Cəmil Həsənlinin seçkiöncəsi vəziyyətlə bağlı ilk media hesabatı

img

16-09-2013 [16:23]


Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli bu gün seçkiöncəsi vəziyyətlə bağlı mətbuat konfransı keçirib. Müsavat Partiyasının qərargahında baş tutan mətbuat konfransında Cəmil Həsənli və Eldar Namazovun London səfəri, Cəmil Həsənlinin Tiflisdə Rüstəm İbrahimbəyovla görüşü haqda məlumat verilib.

Virtualaz.org-un məlumatına görə, mətbuat konfransında çıxış edən C.Həsənli R.İbrahimbəyovun vahid namizəd ola bilməməsindən sevinən və Milli Şuranın dağılacağını düşünən şəxslərə səslənib: "Əsasən hakimiyyətə yaxın olan mətbuat orqanlarında Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı halda Milli Şuranın dağılacağını deyirdilər. Amma biz bu çətin vəziyyətdən uğurla keçdik və fəaliyyətimizi uğurla davam etdiririk”.

Milli Şuranın vahid namizədi bildirdi ki, London səfərində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlərində Azərbaycandakı seçki qabağı vəziyyət, seçki üçün yaradılan şərait, siyasi məhbuslarla bağlı geniş müzakirələri olub: "Britaniya səfirliyində də görüşümüz oldu. Bu görüşdə Azərbaycan-Britaniya münasibətləri, seçki ərəfəsində ölkədəki vəziyyət ətraflı şəkildə müzakirə olundu. BBC-nin ofisində də görüşümüz oldu. Milli Şuranın vahid namizədi olaraq ölkədəki siyasi proseslər, insan haqları, siyasi məhbuslar, sosial-siyası həyat, London görüşlərimiz haqda ətraflı məlumat verdim”.

Cəmil Həsənli Tiflis görüşü haqda danışarkən dedi: "Biz fikirləşirdik ki, Rüstəm İbrahimbəyovla Londonda görüşərək Milli Şuranın seçki strategiyası haqda müzakirələr aparaq. Amma müəyyən səbəblərdən Londonda bu görüş baş tutmadı. Biz bu görüşü Tiflisdə keçirməyi qərarlaşdırdıq. Tiflis görüşümüzdə Milli Şuranın seçki strategiyası müzakirə olundu. Müzakirələrimiz Milli Şura üçün faydalı oldu. Rüstəm İbrahimbəyov əvvəl olduğu kimi Milli Şuranın sədridir və fəaliyyətini davam etdirir. Mətbuatda Rüstəm İbrahimbəyovun Milli Şuradan getmək istəməsi haqda yazılan məlumatlar həqiqəti əks etdirmir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA