EYNİ DAİRƏDƏ BİR-BİRLƏRİ İLƏ "RİNQ"ə ÇIXAN PARTİYADAŞLAR: onlar kimlərdir? - SİYAHI

img

29-01-2020 [13:39]


Fevralın 9-da keçiriləcək parlament seçkilərində nə qədər maraqlı olsa da, bəzi dairələr üzrə bir partiyanın bir neçə namizədi mandat uğrunda mübarizə aparır.

Elə o üzdən dairələr üzrə rəqiblərin kimliyi, onların hansının daha şanslı olması cəmiyyətdə böyük müzakirəyə səbəb olub.
Bu və ya digər məqamları nəzərə alaraq, Mia.az həmin dairələr üzrə siyasilərlə bağlı qısa araşdırma aparıb.

Bəlli olub ki, eyni dairədə bir-birlərinə qarşı mübarizə aparan partiya üzvləri arasında çoxluq hakim partiya olan YAP-a məxsusdur. Lakin YAP-ın xəbərdarlığından sonra onların çoxu ya geri çəkilib, ya da siyasi mənsubiyyətlərini gizlədərək, “bitərəf” adı ilə seçkidə mübarizələrini davam etdirirlər. 

Bir neçə dairədə isə müsavatçı namizədlər bir-birləri ilə “döyüş”ə çıxsa da, sonradan onlar da geri çəkiliblər.

Xatırladaq ki, bir neçə gün əvvəl YAP İcra katibinin müavini Siyavuş Novruzov bildirib ki, partiyanın rəsmi siyahısndan kənar seçkiyə qatılmış üzvlərlə bağlı sərt təıdbirlər görüləcək.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası seçkiyə 123 rəsmi namizədlə qatılıb. Hakim partiya yalnız iki dairədən - Naxçıvan Muxtar Respublikasında 3 saylı seçki dairəsindən və Xankəndi seçki dairəsindən namizəd irəli sürməyib.

Seçkiyə qatılmış digər ən çox namizədi olan partiya isə Müsavatdır. Partiya 60 dairə üzrə namizəd verib.

Beləliklə, Mia.az dairələr üzrə bir-birləri ilə eyni dairədə “rinq”ə çıxan, yaxud sonradan geri çəkilmiş partiya üzvləri haqda qısa araşdırmanı təqdim edir:

3 Saylı Babək-Gəngərli –Naxçıvan seçki dairəsindən YAP deputat, “həmkarlar”ın sədri Səttar Mehbalıyevə görə rəsmi namizəd irəli sürməyib. Onun hər iki rəqibi – Babak rayonunun Didivar kənd orta məktəbinin direktoru Hüseynqulu Bədəlovla həmrayonlusu, Gəngərli rayon Melorasiya və Su Təsərrüfatı idarəsinin rəisi Nəriman Quliyev də YAP üzvləridir. Yəni iki YAP-çı burada bir bitərəfə qarşı mübarizə aparacaqlar.

16 saylı Yasamal ikinci seçki dairəsi üzrə YAP Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi Səfərov İlham İlyas oğlunun namizədliyini irəli sürsə də, burada YAP-ın bitərəf kiimi seçkiyə qatılmış digər YAP-çı da var. O, "RX SƏRDAROĞULLARI HOLDİNG" MMC-nin meneceri adı ilə seçkiyə qatılmış YAP Nizami rayon təşkilatının İdarə heyətinin və Siyasi Şurasının üzvü Ramin Əhmədovdur. 

66 saylı Biləsuvar seçki dairəsindən YAP rayonun Heydər Əliyev Mərkəzinin direktoru Şahbazova Səyalə Əhmədağa qızının namizədliyini verib. Lakin bu dairədən Müsavatın iki rəsmi namizədi olub. Maraqlı budur ki, bir neçə gün əvvəl müsavatçı Eldar Soltanlı partiyadaşı Yusif Mehdinin xeyrinə geri çəkilib.

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən də Müsavat partiyası iki namizəd irəli sürüb. Lakin sonradan namizıdlərdən biri o birinin -  partiyadaşı Əlipənah Rzalının xeyrinə geri çəkilib. Bu faktor da həmin dairədən iqtidarın yaşıl işıq yandırdığı VHP-çi Fəzail İbrahimli üçün çətin sınaq yaradacaq.

Qeyd edək ki, MSK sədfri Məzahir Pənahov da bəzi dairələrdən partiya üzvlərinin seçkiyə siyasi mənsubiyyətlərini gizlədərək, qatılması faktını qabardıb. O, hətta partiyalara müraciət edərək, büllütenlərin çap olunmasına qədər bununla bağlı MSK-ya müraciət etməyi tövsiyə edib: "Əks halda onlar büllütenlərdə bitərəf kimi göstəriləcək".

Bu açıqlamadan da görünür ki, hazırda namizədlər arasında siyasi mənsubiyyətini gizlədərək, seçkiyə qatılmış olduqca çox namizəd var. İddialara görə, həmin namizədlərin çoxu YAP-çılardır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR