REAL-la AXCP arasında yeni qalmaqal: İsgəndər Həmidov və şüar

img

25-09-2013 [10:12]



Milli Şuranın ötən gün baş tutan mitinqi geniş müzakirə və tənqidlərə səbəb olub. Müzakirələr xüsusilə REAL vətəndaş hərəkatı və AXCP fəallarının qarşılıqlı ittihamları ilə yadda qalıb. 

"Bu gün mitinqə getmişdik (ailəvi). Uşaqla olduğumuzdan, stadiona buraxılmadıq. Çıxışları kənardan dinləməli olduq. Çıxışçıları görə bilmirdik, amma səslərindən tanımaq olurdu. Mitinqin aparıcısını isə səsindən tanıya bilmədim. Çox pis aparıcılıq etdi. Çıxışların əksəriyyəti çox zəif idi. Yenə köhnə mövzular, keçmişə səyahət və s. Suallar da uğursuz idi. ”İlham bəsdir", "İlham get” - bunu anlamaq olur. Bəs "İlham rədd ol!” nə idi? Yeni məna yaratmır, ancaq yersiz qıcıq verir, təxribatçı məqsədlər üçün də istifadə oluna bilər. İsgəndər Həmidova bu mitinqdə niyə söz verildi? Professor (!!!) Cəmil Həsənlinin təşviqat mitinqində İsgəndər Həmidova söz vermək çoxmu vacib idi? Adamın danışığına fikir verdinizmi? O nə idi?".

Azvision.az-ın məlumatına görə, bunlar REAL təşkilatının Məclis sədri Erkin Qədirliyə məxsus fikirlərdir. O, mitinqdən məyus ayrıldığını yazıb: "Nə isə, iradlarım çoxdur. Mitinqdən məyus ayrıldım. Çox zəif. Unutmayın, bu sizin şounuz deyil, professor Cəmil Həsənliin seçki təşviqatı məsələsidir. Onun yüksək səviyyəsinə uyğun olmalıdır. Gələcək planlardan, görüləcək işlərdən, ideoloji təməldən, komanda quruculuğundan danışmaq lazımdır. Bunların heç biri bugünkü mitinqdə olmadı. Mən Cəmil bəyə səsimi verəcəyəm, bunu özüm üçün vicdan məsələsi hesab edirəm. Amma işlərə ciddi yanaşılmalıdır. Siyasət mitinqlərdə müəyyən olunmur, amma mitinqlərin səviyyəsindən aparılan siyasi işin ciddiliyini görmək olur”.

İ.Qədirlinin tənqidi fikirlərinə AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov cavab verib: "Həqiqət budur: İlqar Məmmədov yaxşıdır, ətrafı pis. REAL-çılar İlqar bəyin məzlum durumundan sui-istifadə edib o kişinin imicini xərcləyirlər. Mən sabah onların pozucu əməlləri barədə İlqar bəyə məktub yazmağı düşünürəm”. 

Əksər cəbhəçilərin dəstək verdiyi və REAL üzvlərinin sərt tənqid olunduğu bu statusdan sonra REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərli də mitinq haqqında fikirlərini bölüşüb: "Mitinqdə iştirak etdim, çoxlu tənqidi fikirlərim var, amma yazmayacağam, çünki düşünmək qabiliyyətlərini itirmiş ”narıncı" çocuqlar, yenə ağızlarına gələni yazacaqlar, anlamayacaqlar ki, tənqid inkişafın motorudur. Nə isə, mənim üçün hər şey aydın oldu. Təbii ki, seçkilərdə səsim Cəmil müəllimindir, amma seçkidən sonra əsas işimiz partiya quruculuğu, yeni simalar, isimlər, ideyalar, bir sözlə - yeni nəslin siyasətə tam və oturuşmuş gəlməsini təmin etmək olacaq! İnsanlara inam aşılamasaq, inad da olmayacaq! İnad olmasa, qələbə də olmaz! Yola davam!"

N.Cəfərli müsbət fikirlərini də yazıb: "Bir şeyə çox sevindim, mitinqdə yeni simalar, yeni tip insanlar, məhz bizim hədəfimiz - orta sinfin nümayəndələrini də görüm!”

N.Ədilovun "REAL opportunist ünsürlər yığınıdır. İndi statuslarını oxudum və bu mənə bəs elədi” yazdığı son statusundan sonra qarşılıqlı ittihamların hələ davam edəcəyi gözlənilir.

Hər halda, Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəklədiyini bəyan edən REAL rəhbərliyinin ilk görüş-mitinqlə bağlı bu qədər tənqidi mövqedə olması birmənalı qəbul olunmur. Bəs digər müxalifət təmsilçiləri bu fərqli yanaşmalarla bağlı nə düşünürlər?

AXCP sədrinin müavini Asəf Quliyevin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanda ortaya gəlmədən, kənarda dayanıb tənqid etmək, fərqli fikir söyləmək adət-ənənəyə çevrilib: "Mən bunu tək REAL üçün demirəm. Ümumən bizim belə mənfi xüsusiyyətimiz var. Sözsüz ki, mitinqdə çatışmayan məsələlər ola bilər. Ancaq bu mitinq son zamanlar keçirilən mitinqlərin ən yaxşısı idi. İstər əhval-ruhiyyə, istər hazırlanan təbliğat materiallarının, plakatların yerləşdirilməsi baxımından. Ancaq elə məsələlər var ki, onları daha yaxşı eləmək olardı. Sözsüz ki, mitinqi ideal formada hazırlamaq da asan məsələ deyil. Çalışacağıq ki, bundan sonrakı mitinqlər daha yaxşı olsun”. 

Səslənən çıxışlara gəldikdə, A.Quliyev dedi ki, hər kəs özünə cavabdehdir: "Burada kiməsə demək olmaz ki, sən bu cür çıxış elə. Cəmiyyət məsələni bu cür qəbul etməlidir ki, hər kəs özünün siyasi mövqeyini, baxışını və səviyyəsini nümayiş etdirir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA