“Məni söyməyi bitirəndə, xəbər edin..." - Yeni deputat

img

11-02-2020 [13:21]


“Məni söyməyi bitirəndə, xəbər edin, birlikdə işləyək. Sizə lazım olacağam, elə siz də mənə lazım olacaqsınız”. 

Bu sözləri Respublikaçı Alternativ Partiyasının (REAL) yetkilisi, yeni deputat Erkin Qədirli bildirib.

Erkin Qədirli fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən “ REAL Cümhuriyyətçilər” blokunun namizədi olub. Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı nəticələrə görə 35.6 faiz səslə qalib gəlib.

Seçkidən sonra mətbuat konfransı keçirərək halal qazandığını deyən Erkin Qədirli mandatdan imtina etməyəcəyini bildirib. 

Bundan əvvəl isə hansı hallarda mandatdan imtina edəcəyini açıqlamışdı: “Dedi-qodulara deyil, ölçüləbilən nəsnələrə birlikdə baxarıq. İndidən bildirirəm ki, deputat seçilməyim aşağıdakı hallardan birinin baş verməsi fonunda elan olunarsa, deputatlığımdan imtina edəcəyəm: 

1) ATƏT-in mənfi rəyi;

2) dairəmdə karusel və/və ya bülletendoldurma;

3) dairəmdə yerləşən iki hərbi hissədə olan (seçki dislokasiyaları dəyişdirilməsə) şəxsi heyətinin səslərinin mənim xeyrimə yazılması;

4) protokollardakı nəticələrin mənim xeyrimə saxtalaşdırılması”.

İndi ictimai-siyasi seqmentin müxalif kəsimi onu vədinə xilaf çıxmaqda ittiham edir. Ona iradlar bəzi hallarda əndazəni aşır. 

Erkin Qədirli isə təhqirlərə önəm vermədiyini deyir: “Söyüşlərinizə önəm vermirəm. Məni söyməyinizə baxmayaraq, mənimlə rahat ünsiyyət saxlaya bilərsiniz, çünki bundan sonra mənim sizə vəzifə borcum olacaq. Qarşıda çoxlu iş var. Yaxşı işlər yavaş görülür”.

Yenisabah.az


Digər xəbərlər
SON XƏBƏRLƏR