Sülhəddin Əkbər qalmaqallı telefon söhbətindən danışdı

img

25-09-2013 [11:29]


Xəbər verdiyimiz kimi dünən aznews.az saytında Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə partiyanın sədri Sülhəddin Əkbərin telefon danışığının səs yazısı yayımlanmışdı. Məlumatda həmçinin qeyd olunurdu ki, hadisə Milli Şuranın sentyabrın 22-də keçirdiyi mitinqin baş tutduğu zaman baş verib. Belə ki, S.Əkbərlə telefon əlaqəsi yaradan R.Quliyev qurumun mitinqi və bir sıra müxalifət liderləri, həmçinin, Cəmil Həsənli haqqında ağır ifadələr işlədib.

Sözügedən hadisədə adı hallanan Sülhəddin Əkbər də "Azadlıq”a açıqlamasında baş verənləri təxribat kimi qiymətləndirib. O Bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin çıxışlarının effekt verdiyi, AXCP sədri Əli Kərimlinin oğlunun faktiki girov götürüldüyü, Oqtay Gülalıyevin oğlunun bıçaqlandığı bir ərəfədə gündəmi dəyişmək üçün bu cür üsullara əl atırlar. ACP sədrinin sözlərinə görə, yayılan audioyazı montaj olunub və qətiyyən həqiqəti əks etdirmir:

"Bunu yaymaqda məqsədlərdən biri Milli Şuraya daxil olan partiyalar arasında konflikt yaratmaqdır. Ona görə də Rəsul Quliyevin adından onun demədiyi ifadələr montaj olunub. Bizim telefon söhbətimiz olub, həm də mitinq barədə. Amma söhbətin məzmunu bu cür olmayıb. Yayılan audioyazıdan belə çıxır ki, mən heç nə danışmamışam, susmuşam. Bu necə ola bilər? Ümumiyyətlə, telefonların dinlənilməsi və danışıqların yayılması cinayətdir. Amma o da məlumdur ki, bu hakimiyyət qanunsuz topladığı sərvətləri itirməmək üçün istənilən cinayətə əl atır. Arsenallarında olan kompleks metodlardan istifadə edirlər". Sülhəddin Əkbər onu da əlavə edib ki, Rəsul Quliyevlə Cəmil Həsənli arasında telefon danışığından az sonra sözügedən audioyazı yayılıb: "Görünür, heç 24 saat dözə bilməyiblər. Hakimiyyət Milli Şurada münasibətlərin normal olmasını həzm edə bilmir. Bu təxribat savadsız sovet milisinin əməllərinə bənzəyir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA