ARİF HACILI İLƏ SƏRDAR CƏLALOĞLUNUN ÜZ-ÜZƏ GƏLDİYİ DAİRƏ: iqtidar qalmaqallı deputata dəstək verəcək, yoxsa...

img

11-01-2020 [12:51]


Fevralın 9-da keçiriləcək erkən parlament seçkiləri ilə bağlı namizədlərin təsdiqlənməsi mərhələsi hələ tam başa çatmamış, indidən bəzi dairələr cəmiyyətin xüsusi diqqətindədir.

Mia.az bildirir ki, belə dairələrdən biri də 15 saylı Yasamal birinci seçki dairəsidir.

Bəzi iddialara görə, həmin dairədən YAP-ın toplumda o qədər də tanınmayan Tibbi Universitetinin dosenti Rauf Nəriman oğlu Nağıyevin namizədliyini irəli sürməsi, iqtidarın bu dairədən tamam başqa bir şəxsi parlamentdə görmək istədiyi qənaəti yaradıb. Bəziləri iddia edir ki, bu, biznesmen-deputat, karateçi Ülvi Quliyevdir. Lakin həmin dairə üzrə Müsavat başqanı Arif Hacılının, ADP sədri Sərdar Cəlaloğlunun və digər tanınmış şəxslərin də namizədliklərinin təsdiqlənməsi göstərir ki, budəfəki seçki də Ülvi Quliyev üçün asan keçməyəcək.

Məlumata görə, hələlik 42 namizədin təsdiqləndiyi dairə üzrə AMİP funksioneri, əslən yasamallı Elşən Mustafayev, BAXCP rəsmisi, jurnalist Elçin Mirəzəbəyli, Elçibəyn qardaşı oğlu Hürrü Əliyev, "Əsa" teatrının təsisçisi Nihad Quluzadənin və digər tanınmış şəxslərin seçkiyə qatılması da, bu dairədə mübarizənin gərgin keçəcəyini göstərir: "Bəli, birmənalı şəkildə demək olar ki, MSK-nın açıqladığı namizədlər siyahısına diqqət etdikdə, ölkə üzrə  maksumum 40 dairədə ciddi və gərgin mübarizə keçəcək ki, onlardan biri də 15 saylıdır. Düzdür, çoxluq iddia edir ki, hakimiyyət resursları bu dəfə də biznesmen Ülvi Quliyevin qələbəsinə səfərbər ediləcək. Ancaq bu ehtimal bu dəfə keçərli olmaya bilər. Mənim fikirimcə, YAP-ın bu dairədən zəif namizəd irəli sürməsi, hələ o demək deyil ki, bu, Ü.Quliyev üçündür. Düşünürəm ki, haqqında kifayət qədər qalmaqallı xəbərlər yayılan, xaricdə və ölkə daxilində böyük biznesi olan, eyni zamanda, Prezidentin son zamanlar tikinti sektorunda şəhərin görkəminin bərbad günə qoyulmasını xüsusi qabartması da, deputat Ü.Quliyevin (Onun şəhərdə yüksəkmərtəbəli binalar tikdirməsi sirr deyil - red.) seçki imkanlarına mənfi çalar gətirən hallar olacaq. Əgər rəqibləri bu faktorlardan ustalıqla istifadə edərsə, o zaman vəziyyət daha da fərqli hal alacaq. Söz yox ki, Ü.Quliyev bu seçkidə  iri pullar xərcləməklə seçkiyə xüsusi rəng qatacaq. Lakin YAP-ın bəzi namizədləri kimi, sonda onun da adı qütudan qalib kimi çıxmaya bilər.

Hesab edirəm ki, ADP sədri Sərdar Cəlaloğlunun bu dairəyə yönləndirilməsi də, təsadüfi deyil. Düzdür, bu, Ülvi Quliyevə görə deyil, böyük ehtimalla Arif Hacılı faktoru ilə bağlıdır. Necə ki, Xətaidə İqbal Ağazadə ilə Rauf Arifoğlu üz-üzə gətirilib, bu dairədə də bu iki partiya sədri sanki məqsədli olaraq qarşı-qarşıya gətirilib. Böyük ehtimalla Sərdar Cəlaloğlu seçkidə uduzacağı təqdirdə, Arif Hacılıdan fərqli olaraq, rəqibinin əlini sıxacaq, onu təbrik edəcək ilk namizəd olaraq. Və bu da iqtidarın bu dairə üzrə "demokratik mühit" yaratma rəyini qüvvətləndirəcək".

Ehtimal olunan qalibə gəldikdə isə, ilkin rəyə görə, bu seçkidə əsas mübarizə yuxarıda adları qeyd edilənlər arasında gedəcək: "Hesab edirəm ki, hakimiyyətin bu dairə üzrə hələlik kimə dəstək verəcəyini konkretləşdirməyib. Bu, seçkinin gedişindən aslı olaraq, hər an dəyişə bilər. Bu dairədən Arif Hacılının da, Elşən Mustafayevin də, Nihad Quluzadənin də deputat seçilmək imkanları kifayət qədər çoxdur. İstisna deyil ki, hakimiyyət seçkiyə xüsusi çalar vermək üçün Arif Hacılıya mane də olmasın".


Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR