DTX-nın əməliyyat keçirdiyi, Prezidentin isə azad etdiyi icra başçısı... - İsmayıl Vəliyev haqda maraqlı məlumatlar yayılır

img

21-02-2020 [13:36]


DTX-nın dünən Neftçala İcra Hakimiyyətində əməliyyat keçirərək, rayonun icra başçısı İsmayıl Vəliyev başda olmaqla, bir neçə vəızifəli şəxsi saxlaması haqda media və sisial şəbəkədə intensiv xəbərlər yayılır.

Mia.az xatırladır ki, məsələ ilə bağlı DTX da dünən açıqlama verib.

Həmin məlumatda əməliyyatın keçirildiyi, bəzi vəzifəli şəxslərin rüşvət aldığına dair istintaq aparıldığı, habelə həbslərin olduğu qeyd edilsə də, konkret olaraq kimlərin saxlanıldığı barədə bilgi verilməyib.

Xidmətdən yalnız onu bildiriblər ki, bununla bağlı geniş açıqlama veriləcək.

Mia.az xəbər verir ki, bu açıqlamadan az sonra Prezident İlham Əliyev İsmayıl Vəliyevin icra başçısı vəzifəsindən azad olunması haqda sərəncam imzalayıb.

Bütün bunlarla yanaşı, İsmayıl Vəliyevin idarəetmə sistemində təsadüfi adam olmadığı haqda məlumatlar da yayılır.

Onlardan birinin də İsmayıl Vəliyevin Xızının icra başçısı Xəzər Aslanovla yeznə-qayın, digəri onun Azərbaycan Respublikasının sabiq Baş prokuroru İsmət Qayıbovun bacısı oğlu olmasıdır.

Bu fakt onu göstərir ki, İ.Vəliyev hakim qollarda ciddi əlaqələrə sahibdir.

Bunu onun maraqlı tərcümeyi-halı da göstərir. Diqqət çəkən odur ki, İ.Vəliyevin tərcümeyi-halında onun 1994-cü ildən sonra qısa müddət işsiz qalması və Kəmaləddin Heydərovun Gömrük Komitəsi sədri təyinatından sonra bu qurumdan vəzifə alması sayıla bilər. Məlumata görə, onun oğlanlarından biri də hazırda FHN-də yüksək vəzifə tutur...

Sabiq başçısının tərcümeyi-halı bu və ya digər məqamlara aydınlıq gətirə biləcəyindən onu təqdim edirik:

O, 31 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1981-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, əmək fəaliyyətinə 1981-ci ildə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri kimi başlayıb.

Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 1985-1991-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bağışlama şöbəsində məsləhətçi, hüquq şöbəsində böyük məsləhətçi, baş mütəxəssis, Qanunvericilik və hüquq şöbəsində sektor müdiri vəzifələrində işləyib.

1991-1992-ci illərdə "İlk Bank" səhmdar-kommersiya bankının idarə heyətinin sədri, "Mejbankovskoye Obedinenie" səhmdar bankında bank şurasının sədri vəzifələrində işləyib. 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində 28 mart 1995-ci il tarixdən 24 may 1995-ci il tarixədək Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavini, 24 may 1995-ci il tarixdən 29 may 1996-cı il tarixədək həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi,21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.

01 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək "Petrogeoaz" məhdud məsuliyyəti cəmiyyətinin baş direktoru vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2005-ci il tarixli 970 nömrəli sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2011-ci il tarixli 1470 nömrəli sərəncamı ilə Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ailəlidir, 2 övladı var.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR