Siyasət ziyalıları yeyir...

img

11-01-2020 [20:27]


***

Sentimental və poetik elementlərdən istifadə edib, özünün hərəkətlərini insanların gözündə yüksəklərə qaldırmaq düzgün deyil. Qaldı ki milli qürurla bağlı məsələlərdə isə heç vaxt. Çünki müasir dünyada gənclər idraka deyil youtube-a baş vururlar. Orda da həddindən ziyadə seçim olsa da göz qamaşdırıcı baxışlar çox olduğundan onlara hadisələri düzgün dəyərləndirməyə imkan vermir. Onların bu durumu (idrak baxımından) o səviyyədə deyil ki, düzgün qərar versinlər.

Hörmətli C.Abdullayev, Sizin 30 ildən sonra 07.01.2020 tarixində haqqın.az saytında 1990-cı il 20 yanvar hadisəsi ilə bağlı xatirələriniz məni məcbur etdi ki, öz münasibətimi bildirim.

Sizin 1990-cı il Qanlı Yanvar günündən sonra etdiyiniz hərəkət mən deyərdim ki, meşə yananda quşun dimdiyində gətirdiyi yardım qədərdir. Çünki Azərbaycan 90-cı illərdə qaynayırdı. Elə oğullar vardı ki, canlarını verib, müstəqilliyə nail oldular. İki çamadan kitab aparmaqla rəhmətlik T.İsmayılov tərəfindən SSRİ Ali Sovetinin üzvlərinin stolunun üstünə qoyanda, o insan donuna girmiş iblislərin baxışlarının əsl mahiyyətini düzgün qiymətləndirmiş olsaydınız bu gün yəni 30 ildən sonra həmin hərəkətin nəticəsi olaraq yaddaşınıza hopmuş "ilin sonunda Azərbaycan müstəqilliyi elan olundu" ifadəsini heç çəkinmədən və tərəddüd etmədən bu cür asanlıqla cəmiyyətə yedirtməzdiniz.

Sizin təbirinizcə "ilin sonunda müstəqiliyimizin elan olunması" baxışı çox yanlış və tarixi təhrif etməkdir. Bu çox qorxuludur. Əgər desəydiniz ki bu prosesdə mənim də bir qatqım (imperalist gücün mənfur simasını açmaqda) olub, heç kəs sizin bu sözünüzə qıcıqlanmazdı, ən azı sizin bu münasibətinizə səmimi yanaşardı. Ancaq 20 yanvarla bağlı olan prosesləri, ona qədər baş verən hadisələri bu qədər kiçiltmək xalq yazıçısına yaraşmaz. Kim olursa olsun, heç kim bunu Sizə bağışlamaz. Bu həyatın qanunudur. Siyasət bu qanunları pozmaq üçün həmişə bir millətin oxumuşlarından istifadə edərək (şöhrət vasitəsilə) istəyinə nail olur, nəticədə həmin xalqın həm tarixi təhrif olunur, həm də gəncləri ən azı bizim gənclərin gününə qalır. Sonra zamana ehtiyac olur. Zaman da heç vaxt boş-boşuna hesablaşmır. Çox şərh vermək istəmirəm, ingilis filosofu Tomas Morun əsərindən yazdığı bir lövhəni xatırlatsam, yerinə düşərdi. Orta əsr İngiltərəsində mahud istehsalı çiçəklənərkən az qala hər şeyi qoyunlara qurban verirdilər. Çünkiqoyun yunu qızıldan qiymətli idi. Elə o vaxt ingilislər obrazlı şəkildə deyirdilər: "Qoyunlar insanları yeyir". Subyektləri dəyişsək deyərdim ki, bizdə də siyasət ziyalıları yeyir. Çoxunun üz-gözündən, danışığından da siyasət tökülür. Əgər o mənfur xislətli insanların mahiyyətini düzgün bilmiş olsaydıq bu günə qədər o qanlı günün qatilləri əllərini-qollarını yanlarına salıb sərbəst gəzməzdilər. Bu hadisələr o cəmiyyətlərdə baş verir ki, ziyalıları siyasi baxımından kar və kor olurlar.

30 ildən sonra, bir xalqın taleyində ən ağır faciənin baş verməsinə bu üslubda münasibət bildirmək, istər faciənin mahiyyətinə, istərsə də zamanın amansızlığına qarşı münasibətdə özünün etdiyi hərəkəti bu formada ictimaiyyətə çatdırmaq doğrusu bir vətəndaş kimi məni narahat etməyə bilməzdi.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR