Bəylər Əyyubovun həbs edilən bacısı oğlunun babası müraciət yaydı

img

17-09-2013 [22:48]


Xəbər verildiyi kimi, Prezidentin mühafizı xidmətinin rəhbəri, general Bəylər Əyyubovun bacısı oğlu Osman İsayev və onun bir neçə yaxını xırda dava-dalaşla bağlı həbs olunub. 

Həbsin detalları ilə yanaşı, onların məhkəmələri də cəmiyyətdə maraqla qarşılanır. Tutulanların Xətai Məhkəməsində keçirilən son prosesdə söylədiklərinə görə, onlar özlərini təqsirli bilmirlər.

Maraqlı məqamlardan biri də budur ki, son məhkəmədən az əvvəl generalın bacısının qayınatası Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət də edib.

Mia.az olaraq Osman İsayevin babası Abdolbari Sultan oğlu İsayevin və tutulanların analarının müraciətlərini ard-arda olduğu kimi təqdim edirik:

"Çox hörmətli Mehriban xanım! 

  Mən, 85 yaşlı Abdolbari Sultan oğlu İsayev və həyat yoldaşım, 83 yaşlı Gülzar Həsən qızı İsayeva əslən Qərbi Azərbaycanın Vedi rayonunun Kiçik Vedi kəndindənik. Tanınmış ailələrdə doğulsaq da, başımız çox müsibətlər çəkib. Erməni daşnaklarının son fitvasından sonra doğma od-ocağımızdan didərgin düşmüşük. Ayrılıq həsrəti dəhşət olduğundan göz yaşlarımız hələ də qurumayıb. Günümüz xəstəxanalarda və həkim nəzarətində keçir. Bu gün də ağır xəstəyəm və Bakı şəhərindəki 5 saylı xəstəxananın reanimasiya şöbəsində müalicə olunuram.

Bütün bunlar azmış kimi, saysız-hesabsız dərd-kədərimiz üstünə biri də qalaqlanıb. Özümdən çox istədiyim və toyu yenicə olmuş nəvəm Osman İsmayıl oğlu İsayevi polislər bir neçə ay əvvəl həbsxana divarları arxasına atıblar. Günahı isə, o olub ki, o, dostları ilə bərabər Bakının Xətai rayonundakı "Yeni Həyat” restoranında uşaqlıq edərək, mübahisə ediblər. Onlardan heç bir şikayyətçi də yoxdur. Nəvəm həbsxanada olarkən, onun körpəsi dünyaya gəlib. Hələ balasının üzünü də görməyib. Bu, ədalət prinsipləri ilə idarə olunan bir ölkənin qanunları çərçivəsinə sığmır. Çünki dövlət ittihamçısı heç bir tutarlı səbəb olmadan nəvəmə dostları qarışıq 3-5 il arası iş istəyərək, onların həyatlarını korlamaq istəyib. 

Nəvəmin atası İsmayıl İsayevin və anası Narifə Həsən qızı İsayevanın da göz yaşları qurumur. Bu dəhşət onları stressə salıb, normal yaşayışlarını pozub.

Çox hörmətli Mehriban xanım!

Xahiş edirik, bütün saləhiyyətlərinizdən istifadə edib, sentyabrın 3-də olacaq son məhkəmə prosesində nəvəmin və onun dostlarının həyatlarının korlanmasına imkan verməyə, prosesin ədalətlə başa çatmasını nəzarətinizdə saxlayasınız! 

Hadisə haqqında daha ətraflı məlumat almaq üçün məni və həyat yoldaşımı qəbul etməyinizi Sizdən xahiş edirik (Həbs olunmuş gənclərin analarının Sizə ünvanladıqları məktubu da müraciətimə əlavə edirəm).

Onu da nəzərinizə çatdırım ki, nəvəmin ata-baba tərəfi kimi, ana tərəfi də Azərbaycanda tanınmış şəcərə-nəsil davamçılarıdır. Və həmişə Ulu Öndərimiz Heydər Əliyevin tərəfdarları kimi yaxşı tanınıblar. Ölkə rəhbəri postunda onun layiqli davamçısı İlham Əliyev cənablarının da uğurlu daxili və xarici siyasətini həmişə ürəkdən bəyəniblər. Qarşıdan gələn prezident seçkilərində hamımız bir nəfər kimi onun namizədliyini dəstəkləyəcəyik.

Kömək üçün Sizə qabaqcadan minnətdarıq!

Səmimi hörmətlə,

Abdolbari Sultan oğlu İsayev".

****

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti
MEHRİBAN XANIM ƏLİYEVAYA

Çox hörmətli Mehriban xanım!

Bu məktubu Sizə övladları bilməyərəkdən həbsxana divarları arxasına düşmüş dörd ana imzalayıb. O analar ki, həmişə Ulu Öndər Heydər Əliyevin fanatı olublar. Biz bütün ailəmizlə bərabər həmişə möhtərəm İlham Əliyev cənablarının ölkə prezidenti postunda uğurlu siyasətini də ürəkdən dəstəkləmişik. 

Xahiş edirik övladlarımızın Xətai rayon Məhkəməsindəki məhkəmə prosesini nəzarətə götürəsiniz! Çünki hökm oxunacaq son prosesdən əvvəl dövlət ittihamçısı heç bir ciddi əsas olmadan övladlarımızın hər birinə üç-beş il arası azadlıqdan məhrumetmə cəzası istəyib. Bu, heç bir qanun çərçivəsinə sığmır və ədalətli bir dövlətin prinsiplərini özündə əks etdirmir. 

Təqribən üç-dörd ay əvvəl oğlanlarımız İsayev Osman İsmayıl oğlu, Həsənli Rauf Orxan oğlu, Şirəliyev Amil Malik oğlu və İsayev Sultan Xaliq oğlu Bakının Xətai rayonundakı "Yeni Həyat” restoranınıda cavanlıq edərək, mübahisə edib və buna görə tutulublar. Nəzərinizə onu da çatdırırıq ki, indi onlardan heç kəs şikayətçi deyil.
Səlahiyyətlərinizdən istifadə edərək, övladlarımızın azad edilməsinə kömək etməyinizi bir ana kimi Sizdən dönə-dönə xahiş edirik. Çünki onların hamısı cavandırlar. Yenicə evləniblər və nə etdiklərini özləri də başa düşməyiblər. Hətta, Osman İsayevin həbsxanada olarkən körpəsi dünyaya gəlib və o, öz balasının üzünü hələ də görməyib. Bütün bunları nəzərə almağınızı xahiş edirik!

Kömək üçün Sizə qabaqcadan minnətdarıq və seçkilərdə bütün ailə və nəslimizlə İlham Əliyevi dəstəklədiyimizi bildiririk.

Çox xahiş edirik ki, biz anaları humanistlik edib qəbul edəsiniz!

Səmimi hörmətlə,
İsayev Narifə Həsən qızı,
Əliyeva Nərminə İslam qızı,
Şirəliyeva Sərfil Fərman qızı,
  İsayeva Marina Məmmədəliyevna".

araz.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub