məhkəməsinə təzyiq olmuşdu və hakim Möminat Hacıbəyova iddia tələbinə baxmağı mümkün hesab etmədi. Halbuki ondan qabaq 2 saylı inzibati iqtisad məhkəməsində işə baxılmışdı və Hakim Zaur Tağıyev bunu mümkün saymışdı. sadəcə məlum islahatlardan sonra iş yeni yaradılmış Bakı İnzibati məhkəməsinə verildi. Ümid edirəm ki, yeni parlament rəhbərliyi formalaşdırldığına görə, hakimlər işə ədalətli baxa biləcəklər"

Yeri gəlmişkən, Rahim Axundov məhkəmədə üzləşdiyi özbaşınalıqlarla bağlı Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının Sədri, Azərbaycan Respublikasının Ədliyyə Naziri Fikrət Məmmədova da müraciət edib.

RAHİM AXUNDOV

Həmin müraciəti də olduğu kimi təqdim etməklə, yanaşı, qarşı tərəfin münasibətini də dinləməyə hazır olduğumuzu bildiririk:

"Hörmətli Fikrət müəllim,

30 yanvar 2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinin hakimi Miminat xanım Hacıbəyovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Milli Məclisinə qarşı işdən azad olunmağım barədə cavabdehin 25 dekabr 2018-ci il tarixli, 228-V nömrəli sərəncamının ləğv edilməsi, işə bərpa olunmağım və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiam mümkün sayılmamışdır. Hakim Miminat xanım Hacıbəyova bunu iddia müddətinin buraxılması ilə əsaslandırır və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 38.1-ci maddəsinə istinad edir. Məhkəmənin hakimi Miminat xanım Hacıbəyova qeyd edir ki, iddiaçı Rahim Sərhad oğlu Axundovun işdən azad edilməsi barədə inzibati akt (sərəncam) 25 dekabr 2018-ci ildə verilsə də, Rahim S.Axundov 31 oktyabr 2019-cu ildə məhkəməyə müraciət etmişdir.

Hakim Miminat xanım Hacıbəyova qərardadda qeyd edir ki, “mübahisələndirilən inzibati akt (sərəncam) barədə cavabdeh Azərbaycan Respublikası Milli Məclisi tərəfindən iddiaçı Axundov Rahim Sərhad oğlunun əmək kitabçasında qeyd edilərək inzibati aktın (sərəncamın) nömrəsi, tarixi göstərilmişdir, əmək kitabçalarının götürülməsi barədə jurnalda edilmiş qeydə əsasən isə iddiaçı Axundov Rahim Sərhad oğlu əmək kitabçasını cavabdehdən 28.12.2018-ci ildə almışdır.”

Göründüyü kimi, mən 28.12.2018-ci il tarixində inzibati aktın özünü yox, əmək kitabçamı cavabdehdən əldə etmişəm. İPM-nin 38.1-ci maddəsində də söhbət əmək kitabçası və/və ya əmək kitabçasında qeyd edilmiş inzibati aktın (sərəncamın) məlumatlarından yox, məhz mübahisələndirilən inzibati aktın özündən gedir.Həm də inzibati aktda həmin aktı qəbul etmiş müəssisə rəhbərinin imzası olur.Mənim əmək kitabçamda isə yalnız inzibati akt (sərəncam) barədə məlumat verən kadrlar şöbəsinin imzası var.Bu baxımdan da əmək kitabçası və məlum inzibati akt (sərəncam) barədə orada qeyd edilən məlumatlar heç bir formada inzibati akt sayıla bilməz.İnzibati aktın tərifi İnzibati icraat haqqında qanunun 2.0.2-ci maddəsində və Ali Məhkəmənin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarının 13 və 14.1 bəndlərində verilmişdir. Qeyd etdiyim qanun və qərarda əmək kitabçası inzibati akt hesab edilmir.

İddia müddəti barədə İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə “Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.”

Qaldırdığım iddiada söhbət yalnız inzibati aktın mübahisələndirilməsindən gedir və İPM-nin 38.1-ci maddəsində də “əmək kitabçası və/və ya əmək kitabçasında inzibati akt barədə

məlumatlar” ifadəsi yoxdur, inzibati akt barədə məlumat verən əmək kitabçası inzibati akt hesab olunmur.Bu baxımdan əmək kitabçası inzibati akt deyil və ya belə bir akt da hesab oluna bilməz. İş materiallarından da göründüyü kimi, 28.12.2018-ci ildə cavabdeh Milli Məclis əmək kitabçamı mənə təqdim edən zaman inzibati aktın təsdiq edilmiş surətini mənə verməmişdir.Barəmdə verilmiş inzibati aktın mənə təqdim edilməsindən boyun qaçırılması məndə əsaslı şübhələr yaratdı. Belə ki, KİV-də yayılan məlumatlardan mənə məlum idi ki, 228-V nömrəli, 25.12.2018-ci il tarixli inzibati akt (sərəncam) qəbul edilərkən (həm də Milli Məclisə təqdim etdiyim ərizənin tarixi də 25.12.2018-ci ildir) Milli Məclisin Sədri cənab Oqtay Əsədov İranda rəsmi səfərdə olub və onun adından həmin inzibati akt (sərəncam) verilib.Bu da Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2015-ci il tarixli fərmanının tələblərinə ziddir və məlum fərmana görə, “Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi onun müavini və ya səlahiyyətlərini icra edən şəxs imzalayır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir”.

Məhz buna görə də, inzibati aktın (sərəncamın) əslinin təsdiq edilmiş surətini dəfələrlə əldə etmək istəsəm də, səylərim və müraciətlərim 2019-ci ilin sentyabırna kimi heç bir nəticə vermədi. Nəhayət, 03.09.2019 tarixli müraciətimdən sonra Milli Məclis Aparatının Kadrlar şöbəsi müraciətimdə qaldırdığım suallara münasibət bildirmədən, imzası olmayan və guya barəmdə verilmiş “inzibati akt” hesab etdikləri bir vərəqi mənə poçt xidməti vasitəsilə məktub şəklində göndərmişdir.Məhz bundan sonra İPM-nin 38.1-ci maddəsinin tələblərinə müvafiq olaraq 31.10.2019-cu il tarixində məhkəməyə müraciət edə bildim. Çünki İnzibati icraat haqqında qanunun 74.2.3. maddəsinin tələblərinə görə inzibati şikayətdə “barəsində şikayət verilən inzibati akt və ya hərəkət (hərəkətsizlik) olmalıdır”. Mənə isə bu inzibati aktın surəti 20190-cu ilin oktyabrında təqdim edilib. Ona görə də o vaxt inzibati şikayət qaydasında məhkəməyə müraciət etdim.

28.11.2019-cu il tarixində 2 saylı İnzibati-İqtisadi Məhkəməsi iddia ərizəmi icraata götürmüş, hakim Zaur Tağıyevin sədrliyi ilə birinci məhkəmə iclası keçirilmiş, Məhkəmə qaldırdığım iddianı mümkün saymış, işə və proses iştirakçılarına yardım etməyə çalışmış və məhkəmə araşdırması başlamış, birinci məhkəmə iclasında qərar qəbul edərək cavabdeh Milli Məclisə məktub ünvanlamış, saxta olması iddia olunan inzibati aktın (228-V nömrəli, 25.12.2018-ci il tarixli sərəncamın) məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Məlum məhkəmə-hüquq islahatlarından sonra 1 və 2 saylı inzibati-iqtisad məhkəmələri birləşdirilmiş və Bakı İnzibati Məhkəməsi yaradılmış, icraata götürülmüş iş hakim Miminat xanım Hacıbəyovanın icraatına verilmişdir.Çox təəccüblüdür ki, Miminat xanım Hacıbəyova tamamilə qeyri-obyektiv və birtərəfli qaydada qərardad çıxarmış, iddianı mümkünsüz hesab etmişdir. Bu necə ola bilər?

İşi mahiyyəti üzrə araşdırmayan Miminat xanım Hacıbəyova, deyəsən, Bakı İnzibati Məhkəməsində işlədiyini də unudaraq, artıq mövcud olmayan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin adından çıxış etmiş, mənə ünvanladığı, 30.01.2020-ci ildə imzaladığı qərardadı

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sənədi kimi təqdim etmişdir. Bu baxımdan da hesab edirəm ki, qərardad ləğv edilməli və hakim Miminat xanım Hacıbəyovanın imzaladığı sənədin birinci səhifəsinə əsasən qeyd edim ki, iddia tələbim ilə bağlı məhkəmə işi artıq mövcud olmayan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin “xəyali yurisdiksiyası”ndan Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına verilməlidir.Mənə poçt xidməti vasitəsilə göndərilmiş qərardad gah 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, gah da Bakı İnzibati Məhkəməsinin qərardadı kimi təqdim olunur.Xahiş edirəm bu məsələ də araşdırılsın. Buradan da görünür ki, hakim Miminat xanım Hacıbəyovanın məqsədi iddianı mümkünsüz hesab edib arxivə atmaqdır.4 vərəqdə çap edilən məlum qərardad Miminat xanım Hacıbəyovanın imzaladığı məktuba görə, 2 vərəqdədir. Miminat xanım, deyəsən, real və faktiki həqiqətləri də danır. 4 vərəqi necə 2 vərəq yazmaq olar?

Yuxarıda qeyd edilən mülahizələrdən çıxış edərək bildirirəm ki, hakim Miminat xanım Hacıbəyova qərəzəli və birətərəfli mövqe sərgiləmiş, vətəndaşın pozulmuş hüquq və azadlıqlarının təmin edilməsinə çalışmaq əvəzində, iddianı mümkün saymamışdır. Belə ki, İPM-nin 13-cü maddəsinə görə, məhkəmənin proses iştirakçılarına yardım etmək vəzifəsi var. Mənim iddia tələbimdə isə məhkəmə yalnız cavabdehə yardım etmiş hesab olunur. Bundan başqa, İPM-nin 48.1-ci maddəsinin tələblərinə görə, “Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.”

Mənim qaldırdığım iddia tələbinə münasibətdə isə Məhkəmə iddia müddətinin buraxılmasını qərəzli şəkildə bəhanə edərək, iddianı mümkün hesab etməmişdir.

Daha sonra, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 3.4-cü bəndinə əsasən “Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır.” Mənim məhkəmə işimlə bağlı hakim Miminat xanım Hacıbəyova birinci instansiya məhkəməsi olaraq yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkün saymamışdır.Qərardadın izahat hissəsində Ali Məhkəmə Plenumunun məlum qərarına istinad edən hakim Miminat xanım Hacıbəyova iddia tələbi üzrə subyektiv hüquqların olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması məsələsinə də toxunur.Məgər təzyiq və təhdid altında ərizə yazmağım, mənim əmək hüquqlarımın pozulması və nəticədə işsiz qalmağım, 5 yaşında qızımın və ailəmin digər üzvlərinin maddi sıxıntıda yaşaması, ali qanunverici orqanın qeyri-etik hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirməyim, dini etiqad azadlığımın pozulması (iş materiallarına əlavə olunub) subyektiv hüquqlarımın pozulması deyilmi? Məgər cavabdeh Milli Məclisin bəzi vəzifəli şəxsləri öz qanunsuz hərəkətlərinə görə cavab verməli deyillərmi?

Bütün bu mülahizələrdən və hüquqi araşdırmalardan çıxış edərək xahiş edirəm ki, hakim Miminat xanım Hacıbəyovanın mənim iddia tələbim ilə bağlı fəaliyyəti, yanaşması, obyektivlik dərəcəsi, işə yardım etmək istəyib-istəməməsi araşdırılsın, qiymətləndirmə aparılsın, iddia tələbim üzrə verdiyi qərardada müvafiq hüquqi qiymət verilsin, iddia baxılmaq üçün Bakı İnzibati Məhkəməsinə qaytarılsın və digər hakimin icraatına verilsin.

Qoşma: Hakim Miminat xanım Hacıbəyovanın imzaladığı qərardadın surəti – 5 vərəqdə".

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR