"Təhlükəsizlik yastığı mövcuddur və bu, imkan verəcək ki..." - Zahid Oruc hökumətin hər ssenariyə hazır olduğunu deyir

img

09-03-2020 [18:47]


Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc dünya bazarında neftin kəskin ucuzlaşmasının yarada biləcəyi təsirləri şərh edib.

Mərkəz rəhbəri «Turan» agentliyinə deyib ki, qiyməti qismən yüksək səviyyədə saxlamaq mümkün deyildi: "İstər ABŞ-da, istər Yaxın Şərq ölkələrində neftin hasil olmasının maya dəyəri fərqlidir. Hesab edirəm ki, neftin qiymətinin belə düşməsi siyasi qərarın nəticəsidir. Çox az müddət sonra real iqtisadi tələblər siyasi konyunkturanı üstələyəcək, yenidən sabit və qərarlaşmış rəqəmləri görəcəyik".

Zahid Oruc bildirib ki, Azərbaycan 2019-cu ildə öz neftini büdcədə müəyyən edilmiş qiymətdən xeyli baha sata bilib və xeyli əlavə ehtiyatlar yaradıb. Onun fikrincə, belə olan təqdirdə kəskin düşüş valyuta ehtiyatlarını eyni sıçrayışla azalda bilməyəcək:

«Əksinə, təhlükəsizlik yastığı mövcuddur və bu, imkan verəcək ki, hökumət iqtisadi-maliyyə siyasətini sabit şəkildə idarə edə bilsin. Bununla da neftin qiymətinin düşməsi manatın mövqeyinə təsir edə bilməyəcək və devalvasiya olmayacaq».

Z.Orucun deməsinə görə, hökumət bu prosesləri proqnozlaşdırırdı, hər cür ssenariyə hazırlıq var və bununla bağlı real planlar, proqramlar mövcuddur.

Onun fikrincə, virtual aləmdə müəyyən qüvvələr iqtisadi sabitliyin pozulacağı ilə bağlı əhaliyə təsir göstərmək yönündə fəaliyyət həyata keçirilər: «Amma əminəm ki, hökumət ictimaiyyəti baş verənlərin ölkənin valyuta imkanlarına təsir etməyəcəyinə inandıraraq bu mərhələni uğurla keçəcək».

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan büdcəsində neftin bir barreli 55 dollardan götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR