"İdbar sifətlər zorla yenə deputat ediləcəksə..." -  Elxan Şükürlüdən TƏHLİL

img

30-01-2020 [23:28]


Növbədənkənar parlament seçkilərinin keçirilməsinə sayılı günlər qalıb. Belə ki, yanvarın 17-də başlayan təbliğat-təşviqat kampaniyasına fevralın 8-də yekun vurulacaq və onun səhərisi gün seçkilər keçiriləcək. 

Budəfəki seçki kampaniyasında əsas diqqət çəkən məqamlardan biri odur ki, namizədlərin əksəriyyəti təbliğat-təşviqat kampaniyasını daha çox sosial şəbəkələr üzərindən aparır. 

Belə təbliğat növü nə dərəcədə səmərəlidir? 

Digər sual: 9 fevraldan sonra hansı mənzərənin şahidi olacağıq? 

Mövzunu AYNA-ya şərh edən “Strateq.az” analitik-informasiya saytının rəhbəri, siyasi şərhçi Elxan Şükürlü hesab edir ki, seçkilərin nəticələri hakimiyyətin islahatlar siyasətinə yekun qiymətin verilməsi baxımından çox önəmli olacaq: “Baxmayaraq ki, YAP-ın namizəd siyahısı Prezidentin elan etdiyi sürətli islahatlar kursuna qeyri-adekvat şəkildə hazırlanıb, ancaq hələ də ümid var ki, son anda hakimiyyət yeni simaların Milli Məclisə düşməsinə, parlament vitrininin maksimum yenilənməsinə çalışacaq. Yox, əgər hər şey yenə də köhnə qaydada davam edəcəksə, yəni inzibati resurslar cəmiyyətin üzünə baxmaqdan doyduğu idbar sifətlərin zorla deputat edilməsinə səfərbər olunacaqsa, bu, sonradan çox ciddi fəsadlara gətirib çıxaracaq”.

“Parlament seçkilərinin erkən keçirilməsinə rəsmi səbəb kimi qanunvericilik orqanının hakimiyyətin islahatlar siyasətinə uyğunlaşdırılması göstərildi. Deməli, bu, Milli Məclisin yeni tərkibində də mütləq şəkildə öz əksini tapmalıdır. Onsuz da hakimiyyətin arzulamadığı, parlamentdə görmək istəmədiyi şəxslərin əksəriyyəti, xüsusən də müxalifətin ifrat radikal cinahının təmsilçiləri bu seçkilərə qatılmayıblar. Yarış, bir növ, hakimiyyətə təhlükə törətməyən namizədlər arasında gedir. Ona görə də hakimiyyət maraqlı olmamalıdır ki, kimisə keçirmək üçün əvvəlkitək kütləvi saxtalaşdırmaya, ifrat qanun pozuntularına əl atılsın. Əl atılacaqsa, bu, islahat siyasətinə kölgə salmaqla yanaşı, hakimiyyətin öz müdafiəçilərinin narazı düşməsinə, onların tədricən müxalif tərəfə meyillənməsinə gətirib çıxara bilər”, - politoloq bildirib.

Buna baxmayaraq, Şükürlü bugünə qədərki seçki təcrübəsinə əsaslanaraq, seçici fəallığının 9 fevralda da aşağı olacağını proqnozlaşdırır: “İndiyə qədər həmişə vətəndaşın yerinə hökumət “seçib”. Bu səbəbdən də əhalidə seçicinin iradəsinin heç nəyi həll etmədiyi fikri hakimdir. Bununla belə, ilk dəfə olaraq namizədlərin “xüsusi ələnmə” olmadan qeydə alınması, yəni namizəd olmaq istəyənlərin, demək olar, hamısının qeydə alınması və bu namizədlərin də daha çox sosial şəbəklər üzərindən fəallıq göstərmələri ictimi diqqəti 9 fevrala fokuslaya bilib. Namizəd bolluğu ona imkan yaradır ki, əgər əvvəllər seçici fəallığı görüntüsü yaratmaq və kimisə deputat etmək üçün icra strukturları “karusellər” təşkil edirdisə, indi bu görüntünü namizədlərin özlərinin tərəfdarları yaradacaqlar”.

Müsahibimiz bu seçkilərdə namizədlərin təbliğatlarını daha çox sosial şəbəkələrdə qurması faktını yenilik kimi qiymətləndirməklə bərabər, onun müsbət və mənfi tərəflərinə də toxunub: “Normal seçki kampaniyası xeyli maddi vəsait tələb edir. Azərbaycan reallığında isə bu vəsaitin kimlərdə olduğu bəllidir. Hətta, nisbətən demokratik seçki şəraiti olarsa, elə həmin pul-para sahiblərinin daha çox adam gətizdirib deputat seçilmək ehtimalı var. Bəzi dairələrdə artıq bunu müşahidə edirik – seçkiyə külli miqdarda maliyyə vəsaiti yatıranlar, görüşlərinə pulla adam toplayanlar, pulla seçici siyahısını indidən tutanlar var. Maliyyə və insan resursu olmayanlar, xüsusən də gənc namizədlər isə daha çox sosial şəbəkə hesablarından təbliğata üz tuturlar”.

“Ancaq sosial şəbəkə aktivliyi az vəsait xərcləməklə yaxşı görüntü yaratmaq baxımından effektli olsa da, yetərli deyil və seçki günü konkret dairə ərazisində seçici ilə kimin işini düz qurmasından çox şey asılıdır. Azərbaycanda sosial şəbəkə istifadəçilərinin əksəriyyəti əyləncə ruhlu gənclərdir, seçkiyə maraq göstərənlər isə nisbətən orta və yaşlı nəsildir. Hər namizəd öz dairəsində nə qədər gənc və yaşlı seçicisinin olmasınadək araşdırmalı, ona görə təbliğatını qurmalıdır”, - siyasi şərhçi deyib.

E.Şükürlü sosial şəbəkələrin seçkilərdəki qanun pozuntularının və saxtakarlıqların qeydə alınıb işıqlandırılmasında əvəzsiz və müstəsna rol oynayacağını gözlədiyini deyib: “Hər namizəd və ya onun tərəfdarı özünü haqlı çıxarmaq, uduzmasının ədalətsiz olduğunu göstərmək üçün mümkün qədər çox sayda qanun pozuntusunu qeydə almağa və onu sosial şəbəkələrdə yaymağa çalışacaq. Müasir texnologiylar isə bu işdə əvəzsiz silahdır. Şübhəsiz ki, namizədlərin sosial şəbəkələrdə yaydıqları bu qanunsuzluqlar bütövlükdə seçki prosesini kölgə altına almaq istəyən bütün maraqlı tərəflərin diqqətini çəkəcək və onlar bu faktlardan hakimiyyətin əleyhinə yararlanmağa çalışacaqlar”.

“Ona görə də, mən düşünürəm ki, əgər hakimiyyətdə ağıllı siyasi texnoloqlar varsa, onlar imkan verməməlidirlər ki, icra strukturları yenə də hansısa ticarət obyekti sahiblərinin, idbarsifətlilərin, “Molotov kokteyli” ilə “kotlet”in fərqini bilməyəcək qədər gerizəkalıların, səngərə dombala-dombala girmək yolu kimi baxanların və ya qolundan 3 nəfərin tutmasıyla oturub-duranların parlamentə düşməsi üçün kütləvi saxtlaşdırmalara əl atsınlar. Dediyim kimi, saxtakarlıqlar olacaqsa, bu hal hökumətin islahat siyasətinə kölgə salmaqla, “köhnələr”ə haqq qazandıracaq və müxalifəti gücləndirəcək. Parlament seçkiləri normal keçsə və müsbət beynəlxalq rəy əldə edilsə, bu, yaxın gələcəkdə yeni və sivil iqtidar-müxalifət münasibətlərinin formalaşmasına da təkan verəcək”, - deyə E.Şükürlü əlavə edib.

Ayna.az


Digər xəbərlər
SON XƏBƏRLƏR